BİRİ İKİSİNDƏdə Aqşin Evrənin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bir müddət meydan poeziyaya, özü də gənc şairlərə veriləcək. Bu gün təqdim edilən Aqşin Evrəndir.

 

 

 

Aqşin EVRƏN

 

 

FONENDOSKOP

(maksimalist minimalizm)

 

Qədəhdə sərxoşluğun su halı,
Divarda labüd sonu göstərən sarımtıl xəritə,
Saat əqrəbləri rəqəmləri sərçə kimi dənləyir…
İndi bu qoca bəstəkar telefonu, qulaqlığı kənara atıb,
fonendoskopu qulağına taxıb
sevdiyi insanın ürək döyüntülərini dinləyir.

 

 

ŞAH TƏHMASİBƏ MƏKTUB

 

Nizələrin ucuna ilişən kəfən parçası
Sülh bayrağıdır, yüksəlir başımızın üstündə:
Bax, ölüm aləti belə bizi sülhə çağırır,
Ölüm “sülh” bağırır, Şah!

Qəfil qılınclar doğrayar atların küt səsini,
Qapılar hər gün darıxar, gözləyər it səsini.
Birdən qəbirlər doldurar boş torpaq kisəsini,
Əlini dünyadan çəkib evinə gedər Allah.

Şah!

İnsan torpaqçün döyüşər. Atlar nalından yıxılar.
Ölmüş atın ayağından bizə baxar aypara.
– Yəni göylər yerə enər... göylər gələr döyüşə,
Görən, necə olar bir gün torpaq ayağa qalxıb
insanların uğrunda gecə-gündüz döyüşsə?

Mən də torpaq istədim bir uşağın dibçəyinə tökməyə...

Sonra qılınclar doğradı atların küt səsini,
Qapılar hər gün darıxdı, gözlədi it səsini.
Biz də məşəl yandırdıq önümüzü görməkçün,
Əksinə, tüstü qalxıb tutdu gözlərimizi.

Nal soyuğu gecədə bir sualım var sənə,
böyük Şah həzrətləri:
Buğdanın ortasındakı xətt
çörəyi yarı bölməli olduğumuza işarə deyilmi?

 

 

İLIQ DƏNİZDƏ BUZ PARÇASI

 

Həmin gün son dəfə danışacaqdıq,
Hava tutqun idi, axşamın küt vaxtıydı.
Mən bir az yorğun idim, sən bir az səbirsiz...
Sevginin “get” vaxtıydı.

Düşündüm, son dəfə qucaqlaşarıq,
Necə qucaqlayım? ...qolum yoxdu ki!
Göz yaşı içində gülümsədin də,
Hələ bir “yaxşı yol... get artıq” dedin.
Hara gedim axı: yolum yoxdu ki...

Əlini əlimə aldım gecədə,
Eləcə heykəltək qaldım küçədə –
Ömrümün büt vaxtıydı.
Saata baxdım: sevginin “get” vaxtıydı.

Son dəfə evinə ötürdüm səni.
Dayandın qapıda, çevrilib baxdın,
Niyə dayandın ki? ...bilirdin axı:
“Qapını ört” vaxtıydı.

Nədənsə həmin gün heeeç danışmadıq,
Elə bil dünyanın sükut vaxtıydı.
Dayandım...
Dayanıb ömrümə baxdım: “Əlvida... get” vaxtıydı.

 

 

İNİKAS

 

Yenicə çıxan yarpağın kölgəsi
ötənilki yarpağın düşüb çürüdüyü yeri örtər,
Günəş batanda isə görünər yaralarımız.

Otağımdayam... qədimi həqiqətimi pıçıldayıram:
“Divardan saat asanlar yaşamağı sevirlər,
rəsm asanlar həyatı”.
Mənimsə ömrümün dibçəyi qırılıb,
– yavaş-yavaş boşalır qum saatım.

Ağlayır zivədən asılmış köhnə palto suyun müdrik halı ilə,
Amma üzmək olmur bu otaq nəmişliyində.
Bilirəm mən... bilirəm ki:
Üstündə ağlayırsansa, torpaq da sudur!
Əşyaların tozlanması basdırılmaq arzusudur.

Pəncərədən baxıram... Payızdı, külək əsir…
Quşların qanadına oxşadığıyçün uçub gedir yarpaqlar.
Hüznlənmirəm daha.
Bəlkə də, bu göz yaşları hansısa fidanı böyütməyə tələsir.

 

 

İNŞİKAKU`L-KAMER

 

Pəncərənin qırıq şüşəsində sınır ayın əksi,
Ay sənin pəncərəndə bölünür iki yerə.
Otağında yoxsan… hardasa təksən.
İçimdə yazmayan qələminə süni nəfəs verən şagird ümidi var:
Yağış başlamamış gələcəksən.

...və yağış başladı ...və külək qalxdı.
Göydə uçan sellofanın üstündəki qadın mənə yuxarıdan aşağı baxdı,
Söykəndiyim ağac əl atıb o sellofanı havadaca tutdu:
Ardınca külək dindi,
Yağış öz damlalarını zivədən asıb qurutdu.

Otağında yoxsan... hardasa təksən,
Bilirəm, leysan tökməmiş gələcəksən.

Hərdən... Hərdən bir-iki damla düşür taleyimə,
Gözlərimdə həsrətin işıqforu yanır.
Gəl... Gəl ört o şüşənin qırıq yerini,
İçəridə sənlə bağlı dualarım islanır.

 

PARALELLƏR

(maksimalist minimalizm)

 

Qarı nar budağı ilə yun çırpır həyətdə,
Diksinir nar ağacına bağlanmış qoyun.

 

“Ədəbiyyat və incəsənət”

(24.10.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.