Saqif Qaratorpağın “6 saatlıq sükut”u

Rate this item
(0 votes)

"Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü Xəyyam Nəsibovun dəstəyi ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Məclisinin sədri Saqif Saqif  Qaratorpagın "6 saatlıq sükut" adlı şeirlər kitabı işıq üzü görüb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, yaxın günlərdə kitabın təqdimat mərasimi keçiriləcək. Təqdimat haqqında ətraflı məlumat veriləcək.

Kitabda şairin son dövrlərdə qələmə aldığı şeirləri toplanıb. Dərin lirika bu şeirlərin ən əsas xüsusiyyətidir. 

 

Mən belə dəliyəm, məni görmə, get!

Xoşuna gələsi axı nəyim var?

Sevda ətri verən, şeir qoxuyan

Nəfəsi yanıqlı qırıq neyim var...

 

Bir eşqin yarası sinəmdə göz-göz,

Hər gün həsrət-həsrət çiçəkləyərəm.

İçimdə bir bahar buludu ağlar,

Misra-misra, bənd-bənd çisəkləyərəm.

 

Nə xoşdu özümə verdiyim cəza,

Əzabım - qönçədi, ağrım - tumurcuq.

Min ildi özündə azan dərvişəm,

Ürəyi-xaraba, koması-uçuq.

 

Məni sözə tutma, sözə uyaram,

Qəfil kövrələrəm...sonra gec olar.

Qapısı gül açar kimsəsiz evin,

Bu yurddan o yurda köçhaköç olar.

 

Səni aldatmasın bu yaz havası,

Tələsmə dumandan, çəndən keçməyə.

İlişib qalarsan sol tərəfimdə,

Yol tapa bilməzsən məndən keçməyə...

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2023)