“Bumeranq" - HEKAYƏ

Fatimə Sadıqova, “Ədəbiyyat və incəsənət” üçün

 

- Cəmilə, ay Cəmilə, hanı Əfsanə?

- Mənə dedi tıxaca düşüb, gec gələcək. 

- Hardan bilirsən tıxacdadı? Qızın bütün günü haralarasa gedir, axşam evə gec gəlir, sən necə anasan?

- Bu nə sözdü Ramil, balaca uşaq deyil ki düşüm dalınca, işdən gəlir, yol tıxacdı, yeri gələndə onun atası da, anası da mən olmuşam.

- Elə buna görə belədi də hara istəyir gedir , haçan istəyir gəlir, özübaşına olub.

- Ramil, sən canın, bəsdi, mən qızıma da bələdəm, verdiyim tərbiyəyə də 

- Sonra gəlib mənə demə ki, ay Ramil, qızımın başına iş gəlib, sənin qızının maşın vuran yerdə meyidini mən gətirəcəm e, başqası yox, bibisinin əri, mən Ramil!

Cəmilə Ramillə söz güləşdirməyin mənasız olduğunu görüb başını aşağı salıb getdi . Cəmilənin yoldaşı xərçəng xəstəliyindən dünyasını dəyişmışdi, təkbaşına yeganə qız övladı Əfsanəni böyütmüşdü. Əfsanə anasının əziyyətini yerdə qoymamaq üçün məktəbi bitirib tanışlıqla parfümeriya şirkətinə işə düzəlmişdi, şəhərin mərkəzində çörəkpulu qazanırdı. Atasını itirdiyi vaxtdan bəri bibisi və bibisinin yoldaşı Ramil Cəmilə və Əfsanənin başına qara bulud kimi çökmüşdülər, sevinclərini kədərə çevirib ana-balanın gününü qara edirdilər. Əfsanə bibisinin övladları Xanım və Xalid ilə bir yerdə böyümüşdü, aralarında 2-3 yaş fərqi var idi . 

Axşam yolun uzunluğundan yorğun gələn Əfsanə anasının ona məzlum baxışlarla baxmasını görüb ayaqqabı ilə evə keçdi,  özünü anasının qucağına atdı. Bəlkə də ən yaxşı və sakitləşdirici gəlmişdi Əfsanəyə anasının heç nəylə əvəz olunmayan isti qucağı. 

Anasının gözlərinin dolmasından başa düşdü ki, yenə Ramil anasına nəsə deyib,  yenə də anası heç nə deyə bilməyib evə qayıdıb. 

Anasının hazırladığı yeməyi yedikdən sonra Əfsanə yerinə girib yorğun gözlərini yuman kimi yuxuya getdi.

 

* * *

 

Səhər açılan kimi qızı Xanımı məktəbə aparmalı olan Ramil qızının boğazında qalan axırıncı tikəsini udmasına imkan verməyərək onu evdən tez çıxması üçün tələsdirirdi, Xanım da tez-bazar ayaqqabılarını geyinib, çantasını götürüb evdən ildırım sürəti ilə çıxdı. 

Məktəbin qapısına çatanda qızcığaz atasının maşınından düşüb "sağol, ata” deyib maşının qapısını ehmalca örtdü, məktəbin həyətinə daxil oldu. 

Dərslərində olduqca nailiyyət qazanan Xanım ailəsinin baş tacı olmağa müvəffəq olmuşdu, hətta Ramil oğlu Xalid ilə qızı arasında yerlə göy qədər məsafə yaratmış, qızını nəinki öz gözündə, ümumiyyətlə, hamının yanında dağ başına ucaltmışdı. Lakin məsələ  öz mənafeyinə gəlincə, heç nəyi gözü görməyən Ramil yemək yeyərkən belə qızının rahatlığına mane olacaq qədər "vaxt incələyən" birisi  idi…

…Xanım məktəbdə dərsləri bitincə çıxıb yolun kənarı ilə evə sarı səmt almışdı. Ağlında evə gedib yeməyini yemək, dərslərini hazırlamaq, YouTube-da yarımçıq izlədiyi "Solğun çiçəklər" televiziya tamaşasına baxmaq idi. Evin yoluna keçmək  üçün magistral yolu adlamaq istərkən Xanımın qulağında yalnız "maşın siqnalı" qaldı. Yolu keçərkən sağ tərəfdən çıxan maşını görmədi, dəhşətli əyləc səsləri, dəmirə çırpılaraq başının yerə dəyib partlaması, bədəninin cansız cəsədə çevrilməsi an çəkdi. 

Onun özü yarımçıq qoyduğu "solğun çiçəyə” döndü. 

Maşın sahibi şok vəziyyətində maşından enib məktəbli qızın soyuq cəsədini görüncə donub qaldı. Səsə gələnlər tez təcili yardıma zəng edib qızı xəstəxanaya apardılar . Hadisəyə şahid olan Xanımın sinif yoldaşı Asim tez qızın anasına xəbər vermək üçün onların evlərinə doğru qaçdı, qızının vəziyyətini anasına çatdırmağa getdi . Asimdən eşitdiyi xəbərin təsirindən qızın anasının huşu getdi, özünü itirən Asim qonşuya qaçıb təcili yardım çağırılmasını xahiş elədi. 

Ana üçün təcili yardım gələn kimi qonşu Ramilə zəng edib evə gəlməsini istədi, telefonda məsələnin nə yerdə olduğunu açıqlamadı. 

Xanımın anası evdə deyil, xəstəxanada havalanmış vəziyyətdə, əllərini başının arasına keçirərək oturmuşdu. Beyni donmuş, gözləri bir yerə tikilmiş, eşitdiyi xəbərin şokundan bərələ qalmışdı. Tərpənmirdi. 

Ramil xəstəxanaya gəlib məsələnin nə yerdə olduğunu aydınlaşdırmaq üçün yoldaşından bir şeylər soruşsa da cavab gəlmirdi. 

Amma onun sevimli qızının artıq cansız bədənə sahib olması xəbərini hər halda ona çatdırdılar. Hamının yanında özünü "göylə tutan" Ramil heç nəyə baxmayıb balaca uşaq kimi hönkürtüylə ağlamağa başladı. Bu yerdə Cəmilə və Əfsanə təlaş içində xəstəxanaya gəlib Xanımın ölüm xəbərini eşidəndə dəhşətə gəldilər. 

Ramil əvvəlcə Cəmilənin onun həyat yoldaşına təsəlli vermək üçün qucaqlamasına əhəmiyyət verməsə də , sanki ağlına gələn cümlə onu ayıltdı .  

- "Sonra gəlib mənə demə ki, ay Ramil, qızımın başına iş gəlib, sənin qızının maşın vuran yerdə meyidini mən gətirəcəm e, başqası yox, bibisinin əri, mən Ramil".

İndi isə onun övladı maşının qurbanı olub meyidə çevrilmişdi. Bəlkə dilinin səhvinə qızı qurban olmuşdu. 

Ramil o cümləni sadəcə özünə möhtac duyulması üçün işlətmişdi, Əfsanəyə bir şey olmasını istəməzdi. Lakin Cəmilənin qəlbinə həmən cümlə çox toxunmuş, ərsiz böyütdüyü təkcə balasının haqqında söylənən o ifadə canını yandırıb yaxmışdı…

- Bağışla, Cəmilə ....

- Nə olub, Ramil..

- Bağışla, Cəmilə, bağışla (ağlayaraq), qızım mənə görə öldü...

- Nə?   ...

- Sənə dediyim o sözüm mənim özümə qayıtdı, bağışla, nolar, bağışla!

Dediyi sözlər Ramilə qayıtsa da, qızını geri qaytarmaq mümkün olan deyildi…

 

…Qızının tabutunu evdən çıxararaq ağlaya - ağlaya çiynində daşıyıb son mənzilə yola saldı Ramil. Yoldaşı özündə olmadığından Cəmilə əl-ayağa düşüb yasa başsağlığı verib gələnləri yola salırdı. Çox çətin olsa da yası birtəhər verib qurtardılar. Evə gələn Ramil Əfsanəni görüb "qızım" deyə sarılaraq möhkəm-möhkəm bağrına basdı...

Həyatımımız boyunca elədiklərimiz , hərəkətlərimiz, qırdığımız qəlblər, qazandığımız savablar, yaşadıqlarımız və yaşatdıqlarımız bilavasitə olaraq qarşımıza çıxır, həyat bizi elədiklərimizə görə sorğuya çəkir. Ya elədiklərimizdən nəticə çıxarar, ya da nəticə çıxarmayıb öz bildiyimizlə hərəkət edib gələcəkdə daha böyük sorğu ilə qarşılamaq məcburiyyətində qalmalı olarıq. Həyatımız bumeranqdı, qarşımızdakı insana ağzımızdan çıxan sözlər, qəlbimizdə bərq vuran niyyətlər, ağlımızdan keçən fikirlər nə zamansa fırlanıb özümüzə qarşı devrilər, bu bumeranq bizi ya xilas edər, ya da məhv edər…

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2023)