BİRİ İKİSİNDƏ - Əlibalanın şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə Əlibalanındır.

 

 

SƏSLƏNİŞ

 

Gilas tumundakı qarışqaya

sarı, quru torpağa baxdığın günlər....

 

İndi keçmişini köməyə çağırırsan.

 

Yay axşamlarını köməyə səsləyirsən,

sərin daşlar üstündə

dişlərini yuduğun anları

 

düşünürdün –

bir qadın

yastığının altına nanə qoyur…

 

qorxmadan yatırsan,

heçbir kabus görmədən...

 

Və inanırdın, zaman

meyvələrin arasında

sıxışıb –

uşaq kimi sevimli üzüylə

baxır və  gülür

sənə....

 

Günlər keçir,

Nə qədər ki gələcək qurulmayıb,

məhv olmayan keçmişini köməyə çağırırsan....

 

 

ÇƏHRAYI

 

Dumanlı gözlərlə böyük bir gölü izləmək....

Bir tərəfdə çəhrayı güllər üzür

biraz kənardan

iti şüşələr baş vurur su üzünə....

 

Amma

bu mübarizəni gözləmək lazım deyil.

 

Bəlkə də, hardasa

bir uşaq gülümsəyir – (indi ilk dəfə inək sağmağı öyrənir)

 

Və ətirlər səsləyir ümidə cəhd edənləri.

 

Gözləri yummaq;

İnanmaq

bir almanın qoxusuna....

 

 

TƏLQİN

 

Boz daşlar üstündə bir yaşıl üzüm yarpağı...

İndi  yavaş-yavaş kiçilsə barmaqların,

ayağını ona qoyub

bir göl üzündə süzsən...

 

Eşitməzsən,

daha

səni incidən səslərin heç birini...

 

 

NƏFƏS

 

Toyuqlara səpilən dənin qoxusu

axşamçağını bürüdü,

bir anlıq düşündün ki, bütün kainat səni sevir,

yaxınlıqda yaşıl yarpaq üstündə

bir qırmızı cücü var...

 

Bir ev uzaqda

ördəklərin yanında

 

ananın ayaqları palçıqda sürüşür

isti yay palçığında

və oğlu tutur onu

sonra yaşıl kollara baxıb gülümsəyirlər.

Səpilən dənin qoxusu ağaclara dırmaşır.

 

 

NÖQTƏLƏR

 

Gecə –

sarı işıqda

yaşıl yarpaqlar...

 

Sevin –

pul-pul titrəyən

zireh dəmirləri deyil…

 

axtardığın hər gücü bəsləyən

kiçik nöqtədir ora,

dərk edilmir

ağlının

səs dolu

ölümündə....

 

“Ədəbiyyat və incəsənət”

(02.11.2023)