QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı Featured

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

58-Cİ DƏRC

 

Tarixçi-etnoqrafçının bu sözləri tamaşıçıların eynini açdı, onlar gülüşdülər. Xidmətçinin gətirdiyi iki stəkan suyu başına çəkib tarixçi-etnoqrafçı çıxışının son hissəsinə keçdi:

-Həmin abidələrdən  biri Menhirlərdir. Menhirin hazırkı ingilis dilində işlənməsi və “uzun daş” anlamı daşıması da çox maraqlıdır. . Menhir qəbilə quruluşu dövrünün məhsulu olub, ölən adamın qəbiri üzərində dik basdırılmış, bir növ heykələ oxşar daşdır. Adətən belə daşları qəbilə başçılarının qəbirlərinin üzərində qoyurdular. Qədim dini əqidəyə görə, guya ölən adamın ruhu bədəni tərk edir və həmin adamın ruhu daşa keçir və orada əbədi yaşayırdı. Xocalı abidələri içərisində nadir yadigarlardan biri də kromlexlərdir. Kromlex dairəvi düzülmüş bir neçə dik və onların üzərinə qoyulmuş bir ədəd köndələn daşdan ibarətdir. Yenə də dini əqidəyə görə bu abidələr axirət evi adlanır. Bütün bu abidələr yerli əhalinin, eləcə də əraziyə yaxın böyük bir akvatoriyanın mənəvi mədəniyyət tarixini öyrənmək üçün son dərəcə böyük elmi əhəmiyyət kəsb edir. Nəhayət göstərməliyik ki, Azərbaycanda ən qədim yazı da Qarabağda aşkar edilmişdir. Belə ki, Xocalıda tətbiq olunan 11 saylı kurqandan üzərində mixi yazısı olan bir ədəd kiçik muncuq tapılmışdır.

Ermənilər əyləşən sıradan “Çox uzatdınız e” etirazı gəlsə belə (akademikin səsi idi yenə) alim çıxışını daha yüksək tonda davam etdirdi:

-Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinin izi ilə məşğul olan bir çox Qafqazşünas alim təkcə Azərbaycanın deyil ümumiyyətlə Yaxın Şərq ölkələrinin maddi mədəniyyət tarixi ilə əlaqədar bir sıra problemlərin həllinə yaxınlaşmaq üzrəydilər. Bu problemlərdən biri 3-4 min il bundan əvvəl yaxın Şərq ölkələrinin bir-biri ilə mədəni və iqtisadi əlaqələrinin səviyyəsini öyrənmək idi. Xocalı abidələri sübut edirdi ki, belə əlaqələr geniş olmuş və müxtəlif etnik qruplar mehriban iqtisadi və siyasi təmasda yaşamışlar. Bir daha təəssüf hissi ilə deməliyik ki, 1992-ci ilin fevral ayında erməni və rus ordusunun qoşunları Xocalı əhalisini vəhşicəsinə qırarkən hərbi texnika ilə genosidin ən iyrənc mərhələsi olan – bir xalqın izini tam itirmək kimi mənfur bir əmələ əl atmışlar və bəşəriyyət üçün nadir abidələr toplusu olan Xocalı abidələrini dağıtmışlar. Xocalı şəhərinin ən qədim tarixi abidələri, qəbiristanlıqlar, Kərkicahan qəsəbəsi, Kosalar, Cəmilli və Meşəli kəndlərindəki qəbiristanlıqlar, dini abidələr, məsələn, Meşəlidəki “Seyid qəbri” və s. erməni işğalı nəticəsində tamamilə dağıdılmışdır. Dağıdılan abidələrin tam siyahısını möhtərəm hakimlərə təqdim edib mən çıxışımı yekunlaşdırıram. Diqqətinizə görə çox sağ olun.

Gurultulu alqışlar altında alim keçib yerinə əyləşən məqamda Divan Hakimi alimə şəxsən minnətdarlıq bildirdi, onun belə ahıl yaşda da nəinki öz şotland millətinə, habelə bəşəriyyətə xidmət etməsini yüksəs dəyərləndirdi, ona sonsuz təşəkkürlərini bildirdi. Sonra Baş Hakim üzünü xanım diktorlara tutdu:

-Qızlar, siz yekunlaşdırmısınız, eləmi?

Birinci xanım əyləşdiyi kürsüdən durub söylədi:

-Yalnız kiçik bir hissə qalıb, Xocalı qətliamının dünya miqyasında tanınması hissəsi.

-Onda davam edin.

-Baş üstə.

Xanım tribunaya çıxaraq əlindəki kağızı oxumağa başladı:

-Hazırda Xocalı soyqırımının tanınması Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan dövlətləri tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır.  İndiyədək ABŞ-ın 22 ştatı - Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Vest Vircinya, İndiana, Yuta, Nebraska, Havay, Montana, Arizona, Aydaho və Nevada Xocalını faciəsini qətliam kimi tanıyan sənəd qəbul edib.

Divan Hakimi diktora təşəkkür bildirib şahidlərin dəvət olunmasını istədi.

Divan heyəti bir neçə şahidi səhnəyə gətirdi, onlar bir-bir söz alıb danışmağa başladılar.

Birinci şahid:

-Xocalı sakini, hazırda Azərbaycanın Goranboy rayonunda məcburi köçkün həyatı yaşayan  Sürən Məmmədovam. Ondan başlayım ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olub. Fevralın 26-da gecə saatlarında Xocalı ağır atıcı silahlardan atəşə tutuldu. Həmin gün hava dəhşətli soyuq idi qar yağmışdı. Xaçın çayını keçərək meşə yolu ilə Ağdam rayonuna üz tutduq. Həmin ərazidə ermənilər Xocalı sakinlərini dəhşətli şəkildə qətlə yetirirdi. Oğlum, bacım, kürəkənim gözlərimin önündə öldürüldü. Bu dəhşətli anları heç vaxt unuda bilmirəm. Əgər kimsə biz xocalıların başına gətirilənlərdən tam xəbər tutmaq istəyirsə, report.az satyındakı şahid ifadələri ilə tanış ola bilər.

İkinci şahid:

-Xocalı sakini, hazırda Azərbaycanın Goranboy rayonunda məcburi köçkün həyatı yaşayan Qaryağdı Quliyevəm. Mən avtoqarajda mühafizəçi işləyirdim. 25-dən 26-na keçən gecə Xankəndində yerləşən 366-cı alayın ağır zirehli texnkaları Xocalıya hücum etdi. 8 istiqamətdə şəhəri mühasirəyə aldılar. Gecə yaşıl fişəng atıldı. Ermənilər əvvəlcə Xocalı Aeroportunu ələ keçirdilər. İlk hücum zamanı şəhərdə yerləşən bütün evlər yandırıldı. Bununla bağlı Poçt vasitəsilə Ağdam və Şuşaya məlumat versək də heç bir cavab ala bilmədik. Sakinlər məcbur olub gecə saat 1-də şəhəri tərk etməli oldu. Qarlı havada yaşlı insanlar, qadınlar, körpə uşaqlar meşə yolu ilə qaçmağa çalışırdı. Səhərisi gün gördüyümüz mənzərə bizi şoka saldı. Erməni cəlladları tərəfindən təhqir olunmuş meyitlər ətrafa səpələnmişdi. O mənzərəni gözümün önünə gətirə bilmirəm. Necə danışım?! Çox ağırdı o günləri xatırlamaq. Kişilərin başı, qadınların döşləri kəsilmişdi, körpə uşaqlar ağıla sığmaz dərəcədə vəhşiliklə öldürülmüşdü. Həmin gecə ailə üzvlərimdən 4 nəfər - iki qızım, bir oğlum və qardaşım şəhid oldu.

Üçüncü şahid:

-Xocalı sakini, hazırda Azərbaycanın Goranboy rayonunda məcburi köçkün həyatı yaşayan Razim Mustafayevəm. Həmin gün ermənilər dəhşətli vəhşiliklər etdilər. İnsanlığa sığmaz dərəcədə faciə törədildi. Qaynım Hüseyni öldürdükdən sonra qızıl dişlərini çəkib çıxarmışdılar, qadınlara süngü ilə işgəncə verib öldürürdülər. Mən çaydan keçəndə gördüm ki, qonşum Vaqifin arvadı və üç oğlunun meyiti Xaçın çayında qalıb. Ana üç oğlunu necə qucaqlamışdısa meyitlər suyun içində bir-birinə yapışıb qalmışdılar. Gecə çətinliklə Ağdam rayonuna qaça bildik. Sağ olsun Ağdam camaatı və könüllü döyüşçülər, bizi qarşıladılar.

Ağır addımlarla ağsaqqal bir kişi - 72 yaşlı Hüseyn İbrahimoğlu irəli çıxıb nəsə danışmağa başladı, bu zaman Divan Hakimi “Ona mikrofon verin” söylədi, kişini cəld mikrofonla təmin etdilər. Hamı diqqətini kişinin sözlərinə cəmlədi:

-Mən türkəm. İki dəfə sürgünə məruz qalmışam – Sovet İttifaqı dövründə İosif Stalinin göstərişi ilə Ahıskadan Özbəkistana və Mixail Qorbaçovun zamanında Özbəkistandan Xocalıya. Lakin bu vaxta qədər bizə qarşı belə qəddarlıq görünməmişdi. Ermənilər iki saata kəndimizi yerlə-yeksan etdi.  Bütün kənd yandırıldı. Uşaqlarımızı və azyaşlıları qəddarcasına öldürərkən o vəhşilər “Siz türksünüz” deyə qışqırırdılar.

Hüseyn əlindəki mikrofonu qaytarmayıb ardınca gəlmiş 69 yaşlı qadına uzatdı, söylədi ki, Xatun nənənin  hekayəsi daha əzabvericidir.

Ağbircək qadın ağlaya-ağlaya aşağıdakıları ərz elədi:

-İki nəvəm – qız və oğlan – gözlərimin önündə öldürüldü. Mən ağır şəkildə yaralandım. Ermənilər deyirdilər: “Biz sizi öldürməyəcəyik, lakin nəvələrinizin necə ölməsinə baxacaqsınız.” Mən onlara məni öldürmələri və nəvələrimə toxunmamaları üçün yalvardım, lakin onlar mənə qulaq asmadılar...

Zavallı qadın doluxsundu, səsi titrədi, nitqinin ardını gətirə bilmədi.

Əsas dünyanın şahidləri hələ hamısı danışıb qurtarmağa macal tapmamışdı ki, Axirət dünyasıının sakinləri irəli atılıb bir-birinin sözünü kəsərək öz dərdlərini izhar etməyə başladılar. Bu deyilənlərə qulaq asmağa insana dəmir əsəb lazım idi. Tamaşaçılar arasında səhhəti pozulanlar da vardı, təcili yardım briqadası sıralar arasında insanlara yardım etməkdəydi. Nəhayət “sərbəst mikrofon” bağlandı.

Divanın Hakimi səsini arıtlayaraq yenidən mikrofonunu yandırıb söz götürdü:

-Bəli, dedikcə acılı, ağrılı mənzərədir, hamınızın hisslərini başa düşürəm. Yəqin akademik Aqanbekyan da bunları başa düşür.

Azacıq fasilə verib davam etdi:

-Hələ 1946-cı ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası öz qətnaməsi ilə bəyan etdi ki, genosid – insanlığa qarşı törədilən ən ağır cinayətdir! Bu növ cinayətin əlamətləri 1948-ci ilin 9 dekabr tarixində “Genosid cinayətlərinin qarşısının alınması və onun cəzalandırılması haqqında” adlı Konvensiyada öz əksini tapmışdır. Bu Konvensiya bütün dövlətlər tərəfindən qəbul edilmişdir. Ekspertlər bir nəfər kimi bu qənaətə gəlmişlər ki, Xocalı qətliamında bu əlamətlər aşkar görünməkdədir. Xocalı qətliamı – qabaqcadan düşünülmüş qaydada, milli əlamətlərə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilən bir cinayətdir. Xocalı cinayətinə görə bu gün Divana çəkilən şəxslə tanış olun. Bu, Monte Melkonyan adlı şəxsdir. Amma biz bu gün iki şəxsə birdən Divan qururuq. İkinci şəxs bayaqdan yerindən hey protestlər eləyən erməni akademiki Abel Qezeviç Aqanbekyandır. O isə Qarabağ müharibəsinin ideoloqu kimi Qarabağda tökülən bütün qanların baiskarı kimi müqəssirdir, deməli, həm də dolayısı ilə Xocalı soyqırımı da onun adına yazılmalıdır. Buyurub İttiham kürsüsünə gətirilsinlər. Bu gün və sabah – iki prosesdə bu şəxslərin cinayət əməllərinə baxacağıq. Bu gün ideoloqu, sabahsa canini mühakimə edəcəyik. Divan üzvlərindən də xahiş edirəm ki, akademik barədəki məlumatları səsləndirsinlər.

Saqqallı, dənizçi maykasının üstündən komuflyajlı hərbi köynək, onun da üstündən eyni cür buşlat geyinmiş şəxs ittiham kürsüsündə yer tutdu. Bu Monte Melkonyan idi. Az keçmiş saçları çallaşmış, kostyum qalstukda  kök bir kişi də gəlib onun ynında əyləşdi. Bu da Abel Aqanbekyan idi.

Divan üzvləri bir qom kağızla dolu qovluqdan bir neçə kağız aralayıb kişi diktorlara verdilər. Diktorlar növbə ilə kağızları oxumağa başladılar.

Birinci diktor:

-Akademik Abel Qezeviç Aqanbekyanın 87 yaşı var, milliyyətcə ermənidir, Əsas dünyadan təşrif buyurub. 1932-ci ilin 8 oktyabrında Tiflis şəhərində dünyaya gəlib, vaxtı ilə sovet, indi isə Rusiya iqtisadçısıdır, sənaye istehsalı üzrə mütəxəssisdir, əmək məhsuldarlığı, əməkhaqqları, makroiqtisadiyyat, ekonometrika, menecment üzrə mütəxəssisdir, 1963-cü ildə İqtisadiyyt üzrə doktor, 1974-cü ildə SSRİ Elmlər Akademiyasının Akademiki adını almışdır. 1985-1991-ci illərdə - SSRİ-də Yenidənqurma adlanan illərdə SSRİ-nin rəhbəri olan Mixail Qorbaçovun iqtisadiyyat məsələləri üzrə müşaviri olmuşdur. Rusiya-Britaniya birgə “Link” müəssisəsinin Direktorlar Şurasının sədri, “Lukoyl” şirkəti qəyyumlar şurasının üzvüdür. “Bilik”  cəmiyyətinin iqtisadi biliklər sektoruna başçılıq edir, EKO, “Elm və həyat”, “Maliyyə və biznes”, “İqtisadi siyasət” kimi nüfuzlu Rusiya jurnallarının redaksiya heyətinin üzvüdür. 1967-ci ildə SSRİ-nin ali mükafatı sayılan Lenin ordeninə layiq görülüb. 1975-ci ildə Qırmızı Əmək Bayrağı Ordeninə, 2012-ci ildə “Dostluq” ordeninə layiq görülüb. Britaniyanın, Bolqarıstanın, Macarıstanın elmlər akademiyalarının fəxri üzvüdür. Qatı millətçiliyi ilə tanınır, erməni millətçiliyinə böyük töhfələr vermişdir...

Abel Aqanbekyan yerindən qışqırdı...

 

 (Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2023)