Baş hərfi “-“ Featured

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

“-“– ümid dolu gəncliyimin puça çıxmış arzularının qatili. Ömrümün ən

şirin anlarını acıya çevirən ilanların ən zəhərlisi. Əlifbada ən çox mənə

səni xatırladan baş hərfi- olan amansız sevgilim. Hər nə desəm azdı

sənə, sən ey rəhmsizlər, rəhmsizi.

Yox bəlkə də heç zaman, bir ömür boyunca oxumayacaqsan sənə

yazdıqlarımı, giley dolu hekayəmi. Və ya varlığımdan, yazılarımdan

xəbərsiz yaşayacaqsan gələcəyini. Bir dəfə də yadına düşməyəcəyimi

düşünürəm, çünki sənin xasiyyətinə yaxşı bələd olduğumdan deyirəm

bunları. Qışqırsam eşitməyəcək, yazsam oxumayacaq, ağlasam

duymayacaq, ölsəm ağlamayacaqsan. Bilirəm bütün bunların heç bir

dəyəri yoxdur sənə, çünki sən sənə qiymət verənlərin qiymətini

anlamayacaq qədər xudbinsən. Yeddi il bundan öncə necə idinsə, eləcə

də qalmısansa acıyıram sənə həyat yoldaşım deyən (rəqibim olmağına

rəğmən) o insanın gününə.

Yox, yəqin ki, burda yanıldım, nə bilim bəlkə o səndən də betər xudbinin biridir, sən onun yanında toya getməli birisən. Hər halda fərziyyələr çox ola bilər, ancaq bir həqiqət var ki, sən hər hansı bir kişinin xanımı, qadınısan. Sənə yalnız və yalnız xoşbəxtlik diləməyə çatır gücüm. Mən qarğış üçün yox, alqış üçün yarandığımdan məndən ancaq bunu gözləyə bilərsən.

“-“– bilirəm, oxumayacaqsan yazdıqlarımı. (Ancaq unutma ki, mən bir

yazaram, dərdlərimin yazarı. Sənsiz yaşaya bildimsə də, yazmasam

yaşaya biləcəyimə inanma. Həyatda ən etibarlı dostum ilhamımdır,

çünki məhz o, kədərimdə, sevincimdə mənimlə qoşa addımlayır, heç

zaman məni tərk edib getmir, uzaqlaşmır yanımdan). Sən oxumasan

belə minlər, bəlkə də milyonlar oxuyacaq yazdıqlarımı, çünki hər kəs

özünü tapacaq yazdıqlarımda. Bəlkə də, çoxları öz vəfasız sevgilisinin

baş hərfiniyazacaqsəninbaş hərfinolan “-“-ninyerinə. Bir tək sən

oxumayacaqsan, xəbərsiz qalacaqsan yazdıqlarımdan. Qəribədir

deyilmi? Axı bir zamanlar ilk oxucusu sən idin hər nə yazırdımsa, qəzet

oxumayan sən belə məhz mənə görə izləyirdin ədəbi mətbuatı (özün

filologiyada oxumağına rəğmən. İnsafən bunu da deməliyəm. Sən əlaçı

idin, sözün əsl mənasında əlaçı. Qrup yoldaşlarım sənə çalışqanlığına

görə həsəd aparanda, mənsə sənə qovuşmaq üçün alışırdım).

 Mənə görə ilk dəfə Yazıçılar Birliyinə ayaq basmışdın, axı o gün, mənim ikinci kitabım olan “Məni Sevgi Yaratdı”nın təqdimatı idi. Bir tək

gözüm səni gəzirdi onlarla insanın arasında, görkəmili yazıçılar, şairlər,

qohumlar, dostlar arasında bir tək sənə görə həyəcanlı idim, çünki

təndiq edilsəydim məhz sənin yanında utanacaq, qızaracaqdım.

Şükürlər ki, yanında bir o qədər də acizləşmədim o gün. Tənqidlərlə

yanaşı tərifləndim də. Nə bilim, bəlkə səndə qürurlanmışdın, axı sənin

sevgilinin kitabının təqdimatı idi. Onu hər gün intizarda qoymağına

rəğmən, o səndən bir an olsun belə ayrılmaq istəməyən aşiq idi.

Deyəsən səni şikayət edə-edə özümü də təriflədim bir az. Heç yaxşı

çıxmadı. Yoxsa son illər ərzində mən də xudbinləşmişəm. Yox bu ola

bilməz, ona görə ola bilməz ki, bir şair heç zaman xudbin ola bilməz,

kim nə deyir desin, mən şairlərin xudbin ola biləcəyinə inanmıram. Hə,

nə isə, uzaqlaşmayım sənin atmosferindən. Hər necə olsa, sənin havanın da öz gözəlliyi inkaredilməzdir. Çünki sənin havan mənə ilham vermiş, dərin - dərin düşünməyimə səbəb olmuşdur. Amma nəticədə heç bir şey səni qaytara bilməz. Sən elə sənsən. Üzərimə səni yazılarımda yaşatmaq düşür sadəcə və inanıram ki, sən o yazılarda sonsuzadək yaşayacaqsan.

Çünki hər şeydə bir az sən varsan və sən olan hər şey gözəldir,

əvəzsizdir. Sənə aid “şah əsər”imi nə zaman yazacağımı bir ulu Tanrıdan

başqa heç kim bilmir, bilə də bilməz…

Baş hərdi “-“, indi bilmirəm haralardasan. Azacıq eşitmişəm ucundan-

qulağından. Eşitmişəm ki, ailəlisən, bir qızın var, işləmirsən ( Təəssüf ki,

o qədər oxumağına rəğmən sonunda işsizsən. Bəlkə, həyat yoldaşın razı

deyil işləməyinə, yaxud ehtiyacın yoxdur işləməyə. Çox şey düşünmək

olar , ancaq nəticədə işsizsən). Xoşbəxtsənmi, yaxud əksinə. Hər nə

olursan ol, onsuz da həyatda hər şey nisbidir Eynşteyn misalı.

Aradan yeddi il keçib. Düşünürsən 7 il, zarafat deyil, bir

igidin ömrü deyib babalar. Həyatımda nələr olub keçib saymaqla

qurtarmaz. Uğurlarım da olub, itirdiklərim də. Ən başlıcası səni

itirmişəm, bundan sonra itiriləcək nəyim var ki... Hər nə itirsəm yenə

sənin yoxluğunun yanında heç nə olacaq.

Bu yaxınlarda üçüncü kitabımın nəşrinə hazırlaşıram, xəyal edə bilmirəm sənsiz keçiriləcək kitabımın təqdimatını. İnanmazsan, bəlkə də, yazarkən nələr keçirdiyimi.

Qələmlə yazmıram deyəm ki, mürəkkəb yerinə qanımla yazıram. İndi

artıq çoxları kompyuterdə yazmağa adət edib, axı biz yazarlar da

zamanla ayaqlaşmalıyıq ( ancaq mənə görə qələmlə yazmaq daha

gözəldir). Ay səni qolu-qanadı qırılmış həyatımın səbəbkarı. Bilirsən,

kimlərsə xəbər verə də sənə, gələsən o təqdimata, yaxud yuxunda qeybdən xəbər verələr sənə təqdimatın keçiriləcəyi məkanı, tarixi. Nə olar bilirsən, düzü mən də bilmirəm nələrin olacağını, nələrin yaşanacağını.

Bir onu bilirəm ki, o baş versə heç nə əvvəlki kimi olmayacaq

həyatımda. Həyatım 180 dərəcə bucaq altında dəyişəcək istiqamətini.

Ax bir gəlsən... Yenə yeddi il öncəki kimi səni düşünəcək ürəyim, səni

axtaracaq gözlərim. Səni, səni, səni baş hərfi “-“ olan sevgilim. Sən

gəlsən, kölgəndən belə tanıyaram varlığını, saçlarının ətirindən

anlayaram iştirakını... Ax xəyallar, xəyallar bir gərçək olsa, olsa da olsa.

Sonda sənə yeddi il öncə yazdığım şeirdən iki misranı xatırladıram və bunu ömür boyu xatırladacam sənə.

Məni istəsən də, istəməsən də,

Mənim olacaqsan şeirlərimdə.

Hə sevgilim, mənim olacaqsan. Cismani qovuşmasam da sənə, ruhən,

əbədi olaraq mənimsən, mənim olaraq da qalacaqsan. Bu ruhu heç kim

məndən ala bilməz, hətta ölümün özü də. Çünki mən bütün ruhumla

sənə bağlıyam, sən mənim içimdə görünməyən bir mənsən. Bütün bu

mənlərimlə sən mənimsən, mənimsən…

 

“Ədəbiyyat və incəsənət”

(05.09.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.