“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Arzu Hüseynin şeirləri ilə tanış olacaqsınız.
***
Üşüdəcək əllərini sazaqlar,
Yandıracaq üz-gözünü isti də.
Darıxacaq pəncərəndən uzaqlar,
Çağıracam, deyəcəksən, səsdi də.
Ağlayacam, deyəcəksən yağışdı,
Bilirəm ki, tanımazsan belə də.
Gör kimlərin ulduzları barışdı,
Bizimkilər qovuşmadı hələ də.
Bəlkə, düşər payımıza xoş halın,
Qısa olar mənə gələn yol bu gün.
Bəhanələr qatilidir vüsalın,
Sabah gecdir, gəlirsənsə, gəl bu gün.
Armududa qızardıqca çay dəmi
Alışarsan nəfəsimə, istimə.
Başın altda yastıq elə sinəmi,
Qucağımı yorğan elə üstünə.
Kirpiyini çətir bilib gizlənim
Baxışının sual dolu selindən.
Eşq istəyim, ay ürəyi zəmzəmim,
Ovuc-ovuc içir məni əlindən.
Noğul kimi damağımda ərisin
Dodağının şirinliyi, bəs demə!
Elə öpüm sübhə qədər, Nəfəsim,
Birdə məndən ayrı qalmaq istəmə.
***
Aldığım nəfəs kimisən,
Bircə ölümə bəndsən.
Çalış daha dönmə geri,
Bu dəfə çıxıb getsən!
Gecə olsan, mən də sərin
Sinən üstə uyusam.
Qaynayan səhra qumutək,
Soyusam e, soyusam.
Başım üstə kərkəslərin,
Uçuşuna baxarsaq.
Bəlkə, yenə ümid doğar,
Sabaha sağ çıxarsaq.
Ruhum iftar süfrəsiydi,
Ac gəldin, yedin, bitirdin.
Mən səndən nə umdum, Adam,
Sən mənə nə gətirdin?
Sevmədin giley edəndə,
Dedin, səbr et, şükr et, dayan!
Birdə gördüm əli qanlı,
Uçurumun kənarındayam...
AĞLADIM
Üşütmədi şaxta məni, qar məni,
Düşmən etdin hər kəsə aşkar məni.
Yıxılmadım satanda dostlar məni,
Sən kənarda durdun deyə, ağladım.
Dayaz dedin, dərinlikdə üzmədik,
Nə illahsa dərdimizi çözmədik,
Beş-on günlük çətinliyə dözmədik,
Ayrılaqmı sordun deyə, ağladım.
Qürur etdim, nə edirsən, et, dedim,
Bir dedinsə, cavabında cüt dedim,
Mən axmağam, tutaq, sənə get dedim,
Körpüləri qırdın deyə, ağladım.
Olmaz belə, bizimki də zülümdür,
Yanıb bitdim gördüklərin külümdür.
Bu, eşq deyil, hər nəfəsi ölümdür,
Vücudumu sardın deyə, ağladım.
Gözü qara gecələrdə yuxumdun,
Çox istədin, çox apardın, çox umdun.
Sən ki mənim ürəyimə yaxındın,
Ən yaxından vurdun deyə, ağladım.
RƏNGLƏRDƏN SARI
Sarı idi saçlarının rəngi də,
Oturmuşdu qamətinə əlbisən.
Xeyirdimi, əllərində gül-çiçək,
Yar, mənimlə görüşdənmi gəlmisən?
Söylədimmi nə gözəlsən bu səhər?
Dedimmi ki, günəş səndən od alır?
Sənə görə ağaclarda meyvələr,
Ətirlənir, tama gəlir, dad alır.
Dedimmi ki, dəniz deyil gözlərin?
Dedimmi ki, dəniz qədər dərindi?
Söylədimmi dodaqların od kimi,
Öpüşünlə nəfəsimi dər indi.
Sarı idi saçlarının rəngi də,
Oturmuşdu qamətinə əlbisən.
Söylədin ki, hərə dəngi-dənginə,
Söylədin ki özgəsini sevmisən.
Söylədin ki ...eh, doğrusu, duymadım,
Kabus deyil, bir çimdiyə oyanam.
Söylədin ki...
Ürəyimlə oynadın!
Ayağımı hiss etmədim dayanam.
Atıb məni zülmətlərin ənginə,
Əl eləyib o gün getdin belə sən.
Son dəfə baxdım saçının rənginə,
Addım-addım yelləndikcə əlbisən.
ŞAİR
Yastığım tük deyil, daşdı mənimki,
Yollarım boşluğa tuşdu mənimki,
Baharı sevmirəm, qışdı mənimki,
Mənimki borandı, tufandı, şair,
Üşüyər ürəyin, amandı, şair.
İnanma, bu ömrün vəfası yoxdur.
Dərd verən Allahın dəvası yoxdur.
Şərəfli həyatın səfası yoxdur,
Cənnət uydurmadı, gümandı, şair,
Adəmi aldadan imandı, şair.
Dünyaya saf gəldin, çirkləndin, ama,
Nə İsa Məsihsən, nə Məryəm ana.
Çəkdiyin siqaret bircə uduma,
Tütündü, qətrandı, dumandı, şair
Çəkmə zəhrimarı, ziyandı, şair.
Xoş üzün görmüşük haçan dünyanın,
Özü öz əksindən qaçan dünyanın?
Bizik iç üzünü açan dünyanın,
Həyat yaxşılara ziyandı, şair,
Azadlıq ən şirin yalandı, şair.
Çözə bilmişikmi haqq nə, nahaq nə?
Sonu nə olacaq bunun, baxaq, nə.
Ömrə nə gələk, bölək, çıxaq nə?
Bərabər ölümə tamamdı, şair.
Bizimki iynədi, samandı, şair...
“Ədəbiyyat və incəsənət”
(26.10.2023)