Mən də xəyalam, sən də xəyalsan…

 Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

 

İkimiz də xəyalıq

   Mənsizlik toxumunu əkdinmi qəlbinə?

   Göz yaşlarınla cücərtdinmi heç?

   Hər nəfəs alanda ağır gəldimi sənə?

   Məzarımı niyə qəlbinə saldın ki, xəyal adam?!

 

   Əlin  çatmır qəlbinin dərinliyinə,

   Çıxart məni o məzardan, qurtul darlıqdan.

   Özündən izn almadan uzaq oldunmu özünə?

   Günəş bahar sevən kimi sevdinmi öz gülünü bağban kimi?

 

   Onun nəfəsindən ciyərin daddımı?!

   Nəfəsi ilə nəfəsini kəsdimi, nəfəsimi kəsdiyin kimi?!

   Xəyal adam, yoxluq və varlıq sərhədindən bezmədinmi?

   Söylə görüm sol sinənə yumruğunu çırpdınmı?

 

   Qəlbindəki məzarımı dağıtmağa cəhd etdinmi?!

   Mənsizlik toxumu tez cücərib göz yaşlarından,    

Tikanlı məftil kimi sarılıb vücuduna.

   Bu tikanlı məftili qırmağa çalışdınmı?

   

    Görmək üçün göz lazım deyil, bəyan etdinmi?

   Xəyal adam, qəlbin gözlərinə məni neçə dəfə təsvir etdi, söyləsənə.

   Xəyal adam, sən hüdudsuz təxəyyülümsən,

  Mən adlı kitabın üz qabığısan,

  Qəlbimdə gizlənib sözümdə yaşayırsan.

  

  Sənin varlığında varlığım yatır,

  Gizli hərflərlə yazılmış bir sirsən.

  Sirli hərfləri anlayan tapar.

  Ruha divar olmaz qazılmış məzar,

  Mən də xəyalam, sən də xəyalsan.

  Xəyallar içində yoxa çıxmışıq!

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2023)