“İRS” jurnalının ərəb dilində növbəti sayı nəşr olunub

Rate this item
(0 votes)

“İRS” beynəlxalq jurnalının ərəb dilində “İRS-Turas” adında növbəti sayı nəşr olunub. Jurnalın yeni sayı Azərbaycanın ərəb ölkələri ilə diplomatik, mədəni və iqtisadi əlaqələri haqqında baş redaktor Musa Mərcanlının yazısı ilə açılır. Ərəb tədqiqatçısı Əhməd Tarabikin məqaləsində bu əlaqələrin tarixi, ikitərəfli və çoxtərəfli münasibətlər daha geniş təhlil fonunda oxuculara çatdırılır.

 

Tanınmış jurnalist Umniya İbrahimin Azərbaycanın və Qafqazın mədəniyyət paytaxtı Şuşanın 28 ildən sonra düşmən tapdağından azad edildiyi, hazırda şəhərdə işğalın nəticələrinin aradan qaldırılması üçün fəal iş aparıldığı, Qarabağda tarixi abidələrin və memarlıq irsinin bərpasının həyata keçirildiyi haqqındakı məqaləsi ərəb oxucularının böyük marağına səbəb olacaq. Qarabağ mövzusunun davamı kimi tədqiqatçı Ömər Əhməd işğal olunmuş ərazilərin Ermənistan tərəfindən minalanması, bunun törətdiyi fəsadlar konkret faktlar və fotoşəkillərlə təqdim olunur. Məqalədə qeyd olunur ki, torpağa basdırılmış saysız-hesabsız minalar insanlıq əleyhinə cinayət olmaqla bərabər, onlarla dinc əhalinin ölümünə, şikəst olmasına gətirib çıxarıb. Çox böyük ərazidə basdırılmış minalara görə işğaldan azad edilmiş bölgələrdə insanların öz doğma yurdlarına dönməsi yubanır və müntəzəm faciələrə səbəb olur.

Bunlardan əlavə, Azərbaycanın yeganə ərəbdilli jurnalı olan İRS-Turasın bu sayında ölkənin milli mətbəxi haqqında ərəb müəllifi Suad Bəşirin, turizm potensialı barəsində Əhməd Sami Elaydinin məqalələri ərəb oxucularına Azərbaycan haqqında geniş bilgi verir. Jurnalın bu sayında digər maraqlı məqalələr də öz nəfis tərtibatı ilə diqqəti cəlb edir.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)