“Saçların küləkdi, gecələr əsər…”

Lalə Həsəncan, “Ədəbiyyat və incəsənət”

 

 

Müasir dövrün gənc istedadlı şairlərindən olan Vüqar Xəzan bədii ədəbiyyatın yaradıcı insanlarından biri kimi tanınır. Lirik duyğulu və lirik düşüncəli şairin şeirlərində sevgi, vətənpərvərlik, fəlsəfi fikirlərin tərənnümü  öz əksini tapır. Mənalı şeirlərində insanlığı məhəbbətin simasında bədii ecazkarlığı ilə təcəssüm etdirən şair poeziyanın harmoniyasını əks etdirir.

“Qarabağ Azərbaycandır”, “Turan” antologiyalarında şeirləri işıq üzü görən şair (Əliyev Vüqar Afis oğlu) Mingəçevir şəhərində dünyaya göz açıb. Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib. Daxılı duyğuların ifadəsini misralarında əks etdirən şair şeirlərində həyatın başqa sahələrinə də toxunur. 

 

Nə üçün gözlərin qəmli görünür?

Qəmlilik heç kimə xeyir gətirmir.

Elə bil səhrada ilan sürünür,

Susamış birinə suyu yetirmir.

 

Üzündə cizgilər kədərli əsər,

Saçların küləkdi, gecələr əsər,

Dilin şaxtadırsa, sözümü kəsər,

Qoyduğun nöqtələr cümlə bitirmir.

 

Dörd bənddən ibarət olan “ Görünür”şeirində sevgi fəziləti, ən gözəl hislər, məhəbətin xəyallarda canlanan dərin qəmli notlarla dolu ifadələri şairin xəyal dünyasının dərinliyini ifadə edir. Həyat yolları arasındakı xatirələrlə dolu münasibətlər, baxışlar qorxu, inam həyatın eşq dolu duyğularına güc verir. Sevgi yaşamın gücüdür. Nə qədər çox qoyulan nöqtələr olsa da dərin sevgilərin qarşısında hislərin sonsuzluğu bitməz.

 

İllər ötüşsə də dövr edir zaman, 

Saçlarm ağarır, qocalıram mən.

Qaçaraq dayanmır, hey gedir yaman,

Saçlarım ağarır, qocalıram mən.

 

Uşaqdım, heç nəyi mən dərk etmirdim,

Həyatda var-yoxu sayıb seçmirdim.

Dərd adlı bulaqdan mən su içmirdim,

Saçlarım ağarır, qocalıram mən.

 

Mehriban və səmimi xüsusiyyətlə malik olan Vüqar Xəzan həyatın uşaqlıq mərhələlərinin şirin xatirələri ilə günbəgün yaşa dolan qocalıq mərhələsinin kədərli hərarətini misralarda diqqətə çarpdırmışdı. Qocalıq ağ saçlara və ölümün yaxınlaşmasına tənəzzül olan bir prosesdir. Təəssüf dolu uşaqlıq hisləri, gənclik həyatının sevincli anları qocalıq cağlarında həyat dəftərinin vərəq-vərəq açılması ilə müşahidə olunur. Hər sətirdə insanın sevinci, fərəhi, rəngarəngliyi, gülüşü bəzən yaşam mərhələsinin şəfqət dolu sakit kədərinə çevrilir. Şair Vüqar Xəzan isə bu mərhələnin gedişini gənclik həyatının sevincli təəssüratlarını “Qocalıram mən” şeirində təsvir etmişdir.

 

Qorxmayın ölkəmiz qanlı ölümdən, 

Geriyə çəkilməz çətin zülümdən.

Şəhidlər fəxrimiz, düşməz dilimdən,

Öldürüb yağını qoparıb başlar.

 

Hamıya səbirli günlər diləyək,

Əlimiz göyərdə dua eliyək .

“Amin” kəlməsini birgə söyləyək,

Ölməzdir şəhidlər, ölməz qardaşlar!

 

Vətən yolunda igidliyi, əzmkarlığı ilə ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin şücaət və ölməzliyini misralarında əks etdirən şair 44 günlük savaşın qəhrəmanlarının iradəsını nümayiş etdirir. Böyük tarixi qələbədə canını fəda edən oğulların xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur. Bütün yüksəklikdən dayanan yüksəklik şəhidlik zirvəsidir. Onların qələbəsi, Azərbaycanımızın bütövlüyünü yaradan, ölməzliyi ilə yaddaşlarda qalan şəhidlərimiz gələcək nəsillərimiz üçün unudulmaz qəhrəmanlıq timsalıdır. 

Beləliklə, sizlərə bir şairin tarixçəsini çatdırmaq istədim. Siz sənəti, bədii poetik düşüncəsi, fərqli yaşantıları qələmə alan, özünəməxsus düşüncə tərzi olan bir Vüqar Xəzan yaradıcılığı ilə tanış oldunuz. Biz isə zamanın zənginliyində emosional təəssüratları ilə bir sənət dünyasına qədəm qoyan şairə sözlü sənətində uğurlar arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2023)