Böyük türk mütəfəkkiri Süleyman Çələbinin “Mevlid” kitabının təqdimatı olub

Rate this item
(0 votes)

Başa çatmış II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində yadda qalan tədbirlərdən biri də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilmiş böyük türk mütəfəkkir və təsəvvüf şairi Süleyman Çələbinin “Mevlid” kitabının təqdimatı oldu.

 

Kitab ötən ilin Türkiyə Respublikasında “Süleyman Çələbi İli” elan olunması münasibətilə Fond tərəfindən türkcə və almanca çap etdirilərək Almaniya, Avstriya, İsveçrə və digər Avropa ölkələrində yayımlanıb. 

Fondun bu layihəsi Avropa auditoriyasını türk ədəbiyyatının önəmli simalardan biri olan Süleyman Çələbinin irsi, eləcə də Türkiyənin qədim və zəngin dəyərləri ilə daha yaxından tanış etmək məqsədini daşıyır. İkidilli nəşrin türkcədən almancaya tərcüməsini K.Herrman Kiehl və Orxan Aras hazırlayıblar.

Kitabın təqdimatında çıxış edən Fondun layihə meneceri Nuri Aksu, bu il 100 illiyi təntənə ilə qeyd olunan Türkiyənin şanlı tarixə, qədim dövlətçilik ənənələrinə, mədəniyyətə malik olduğunu vurğulayıb. O deyib: “Türk xalqının yetişdirdiyi böyük elm və incəsənət xadimləri, ədəbi şəxsiyyətlər Türk dünyası ilə yanaşı bütövlükdə bəşər sivilizasiyasına mühüm töhfələr verib. XV əsrin görkəmli Osmanlı şairlərindən olan Süleyman Çələbinin qələmə aldığı “Mevlid” əsəri Türk-İslam mədəniyyətinin yaşadılması üçün mühüm əhəmiyyət kəsb edir. Bu əsər, eyni zamanda, türk dilinin qorunub saxlanılmasında, zəngin üslubu ilə yeni nəsillərə çatdırılmasında önəmli rola sahibdir”.

Fondun əməkdaşı Vəfa Mürşüdlü müasir dövrdə ümumtürk mədəni irsinin qorunmasının və beynəlxalq miqyasda yayılmasının əhəmiyyətindən söz açaraq, təşkilatın bu yöndəki fəaliyyətlərindən danışıb: “Türk xalqları sahib olduqları zəngin maddi-mənəvi sərvətləri ilə minilliklərdən bəri dünyanın ən nüfuzlu xalqları sırasında olublar. Nizami, Füzuli, Abay, Yunus Emre, Əlişir Nəvai, Süleyman Çələbi kimi Türk dünyasının dahi şair və mütəfəkkirləri öz fikir, düşüncə və hikmət xəzinələri ilə ümumdünya ədəbi-mədəni irsində silinməz izlər buraxıblar. Fond böyük türk şair və yazarlarının əsərlərini fərqli dillərdə nəşr edərək, onların yaradıcılığının müxtəlif ölkələrdə təbliğinə və ortaq türk dəyərlərinin geniş auditoriyalara tanıdılmasına töhfə verməkdədir”.

Tədbirin bədii hissəsində Süleyman Çələbinin “Mevlid” əsərindən parçalar səsləndirilib.

Sonda Fondun Türk dövlətlərinin, eləcə də Türkiyənin mədəniyyətini müxtəlif yönlərdən əks etdirən kitablardan ibarət sərgiyə baxış keçirilib.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2023)