KİTAB BƏLƏDÇİSİndə “Hərbidən Qeydlər” Featured

Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”

 

Hərbi xidmətdə ikən çoxlu kitablar oxuyurdum. Bunu görən komandirlərim bölükdə olan bütün kitabları yığdıraraq kitab oxumağa qadağa qoydular. Əlimdə oxumağa kitab olmadığı zaman mən də başladım öz kitabımı yazmağa. Mənə görə, ən güclü kitablar iki yerdə yazılır. Hərbidə və həbsdə. Ona görə ki, sən orada olarkən özün-özünlə tək qalıb içindəki Allahla söhbət edə, onun sənə nələri pıçıldadığına diqqət edə bilirsən. Sürətli dünya və günümüzün sosial şəbəkələri bizlərin beynini dolduraraq insanları həzz mərkəzli bir dünyada yaşamağa vadar edir. Bunun dövlətlə və ya ölkə siyasəti ilə bir əlaqəsi yoxdur. Dünyanın hər yerində bu belədir. Ya sən kölə kimi çalışmalı və vəzifəsi səndən üstün olanların tapşırığını yerinə yetirməli, ya da dünya həzlərinə aludə olaraq onların əsirinə çevrilməlisən. 

 

"Hərbidən Qeydlər" bir əsgərin başına gələn gündəliklər toplusu (bu gün nə içdim, nə yedim, komandirim mənə nə dedi) kitabı deyil. Bu kitabı oxuyarkən deyəcəksiniz ki, bunlar sanki mənim düşündüklərimin dilə gəlmiş halıdır. Siz özünüzlə baş-başa qalanda bu fikirlərin hər birini hiss edirsiniz, lakin onları dilə gətirmək, qələmə almaq - bunlar hamısı bir yazarın öhdəsinə düşən borclardan biridir. Borcdur, ona görə ki, Allah sənə bir istedad veribsə, öz üzərində çalışmalı və onu düzgün dəyərləndirməlisən. Əgər çalışıb özünü inkişaf etdirməsən sənə bəxş etdiyi kimi, onu səndən ala da bilər. Lakin bir oxucu üçün bunlar o qədər də önəmli şeylər deyil. Heç kim sənin dalğalarla necə döyüşdüyünə baxmaz, gəmini limana çatdırıb çatdırmayacağına baxar. Gəmi limana sınmış vəziyyətdə də çatsa, sən artıq seviləcəksən, demək ki, insanların gözündə bir dəyər qazana bilmisən.

 "Hərbidən Qeydlər" kitabı da bir gəmidir. Sizi özünüzlə baş-başa buraxmaq üçün mən sadəcə bir vasitəçiyəm. Mən sadəcə içimdəki ruhani ilə tək qalaraq onun nələri pıçıldadığına diqqət yetirmişəm. Nəyi başa düşüb, nəyi anlayacağınız sizlərə aid olan məsələdir...

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2023)