Günəşimmi, ayımmı, ulduzummu? Yox, heç biri - ESSE Featured

Gülnaz, “Ədəbiyyat və incəsənət”

 

 

Günəşim olarsanmı? Sabahlar səmadan gülümsünər, məni isidərsən. Ancaq yandırmazsan.

 

Ayım olarsanmı? Qaranlıqda işığıma çevrilərsən. Yolumu aydınladarsan.

 

Ulduz olarsanmı? Elə doğmalaşarıq ki, uzaqlardan mənə göz vuranda səni milyonların içindən tanıyaram.

 

Bulud olub hərdən dolarsan, amma gurlamazsan.

 

Yağış olarsanmı? Məni oxşaya-oxşaya qulağıma həzin-həzin pıçıldayarsan.

 

Küləyim olarsanmı? Məni sərinlədər, ancaq üşütməzsən.

 

Qar dənəm olarsanmı? Pəncərədən əlimi uzadıb səni ovcumda qoruyaram. Nə olar,  çıxıb getməzsən. 

 

Sən gəl səma ol. Mənə qucaq aç. Hər kəs üçün əlçatmaz, sirli qal. 

Mən göylərə aşiq biriyəm.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2023)