HEKAYƏ MÜSABİQƏSİ FİNALÇILARI – Şəhriyar Bəhmənov, ” Tələbə bileti ” Featured

Bildiyiniz kimi, Azərbaycan Ədəbiyyat Fondu ilə “Ulduz" jurnalı “Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi, Şirvan Xeyriyyə Cəmiyyətinin isə təşkilati dəstəyi ilə görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında hekayə müsabiqəsi keçirir.

 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edən, mövzu seçimi sərbəst olan müsabiqəyə iki yüzdən artıq hekayə ünvanlanıb, Münsiflər tərəfindən 8 finalçı müəyyənləşib. Ötən gündən etibarən, portalımızda 8 finalçının hekayələri dərc edilməkdədir.

Qeyd edək ki, müsabiqənin qalibi və mükafatçılar noyabr ayının ikinci yarısında elan ediləcək.

Bu gün Şəhriyar Bəhmənov öncə özünü, sonra isə hekayəsini təqdim edəcək.

 

 

    Mən Bəhmənov Şəhriyar Təyyar oğlu 27 fevral 1995-ci ildə Lerik rayonu Rvarud kəndində doğulmuşam. 2001-ci ildə Bakı şəhəri Binə qəsəbəsi S.Abbasov adına 117 saylı tam orta məktəbin birinci sinfinə getmişəm. 2012-ci  S.Haciyev adına Rvarud kənd tam orta məktəbini bitirmişəm.

   2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə(Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası) qəbul olmuşam. 2016-cı ildə universiteti bitirmişəm və ADPU-nun magistraturasına (Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və  metodologiyası ixtisası) qəbul olmuşam.

Hazırda müəllim kimi çalışıram. Bədii və publistik əsərlərim dövri-mətbuatda mütəmadi çap olunur.

 

TƏLƏBƏ BILETI

 

Zzzzzzzzzzzzzzzzzzz…. Zəngli saatın xoşagəlməz səsi darısqal otağı bürüdü. Bununla da üçüncü kərə zəng çalan saatı köhnə taxta çarpayıda körpə kimi şirin-şirin yatan gənc oğlan hər dəfəsində susdurur, “hələ vaxt var, sonra” deyib yenə yuxulayırdı. Bu dəfə də eyni hal təkrarlandı. Amma birdən ildırım vurmuş kimi dik atılıb: “Yox, bu dəfə durmalıyam. Bu gün də geciksəm, Sədyarovun üzünü gələn il də görəcəyəm. ” - dedi. Əsnəyə-əsnəyə ayağa qalxan oğlan tez saata baxdı. 08:00. Düz 30 dəqiqə. Nə az, nə çox. Vaxt yox idi, tələsmək lazım idi. Gecə şərhçinin dediyi kimi indi hər dəqiqə qızıla bərabər idi. Hərəsi otağın bir küncündə olan paltarlarını cəld geyinib, pencəyini götürüb sürətlə qapıya tərəf yönəldi. Qapını açanda qeyri-ixtiyari və istehzalı şəkildə dedi: Nə gözəl mənzərə.

Görünür, gecədən şıdırğı yağış yağıbmış. Yaz yağışı. Kimin üçünsə romantika, kimin üçünsə fəlakət. Kəndin çala-çuxur yolu da nəticədə Çin səddi kimi keçilməz olmuşdu. İnkişaf hələ buralara gəlib çatmadığı üçün sakinlər yarızarafat-yarıciddi qəsəbəni “Allahın da yadından çıxan yer” adlandırırdılar. Nədənsə, məktəbdə coğrafiya dərsi yadına düşdü.

“Uşaqlar, palçıq vulkanlarının sayına görə dünyada birinci ölkə hansıdır? “Azərbaycaaaaan, müəlliiiiim”.

 Düzü, nədənsə o vaxtlar, uşaq ağlı ilə buna inanmırdı. İndi isə müəllimin atasına rəhmət oxuya-oxuya, “vulkanları” ayaqlaya-ayaqlaya düz 15 dəqiqə vaxt itirmişdi.

   Gecikəcəyinə inamı artırdı. Lıqqa palçığı tapdalaya-tapdalaya özünə acıqlanıb: Gecəyarısına kimi futbola baxanda belə olar da. 22 nəfər bığıburma kişi uşaq kimi bir topun arxasıyca o tərəfə, bu tərəfə qaçır. Nə məcbur idi axı o qədər vaxt oyaq qalmaq?! Onlar pulunu qazanır, sənə nə hay düşüb, ay yazıq?! Çox vacib idi sənin futbola baxmağın?! Bir tərəfdən də özünə haqq qazandırmağa çalışıraq: Əşşi, dünya dağılmayıb ki. Axı bu final idi. Messinin son finalı. Axı idmanın şahı- futbolun dahi Messiyə dünya kuboku borcu vardı. Bu oyuna necə baxmaya bilərdim? Bir halda ki, bütün dünyanın gözü bura zillənmişdi. Camaat ərinməyib burdan ora gedir, stadiondan baxıre. Allah kasıbçılığın üzünü qara eləsin. Mən televizordan baxıb gec yatmışam deyə indi özümü öldürümmü?! Lap yaxşı eləmişəm.

   Kamil 20 yaşında bığyeri təzə tərləyən, bəstəboy, qarayanız oğlan idi. 5 yaşından qaçqın düşən Kamil universitetin üçüncü kursunda, memarlıq və inşaat fakültəsində oxuyurdu. Ucqar dağ kəndindən şəhərə oxumağa gəlmişdi. Kənddə gördüyü uca dağlar kimi əzəmətli binalar inşa etmək üçün alışıb-yanırdı.  Atası evin böyük uşağı olan Kamilin üstündə əsir, təlim-tərbiyəsi ilə ciddi maraqlanırdı. Kamil də məsuliyyətini dərk edib səylə çalışdı, atasının əməyini itirmədi. Oğlu ali məktəbə qəbul olanda ata sevincində quş kimi uçmaq istəyirdi. Kamil dərrakəli uşaq olmaqdan əlavə həm də məlahətli səs sahibiydi. Oxuğu muğamlar ilə dinləyənləri tamam başqa dünyaya aparardı. El şənliklərində, məktəbdəki tədbirlərdə Kamilsiz öz parlaq istedadı ilə həmişə öndə idi.

    Palçıqlı ayaqqabıları ilə dayanacağa çatan oğlanın bəxti yenə gətirmədi. Avtobus ağzına kimi dolu idi. Sürücü təzəcə çəkilmiş asfaltın üzərindəki gölməçənin suyunu dayanacaqdakı sərnişinlərə sıçradıb sürətlə ötüb keçdi. Qapıdan sallanan sərnişinlər öz halınamı ya onlara həsrətlə baxıb paltarları islananlaramı dişlərini qıcayıb hırıldayırdılar.

   Taksi ilə getmək istədi. Əlini cibinə salanda qəpiklər cingildəməyə başladı. Təzəcə aldığı təqaüdü də qurtarmaq üzrə idi. Avtobusdan başqa çarə yox idi. Ümidini üzməyib: Əşi, Allah kərimdir. Allah eləsin ki, Sədyarov gəlməsin, geciksin, xəstələnsin, işi çıxsın, tıxacda qalsın, maşını qəzaya düşsün. Nə isə baş versin ki, bu mədəniyyətdən və rəhmdən uzaq adam mənə qayıb yaza bilməsin.

  Nəhayət ikinci avtobus da gəlib çıxdı. Bunun birincidən bircə fərqi o idi ki, dolu olsa da, qapıdan sallanan yox idi. Bir təhər içəri sivişən Kamil özünü məngənədə hiss elədi. Ayaq üstə olanlar bir-biri ilə burun-buruna qalmışdı. Bu döyüşdən qabaq üzləşdirilən qaydasız döyüşçüləri xatırladırdı. Elə bil bu qədər adamı pərçimləmişdilər. Tamahkar sürücü 5-10 metr sürüb yenə saxlayır, sanki bu basabasdan həzz alırdı. Vəhşi kapitalizmin bir qarın çörəyə möhtac, müti qulları  isə elə bil yatmışdı. Qara kütlədən bir nəfər də ağzını açıb bir kəlmə  demir və ya deyə bilmirdi. Elə bil ayaqları tapdalanan, nehrə kimi çalxalanan, əzilən, sıxılan bunlar deyildi. Əyləşənlər isə tiryəkli adamlar kimi hərəsi öz aləmində idi. Kimisi mürgüləyir, kimisi uca səslə əcaib musiqiyə qulaq asır, kimisi başını pəncərəyə söykəyib xəyallara dalırdı. Arabir sürücün “bir az mehriban olun” “arxaya keçin arxa boşdu” sözləri eşidilirdi. Sürücünün bu sözləri onsuzda dilxor olan cavan oğlanı bir az da hiddətləndirirdi. Kamil düşündü ki, ya bunlar buna öyrəşib, ya da bu qədər adamın arasında tələsən təkcə mənəm. Avtobusdakı vəziyyətin betərini metroda yaşayan Kamil vaqondan çıxanda qantərin içində idi.

 Uzun sözün qısası, Kamil universitetə saat 9-da gəlib çata bildi. Düz 30 dəqiqə gecikmişdi. Pillələri iki-iki, üç-üç qalxan gənc özünü üçüncü mərtəbəyə çatdırdı. Koridorda sakitlik idi. Sinif qapısına yaxınlaşdı. Əgər sinif hay-küy olardısa, bu içəridə müəllimin olmamasına işarə idi. Amma sinifdə də sükut hökm sürürdü. Deməli, müəllimin olduğu aşkar idi. Yenə nikbinliyi tutdu. Son ümid... Son ümidi o idi ki, içəridə əvəzləyici müəllim olsun ki, bəlkə davamiyyətə fikir verməsin. Bu ümidlə qapını döyüb içəri keçdi. Bu vaxt Sədyarovun amiranə səsi eşidildi:

- Zapisıvayte!

Qorxduğu başına gəlmişdi. İçəridə fakültənin ən “hörmətli” müəllimi,kafedra müdiri akademik Sədyarov saralmış kağızlardan höccələyə-höccələyə fəlsəfə mühazirəsi oxuyurdu: (Keçmişdə yüksək çinli məmur olmuş bu şəxsin hansı yolla elmin şahı olduğu müəmma idi. Ömrünün yarısından çoxunu rəhbər vəzifələrdə keçirmiş bu zat qalaq-qalaq kitablar yazmış, işlədiyi bütün yerlərə özü ilə “hörmət” gətirmişdi.)

    - Siisse-ron demişdir. Ka-sib işləyir i var-li issstisssmar edir.

   Kamil dərsi bölüb salam verdi. Acizanə şəkildə başını aşağı əyib cavabını bildiyi sualı verdi:

    - Müəllim, gəlmək olar?

     Sədyarov gözündəki eynəyi aşağı salıb, oğlana baxdı. “Hörmət” olmadığı üçün salamı da almayıb, aşağıdan yuxarı onu süzdü. Tələbələrin diqqəti bu iki nəfərə cəmlənmişdi. Bir tərəfdə - saçları dağınıq, paltarları əzik-üzük, üzü tüklü, ayaqqabıları palçıqlı, tər iyi verən Kamil, digər tərəfdə - ətli üzü körpə dərisi kimi yumşaq və təmiz, qapqara və təptəzə kostyum geyinmiş, saçı səliqə ilə daranmış, ayaqqabıları par-par parlayan, bahalı ətri yarım metrdən insanı valeh edən  Sədyarov. Həyatın iki üzü. Yoxsulluq və zənginlik. Kamil bu görkəmi ilə yaşından böyük görsənirdisə, Sədyarovda əksinə idi.  80 yaşlı bu “növcavan” ən az 15-20 yaş cavan və gümrah görsənirdi. Hamı təəccüb içində idi: Sədyarov bu uşağın necə cürət edib onun dərsini bölməyini həzm edə bilmirdi. Tələbələr maddım-maddım baxıb Kamilin cəsarətinə həm heyran olur, həm də ona acıyırdılar. Bir dəfə dərsi bölən dekanı Sədyarovun itiqovan kimi qovub rusca ağzınagələni deməsi hələ də danışılırdı. Kamil isə təəccüb edib düşünürdü ki, bu yaşda belə cavan qalmaqmı olar? Bunun kimi yaşamağa nə var ki. Bir əli yağda, bir əli balda, problemsiz insan tipi.

   Müəllimin səsi Kamilə sinifdə olduğunu xatırlatdı. O, yaşına xas olmayan cəldliklə əlini qaldırıb rus dilində “von otsuda!” dedi.  

 Suyu süzülə-süzülə pillələri enən Kamil əsəbdən partlayırdı. Ürəyində müəllimi söyüb lənətləyirdi: “Məni qovana bax bir! Başdan-ayağa çirkaba bulaşmış haramzadə! Lənətə gəlmiş qoca. Tay-tuşları mərmərdən baxır. Nənəm yaşdadıre. Bir ayağı burda, bir ayağı gorda. Yapışıp ikiəlli dünyanın yaxasından kaftar. Mənə qayıb yazır. O biri dünyada özünə qayıb yazırlar xəbəri yox.

   Kamil heç cür bu vəziyyətlə barışa bilmirdi. Hələ də qəbul edə bilmirdi ki, onsuz da  sevmədiyi bu fənni gələn il də Sədyarovdan dinləyəcək. Bu məsələdə haqsız olsa da, ağlına bir fikir gəldi. Amma bu xam xəyal idi. Mümkünsüz işdir. “Dekandan, rektordan kömək istəmək.” Axı, Kamil qabaqcıl tələbə idi. Universitetdəki tədbirlərin bədii hissəsi onsuz keçməzdi. Sonra öz sadəlövhlüyünə daha da gülərək, “lap haqlı da olsam, kimdir onu qoyub məni müdafiə edən.” Bir halda ki dekan, prorektor, hətta rektor özü ikiəlli Sədyarovla görüşür.

Kamil sakitləşmək üçün yaxınlıqdakı parka üz tutdu. Onsuz da içində qovrulan oğlanı günəşin qızmar şüarları da bir yandan boğurdu. Kölgəlik axtarıb əyləşmək istəyirdi ki, yad biri onu səslədi:

- Kamil,  Kamil.

Arxaya çevriləndə tanış olmayan qarabuğdayı bir qızın ona tərəf qaçdığını gördü. Qız tənbəh edirmiş kimi:

- Bayaqdan çağırıram, elə hey gedirsiz. Bir dayanın da. Bu, sizdən düşüb.

- Eşitmədim.

O, əlindəki tələbə biletini uzatdı. Bilet Kamilinki idi. Onu harada və necə saldığını bilmədi. Bileti cibinə qoyub başının hərəkəti ilə qıza təşəkkür edib əyləşdi. Qız soyuq təşəkkürdən razı qalmayaraq üzünü turşutdu. Kamil onun könlünü almaq üçün soruşdu:

- Harda gördüz biletimi?

O, əli ilə arxadakı binanı göstərdi. Sonra Kamili çoxdan tanıyırmış kimi əlavə etdi:

- Adam da bir biletdən ötrü bu qədər bikef olarmı?

- Sağ olun.

- İndiki, tapılıb niyə sevinmirsiz?

- Əlbəttə, sevinirəm.

- Görən də deyər nə böyük fəlakət baş verib.

İlk dəfə gördüyü bu qızın belə səmimi danığı xoşuna gəlmədi:

- Siz nə bilirsiz ki, mən buna görə bikefəm?

O, suala sualla cavab verdi:

- Elə isə nə olub?

Bunu deyib əyləşməsi bir oldu. Kamil söhbəti dəyişmək üçün dedi:

- Adımı hardan bilirsiz?

O, bir qədər karıxıb cavab verdi:

- Aaaa biletdə yazılmışdı. Siz bu universitetdə oxuyursuz?

- Bəli

- Mən də.

Kamil qızın hələ də nə üçün getmədiyini başa düşmürdü. Onsuz da dərdi özünə bəs idi. Üstə gəl havanın hərarəti. Qız isə dayanmadan suallarını yağdırırdı:

- Hansı fakültədə oxuyursuz? Neçənci kursdasız?

Suallar nəfəs kəsirdi. Kamil pencəyin cibindəki kitabı çıxarıb özünə sərinlik etmək istədi. Səbri tükənən oğlan özünü saxlaya bilməyib kobudcasına:

- Xanım qız, bunları bilmək...

Qız oğlanın sözünü kəsdi:

- Ay aman, nə vaxtdır bu kitabı axtarıram. Sizindir ya kitabxanadan götürmüsüz?

- Özümün.

- Deyirəm axı kitabxanada yoxdur. Baxmaq olar?

- Bəli.

O, kitabı maraqla vərəqləyib gülümsəyir, sevincini gizlətmirdi. Təbəssüm qonmuş dodaqları, gülümsəyən gözləri bu qarabuğdayı qızın üzünü işıqlandırırdı. Yaranmış sükutu özü pozaraq dedi:

- Siz də mənə bir yaxşılıq edə bilərsiz?

- Nə yaxşılıq?

- Kitabı mənə bir həftəlik verin də.

- Axı…

- Nə olar? Oxuyub qaytararam.

- Yaxşı.

- Elə mən də sizin universitetdə oxuyuram.

- Lap yaxşı.

Kitabı sevincək çantasına qoyub, gün işığında bərq vuran qol saatına baxdı:

- Vaxtdır, daha mən gedim. Dərsim başlayır. Kitaba görə çox sağ olun. Oxuyub bitirən kimi sizə qaytararam. Sağ olun!

- Yaxşı yol!

Qoşa çinarların altında tək qalan Kamil parka göz gəzdirdi. Necə deyərlər ətrafda gül gülü, çiçək çiçəyi çağırırdı. Güllərin bihuşedici ətri fonunda quşların cəh-cəhi, fontan səsi xoş bir melodiya və əhval yaradırdı. Kamil isə kəsir məsələsini necə həll edəcəyini düşünürdü. Evdə necə izah edəcək? Nə deyəcək? Bu da başqa bir dərd idi. Atası onun üzünə baxarmı? Deməzmi, biz səni min cür əzab-əziyyətlə oxudaq, hər ay boğazımızdan kəsib sənə xərclik, pay-puş göndərək sən də gedib heç nədən kəsilib gələsən üstümüzə? Vay o gündən ki, Sədyarov məni inistutdan qovdursun.

  Uzun çək-çevirdən sonra belə qərara gəldi ki, bu məsələni evdə deyib, heç kimin qanını qaraltmasın. "Gələn il bir şey fikirləşərəm. Sağlıq olsun. "

   Kamil kirayədə qaldığı evə qayıdırdı. Təzəcə evə girmişdi ki, qapı döyüldü. Gələn ev yiyəsi idi. Evi dağınıq görməyi yaxşı olmazdı. Başqa vaxt olsaydı, qapını açmağa cürət də etməzdi. Amma indi qanı qara olduğundan heç nə vecinə deyildi. Qapını açdı. Ev yiyəsi evi bu vəziyyətdə görsə də, əhvalını pozmadı. Əksinə zarafatla dedi:

- Hə, deməli getməyə hazırlaşırsan. Oxuyub əldən düşmüşdüz, indi bir az istirahət edin.

- İstirahət? Nə istirahət, xozeyin? Mən ölüm, xozeyin, başım ağrıyır, zarafat vaxtı deyil.

- Xəbərin yoxdu?

- Nədən????

- Məktəblərdə dərsləri dayandırdılar axı.

- Nə??? Onu kim dedi sənə?

- Səhərdən bütün kanallar, radio bar-bar bağırır. Heç yaxşı olmadı bu virus. Deyirlər, çox təhlükəlidi. Ehtiyatlı olmaq lazımdı.

 

  ***

Bu söhbətdən bir neçə ay keçdi, dərslər başladı. Bu dəfə hamı bir-birindən utanırmış kimi üzünü örtür, bir-birindən gen dolanırdı. Birinci mərtəbədə kiminsə şəkli önünə gül dəstələri qoyulmuşdu. Kamil şəklə ötəri nəzər salıb sinfinə getdi. Yoldaşları bir tələbə qızın bu yaxınlarda xəstəlikdən öldüyünü danışırdılar. Bu vaxt iki nəfər qız oğlanlara yaxınlaşdı. Yoldaşları Kamillə zarafatlaşaraq:

- Hə, sənətkar, qələminizi hazırlayın. 2 nəfər göyçək qız avtoqraf almaq üçün sizə sarı gəlirlər.

Qızlar salam verdi, sonra onlardan biri çantasından kitabı çıxarıb Kamilə uzatdı: -Əfsun vermişdi. Sizə çatasıdır.

  Bu qaraşın qıza verdiyi kitab idi. Doğrusu, Kamil kitabdan əlini çoxdan üzmüşdü. Axı kitabı bir həftəlik vermişdi. Tənəffüsdə kitabın vəziyyətinə baxmaq üçün vərəqləyirdi. Birdən kitabın orta səhifələrindəki kağız gözünə sataşdı. Kağızda yazılmışdı:

  “Çox istərdim ki, kitabı sizə özümə qaytarım. Amma…utanıram. Sizə yalan dedim. Əslində, sizi çoxdan tanıyıram. Siz rayonumuzun fəxri, istedadlı oğlansız. Həm səsinizin, həm özünüzün vurğunuyam… Bəlkə də siz məni zəhlətökən qız kimi xatırlayırsız. Amma mən sizi sevirəm...”

   Kamil cəld birinci mərtəbəyə endi. Şəklə diqqətlə baxanda gözlərinə inana bilmədi. Şəkildəki Əfsun idi...

 

“Ədəbiyyat və incəsənət”

(01.11.2023)