Göylər niyə zalım olsun?

Əkbər Qoşalı yazır

 

 

 

Döyüşdə ölmədim, deyəm,

Bayrağı örtün üstümə.

Üstündə son misram donmuş

varağı örtün üstümə.

 

Dön bax illərə, aylara,

Nəyim varsa para-para.

Qara günüm çoxdu, 

                               qara

torpağı örtün üstümə...

 

Ümidim yaralı bir quş,

Qolum-qanadım qırılmış...

Üşüyürəm... xəzəl olmuş

yarpağı örtün üstümə.

 

Göylər niyə zalım olsun?

Tale mənə zamin olsun.

Bir dərə məzarım olsun,

bir dağı örtün üstümə... -

 

bu şeirin müəllifi, görkəmli şair-publisist, 

Əməkdar mədəniyyət işçisi, Dövlət mükafatı laureatı Fikrət Sadığın dünən anım günü idi. 

(30.05.1930, Şamaxı - 16.11.2016, Bakı).

Ustadı sayğılarla anıram.

Ruhuna alqış!

 

“Ədəbiyyat və incəsənət”

(17.11.2023)