Ən yaxşı motivə edən kitab

Rate this item
(0 votes)

Moskvada, İSP nəşriyyatında rus və ingilis dillərində, eləcə də Bakıda OL nəşriyyatında Azərbaycan dilində yazıçı Əlibala Məhərrəmzadənin “Ev tapşırığı. Uğur düsturunu necə tapmalı” kitabı işıq üzü görmüşdür. Motivasiya ədəbiyyatı sevənlər üçün gözəl töhvə olan, rusca nəşri “Qilyarovski publisisti təqdim edir” seriyasında, ingiliscə nəşri “Beynəlxalq Nabokov mükafatı” seriyasında uzun siyahılara düşən, tanıtım listələrində “Motivasiyaya ehtiyacı olanları uğur və xoşbəxtlik axtarışlarına motivə edən kitab” kimi tərif olunan “Ev tapşırığı”nda uğur qazanmağın vasitələri və yolları, ayrı-ayrı uğur təmrinləri, karyera qurmaq və lider olmağın yolları göstərilir, geniş oxucu kütləsinə hesablanan bu əsərdə həm də ayrı-ayrı məşhur kouşların təlimlərinin qısa konspekti verilir. Bir sözlə, əsl birnəfəsə oxumaq üçün kitab.

Qeyd edək ki, Əlibala Səttar oğlu Məhərrəmzadə 1976-cı ildə Quba şəhərində dünyaya gəlib. İqtisad elmləri doktoru, professordur. Ədəbi yaradıçılığa gənc yaşlarından başlayıb. “Çovdar çörəyi”, “Bakı üçbucağı”, “Ev tapşırığı. Uğur düsturunu tapmalı” kimi əsərləri ilə tanınıb. Azərbaycandan başqa Rusiyada, Ukraynada kitabları çıxıb, “Ev tapşırığı”nın beynəlxalq reputasiyasından başqa“Çovdar çörəyi” də nüfuzlu “Gümüş LiFFt” seriyasından nəşr edilib. “Xocalı soyqırımı” publisistik əsəri isə sərhədləri aşaraq əcnəbi oxucuları 1992-ci il fevralın 26-da erməmi faşizminin törətdiyi misli görünməmiş vəhşiliklər barədə məlumatlandırmaqdadır.

Əlibala Məhərrəmzadə Ukraynanın Müqəddəs Georgi ordeninə, Ukrayna Nazirlər Kabinetinin Fəxri Fərmanına, Rusiyanın Fyodr Dostoyevski medalına layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin Rəsul Rza mükafatçısıdır.

“Ədəbiyyat və incəsənət” portalı bu həftədən etibarən kitabın bir-birindən maraqlı bölmələrini oxucularının ixtiyarına verməyi planlaşdırır.

Həyat dərsini kitablardan almağın əsl vaxtı deyildırmi?