Bu gün Beynəlxalq həbsdə olan yazıçılar günüdür Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Mövzu çox maraqlı olduğundan onun üzərində bir qədər geniş dayanacağam, üzürlü sayın. Tarix boyu çox nəhəng yazıçılar olub ki, hakim rejim onları dəmir barmaqlıqlar arasına salıb. Məsələn, məşhur ispan Migel de Servantesə 1594-cü ildə Papanın İspaniya xidmətində vergi yığmaq tapşırılıb, o, vergini toplayıb bir tacirə saxlamağa verib, tacir də özünü bankrot elan edib pulu qaytarmayıb, nəticədə taciri də, yazıçını da həbs ediblər. Sevilya türməsinə salınan Servantes Don Kixot barədə romanını da elə orada yazıb.

Məşhur rus yazıçısı Fyodr Dostoyevski 1849-cu ildə çarı devirmək uğrunda mübarizə aparan Petraşevski dərnəyinə üzv olduğu üçün həbs edilib, 8 ay çəkən istintaqdan sonra ona güllələnmə hökmü kəsilib. Yazıçının başına torba keçirilib, tüfəngin tətiyi çəkilən anda çar Nikolayın əmri gəlib ki, güllələnmə həbslə əvəz edilsin. Beləcə, Dostoyevski Omsk həbsxanasına etap olunub, sərasər 5 il orada yatıb. Həbsxana dövründə “Ölü evdən qeydlər” povestini yazıb.
Məşhur irlandiyalı yazıçı Oskar Uayld 1895-ci ildə “mənəviyyatsızlıq” hökmü ilə həbs olunub. Bu hökmü ona “uşaqbazlığın və homoseksual əlaqələrin təbliğinə görə” veriblər, dustaqlıqda ağır işgəncələr altında yaşayan yazıçı bir neçə həbsxana dəyişəsi olub, “Redinq həbsxanası barədə ballada” onun həbs həyatının bədii şəkildə əksidir.

O’Henri  (əsl adı-soyadı Uilyam Porter) - həbs həyatı yaşamış növbəti məşhur yazıçı da Oskar Uayldla eyni ildə həbs edilib. Bankda kassir işləyən O’Henri o dövr üçün həddən artıq böyük məbləğ hesab edilən 1150 dolları mənimsəməkdə ittiham edilib, həbs sanksiyası çıxarılanda özünü günahkar bilmədiyindən ölkədən qaçıb, Meksikada sığınacaq tapıb. Amma 3 ildən sonra sevimli həyat yoldaşının dəfni üçün vətənə gələndə həbs edilib, Kolumbus həbsxanasında 3 il 4 ay cəza çəkib. Orada 14 hekayə yazıb və onları öz adı ilə dərc etməyə utanıb, O’Henri təxəllüsündən ustifadə edib.

Və ən nəhayət, rus yazıçısı Aleksandr Soljenitsin. 2-ci dünya müharibəsi zamanı ön cəbhədə vuruşan yazıçı dostu ilə məktublaşanda açıqfikirlilik nümayiş etdirmiş, baş verən haqsızlıq və ədalətsizliklərdən söz açıbmış, məktubların oxunmasından xəbərsiz olan yazıçı 1945-ci ilin fevralında həbs olunmuşdu, 8 il həbs, ardınca ömürlük sürgün cəzası almışdı. Onu Marfinoda, “Yeni Qüds” düşərgəsində saxlamışdılar. Sonra Butırka həbsxanası, nəhayət, 1953-cü ilin fevralında azadlıq. Marfinodakı sürgün həyatından bəhs edən “Birinci çevrədə” romanı yazarın ən məşhur romanıdır.

Stalin repressiyası onlarca yazıçımızı həbsə atmışdı, həmin qanlı-qadalı tarix əsla unudulmaz. Yaxın tarixdə bizə peşəkar fəaliyyəti ilə bağlı yazıçı Çingiz Ələkbərzadənin həbs edilməsi məlumdur, eləcə də milli azadlıq hərəkatı dönəmində Kremlin şair Xəlil Rzanı həbs edib Lefortovo həbsxanasına salması.

Arada bir-iki digər yazıçı da həbsdə olub, buraxılıb. Amma onların “statyaları” ağır olduğundan (məsələn, dələduzluq) adlarını çəkməyə ehtiyac duymuram. Bu son dönəmdə isə yazıçı Əjdər Ol həbsdədir. O, həbs edilən sosial müdafiə naziri Səlim Müslümovun icra apparatının müdiri kimi korrupsiya ittihamı ilə üzləşib. Bizim xalqın gözəl bir deyimi var, həbsə düşən barədə deyirik ki, Allah qapısını açsın. O, qələm əhlidirsə, uzun illər mənəviyyat təbliğatçısı olubsa, bu niyyət ikiqat gücüylə səslənməlidir.

 

“Ədəbiyyat və incəsənət”

(15.11.2023)