Nazim Əhmədli “Kölgələri unutdum” deyir

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizləri Nazim Əhmədli ilə görüşdürürük. 

 

Bax, bu yayın sonuna,

hələ qalıb bir addım;

hava soyudu bir az,

kölgələri unutdum;

 

buludlar dəstə-dəstə;

baş qoyub yataq üstə;

daş atdım, budaq üstə,

vurub narı qanatdım;

 

yaz oldu, çiçəklədim,

dağı-daşı ləklədim;

qaranlığı təklədim,

saçlarımı qaraltdım;

 

divar ləmə-ləmədi,

sözü çözələmədim;

səhəri gözləmədim,

səni gecə oyatdım;

 

payız açan güllərin,

yaşıl çək, şəkillərin;

çox uzandı əllərim,

göy üzünə boy atdım;

 

yerin-göyün qurşağı,

gözlərimdən aşağı;

biz hələ çox uşağıq,

ayrılıqlar boyatdı.

 

“Ədəbiyyat və incəsənət”

(23.08.2023)