Zamanın şikayətləri - ESSE

Gülnaz, “Ədəbiyyat və incəsənət”

 

 Ey insan övladı, axı sizə neyləmişəm?! Əqrəblərim ki sizi sancmayıb. Nə günah iş tutmuşam ki, məndən bu qədər giley-güzar edirsiniz?! Mən ki heç bir saniyə də dayanmayıram, öz işimi layiqincə yerinə yetirirəm. Bəsdir daha məndən şikayətləndiniz. İndi növbə mənimdir. Qulaq verin sözlərimə. 

Daima mənə əmr edirsiniz. Axı mən sizin qulunuz deyiləm. Gah deyirsiniz: "durma, qaç,", gah: "elə buradaca qal, heç yana tərpənmə", gah da: "elə yavaş get ki, qarışqalar həsəd aparsın" - buyurursunuz. Anlamayırsınız ki, məni idarə etmək sizə yaraşmaz. Siz mənə uyğun hərəkət edəsiniz gərək. 

Adətən,: "zaman yetişmədi" - deyə məni şərləyirsiniz. O dəmdə mən özümü təhqir olunmuş sayıram. "Axı mən gəlmişdim, siz harada idiniz?" deyib qışqırmaq istəyirəm. 

 Keçmişə də, indiyə də söz edirsiniz. Keçmiş olmasaydı, bu gün gələcəyin planlarında təcrübəli olmazdınız. 

Bəlkə də bəziləriniz sözlərimi qəbul etmirsiniz. Eyib etməz. Mən zamanam. Siz qocalanda mən də müdrikləşərəm...

 

“Ədəbiyyat və incəsənət”

(26.10.2023)