OVQATda Yusif Nəğməkardan “Bayraqlandı şəhərim”

Günümüzün ovqatı nədir? Əlbəttə ki, Xankəndinə bayrağımızın sancılması, Qarabağımızın tam azad olunması.

 

“Ədəbiyyat və incəsənət” portalı Ovqat rubrikasında bu ovqata köklənən şeirlərin dərcini davam etdirir. Bu dəfə Yusif Nəğməkardan “Bayraqlandı şəhərim” şeiri gəlir. 

 

Yaddaşlara toxunub

Soraqlandı Xankəndim.

Kitab kimi oxunub

Varaqlandı Xankəndim.

 

Bir vaxt susdu haqları...

Qapandı qulaqları...

Qurudu bulaqları -

Quraqlandı Xankəndim...

 

Yağılar yolun kəsdi,

Namərd cəhdi əbəsdi!..

Başından yellər əsdi...

Daraqlandı Xankəndim.

 

Yol seçdi aramıyla,

Halalı, haramıyla...

Azadlıq məramıyla

Yaraqlandı Xankəndim.

 

Axar döndü əksinə -

Yoluna, səkisinə.

Üçrəng taxdıq köksünə -

Bayraqlandı Xankəndim.

 

Əridi qəm-qəhərim-

Nur bələndi səhərim -

Bu da ümid bəhərim -

Gözün aydın, şəhərim,

Çıraqlandı Xankəndim!

 

 “Ədəbiyyat və incəsənət”

(17.10.2023)