POETİK QİRAƏTdə “Köçhaköç” Featured

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərə Yusif Nəğməkarın “Köçhaköç” şeirini təqdim edirik. 

Bir vaxtlar onlar bizi öz rus havadarlarının dəstəyi ilə yurd-yuvamızdan qaçqın salmışdılar. İndisə özləri getməli olublar…

 

 

K Ö Ç Ə K Ö Ç...

 

Bir vaxt köç başlamışdı

Qərbi Azərbaycandan...

Namərdlər daşlamışdı;

Can ayrılmışdı candan!..

 

Zaman çönüb əyişdi;

Yetdi qisas günü - öc...

Hökmün xımı dəyişdi;

İndi özgə köçəköç!..

 

Çərxin də pəri dönür,

Zəhər dolur tabağa...

Bu gün köç geri dönür,

Axsaq düşür qabağa...

 

Yolsuzluq girdabında

Yön tut yolda tıxaca -

Sanki dabaq sürünü

Toplayıblar arxaca...

 

Bu iştaha balansı

Yarıtoxdur, yarıac...

Kimlər oldu çalansı,

Kimlərdən keçdi arğac?!.

 

Tanrı düzən qaydanın

"Eyvah"ı, "kaş"ı yoxdur...

Dünya da köç meydanı;

Bu baş, o başı yoxdur...

 

Bürüş böhtanın əmrü

Zatən heç uzun deyil,

Bu da şər - şurun ömrü --

Əbədi izn deyil!..

 

“Ədəbiyyat və incəsənət”

(27.09.2023)