BİRİ İKİSİNDƏ: Nuranə Təbriz və Əziz Yaqubzadənin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Poeziya vaxtıdır, 1+1 rubrikasında bir gənc xanımın və bir gənc bəyin şeirləri təqdim edilir.

 

 

Nuranə TƏBRİZ

 

 

ZÜLMƏTİN QUCAĞINDA

 

...Və elə dərdlər də var,  ağır olur çəkisi;

Nə bitməyi mümkündür, nə də daşımaq olur.

Ruh da var ki, ağrısı meydan oxuyur cana,

Nə əcəl yaxın gəlir, nə də yaşamaq olur.

 

Şehli xatirələri baxışına çəkəsən,

Kimsə görməsin deyə, yumasan gözlərini.

Güləsən “arsız” kimi taleyinin üzünə,

Ağlayasan gizlində qucaqlayıb dizini.

 

Hara getsən, qaçaraq döndüyün o otaqda

Təkliyini görüncə divarlar üzə durar.

İşığı yandırsan da  zülmətin qucağında,

Taleyin şamı yanmaz, soban şaxta sovurar.

 

Dərd özü də bir dərdir, dərdi gizləmək betər,

Təsəllisi xoş gəlməz doğma bildiklərinin.

Güc aldığın güclərə məcbursan güc olmağa,

Hesabı yarım qalar üzə güldüklərinin.

 

 

Əziz YAQUBZADƏ

 

 

GİZLƏNPAÇ

 

Səndən sonra hamı bir az yarımçıq,

Səndən sonra hər şey çiydi bu evdə.

Səndən sonra elə küskün böyüdüm,

Xoş söz də xətrimə dəydi bu evdə.

 

Döşəməsi soyuq oldu bu evin,

Səndən sonra divarları qızmadı.

Nə vaxt biri getməyindən danışsa,

Bu qış gəlmiş evdə qəlbim sızladı.

 

Bir gün hamı yoxluğunla barışdı,

Bircə mən saxladım səni içimdə.

Sənin qəbrin üstə gedəndə belə

Mən səni axtardım evin içində.

 

Mən səni axtardım gecə yatanda,

Səhər anam məni oyadanda da.

Mən səni axtardım məktəbdən evə

"Quyruqlu beş" alıb qayıdanda da...

 

Özüm öpdüm qanayan barmağımı,

Heç kim gəlib göz yaşımı silmədi.

Mən hətta gizlənpaç oynayanda da

Səni axtarırdım, heç kim bilmədi.

 

Harda xoşbəxt ailə tablosu gördüm,

Gözüm həsrət ilə daldı uzağa.

Nə gizlədim, mən paxıllıq edirdim

Atasıyla oynayan uşaqlara.

 

İndi də ümidim tərdi, təzədi,

Sanıram, hardansa mənə baxırsan.

Bəs indi gözümü yumsam, səninlə

Gizlənpaç oynasaq, görən, çıxarsan?!

 

“Ədəbiyyat və incəsənət”

(31.08.2023)