5 lövhə - Səfa Rəşidin qürbət şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalı İspaniyada - Santander şəhərində yaşayan həmyerlimiz, gözəl şeirlər müəllifi Səfa Rəşidin şeirlərini təqdim edir. Qürbət şeirlərində vətən həsrəti doğmaların həsrətinə qarışaraq qüssə notlarına kökləyəcək sizləri. Amma mənəvi zənginlik məhz qüssədən, kədərdən, iztirabdan yaranar, bu bir aksiomdur. 

 

 

1-Cİ LÖVHƏ

 

Payız idi, bağçamızın gülləri

Soldurmuşdu yarpaqların sazaqda. 

Tənhalığın payızında üşüyüb

Darıxırdım, darıxırdım uzaqda.

 

Xilaf çıxdı vədəsinə arzular,

Nə doğrusu, nə yalanı bilindi.

Neçə ümid əllərimi buraxdı,

Neçə arzu ünvanını itirdi.

 

Sızıldadı yetim qalan ümidlər

Qəribliyin dumanında, çənində

Eh, nə yaman ip çəkəndi qəriblik,

Çırpınarsan tənhalığın əlində.

 

 

2-Cİ LÖVHƏ

 

Piyada keçidlərinə insan şəkli çəkin! 

Uşaq şəkli çəkin, əli çantalı...

Qoca şəkli çəkin, əli əsalı... 

Qadın şəkli çəkin, tale yüklü 

yorğun düşüncəsilə... 

Çırpın qapıları sərxoş yaramazlıqların üzünə, 

Uçurun içinizdəki qatillik piramidasını, 

Piyada keçidlərinə qorxusuz qaytarın insanları!

 

Günlər ümidlə açılmaqdan yoruldu... 

buludlar topa-topa ötdü pəncərəmizdən... 

Yağışlar payız olub 

yudu yiyəsiz qalmış 

bağlı darvazaları, 

Meşələr yaz geydi, payız soyundu... 

Uşaq bağçasında güllər çiçəklədi vərəqlərdə, 

günəş doğdu körpə barmaqlar arasında... 

Bir il də bitdi əzizim, bir il də bitdi... 

 

 

3-CÜ LÖVHƏ

 

Çox uzundu, gecələrin həmləsi,

Yorularsan, gözlərini qan çəkər.

Dayanarsan, aynaların önündə

Darıxarsan, bəxt üzünü yan çəkər.

 

 Kibrit-kibrit alışarsan içində,

Bir ummanlıq suda sönməz həsrətin.

Ayrı salıb taleyinin köçündən

Dəyişdirdin ünvanını qismətin.

 

Qırıq-qırıq saçlarından  dən olar,

Həsrət boyda ayrılığın ağrısı.

Taleyinin bir üzündə payız var,

Bir üzündə ürəyinin oğrusu.

 

 

4-CÜ LÖVHƏ

 

İndi səni hamıdan soruşuram... 

Gunəşə deyirəm, 

onun açılan sabahlarına şəfəqlərini dağıt,

dənizə deyirəm, 

dalğalarınla yaxınlaşan kədərini qov,

küləyə deyirəm, 

pəncərədən otağa dolan yalnızlığı 

qapıdan ötür, dəymə o xoşniyyətə,

çiynində saçlarını darıxdıran qadına toxunum.

 

 

5-Cİ LÖVHƏ

 

Bir ömür istədim Tanrıdan

Ödənişim, – qurbətdə payız.

Bir qadın sevdim,

Sevgisindən qorxduğum...

Bir məlhəm tapdım,

Ağrsından solduğum...

Divarların tanış səsində

həyat davam edir.

Yağışlar yağır, şeirlər pıçıldaşır.

Payızlaşır bir otaqda şair ömrü...

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2023)