Nə edəcək Varis Ədəbiyyat Fondunda?

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Daycest bölümündə Azərbaycan Ədəbiyyat Fondunun yeni təyin olunmuş baş direktoru Varis Yolçuyevin “Şərq” qəzetinə verdiyi müsahibəsini oxucularının diqqətinə çatdırır. 

 

Varis Yolçuyev: “Bütün mədəni həyat Bakıda cəmləşib. Elə bölgələrimiz var, ədəbiyyatsevərlər həsrətlə gözləyir ki, bir yazıçı, şair ora qonaq gəlsin”

 

“Bir dəfə izləyicilərdən biri mənə yazmışdı ki, niyə Qobustana gəlmirsiniz, qorxursunuz ayağınız palçığa batar?!”

 

Yazıçı, Əməkdar jurnalist, Azərbaycan, Rusiya yazıçılar birlikləri, həmçinin Beynəlxalq Yazıçılar Gildiyasının üzvü Varis Yolçuyevin Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru təyin edilməsi varissevərləri xeyli sevindirdi. Təbriklər hələ də ard-arda düzülüb. Təbriklər öz yerində, amma vəzifə də kiçik deyil. Məsuliyyəti də yəqin böyükdür. Nə edəcək Varis Ədəbiyyat Fondunda? Sevilə-sevilə oxunan yazıçı – romançıdır, geniş əlaqələri var, ölkə xaricinə çıxa bilir. Sahib olduğu nüfuzdan ədəbiyyatımız üçün istifadə edə biləcəkmi?  

 

Yeni baş direktorla, hələlik, atüstü söhbət etdik. Geniş söhbətin baş tutacağına da inanırıq. Çünki hər kəsə açıq ziyalıdır.     

 

- Varis müəllim, ilk növbədə vəzifəyə təyinatınızı təbrik edirik. Uğurlu olsun, yorulmayasınız. Yəqin ki nələrsə planlaşdırırsınız... 

 

- Bəli, planlar var. Ən birincisi... Bir neçə beynəlxalq festival, müsabiqədə Azərbaycan yazıçılarının, əsasən də gənc yazarların iştirakını - həm onlayn formatda, həm də şəxsən iştiraklarını təmin etmək. Sonra daha bir vacib işimiz mədəniyyət sahəsində fəaliyyət göstərən media quruluşlarına, Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanları da daxil olmaqla dəstək verməkdir. Belə bir layihəmiz var. Vacib tədbirlərimizdən digəri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubiley tədbirləri çərçivəsində Azərbaycan yazıçılarının təbiət qoynunda plenumunu keçirmək. Bilirsiniz ki, 100 illik yubiley təntənələri çərçivəsində teatr, kino, musiqi sahəsində tədbirlər keçirilir. Ədəbiyyatla bağlı da biz böyük bir tədbir planlaşdırmışıq. Bu, plenum səviyyəsində, qlobal bir tədbir olacaq, geniş, əhatəli...

 

- Təbiət qoynunda dediniz, ağlıma ilk Şuşa gəldi...

 

- Yox, Şuşada keçirməyi düşünmürük. Şuşa, maşallah,  tədbirlərlə doludu; Vaqif Poeziya Günləri keçiriləcək, Xarıbülbül festivalı, başqa mədəniyyət tədbirləri... İstəyirik bölgələrə, kənarlara çıxaq. Bütün mədəni həyat Bakıda cəmləşib. Elə bölgələrimiz var, ədəbiyyatsevərlər  həsrətlə gözləyir ki, biz yazıçı, şair ora qonaq gəlsin, bir ədəbi tədbir olsun. 

 

- Uzaq bölgələri nəzərdə tutursunuz o zaman...

 

- Uzaq, yaxın, fərqi yoxdu. Amma Bakıdan çıxaq. Məsələn, Sumqayıtda böyük ədəbiyyat bayramı olsa, necə böyük səs salar. Ya da hansısa başqa bir bölgədə. Gəncə, Şamaxı qədimdən elm, irfan, şeir, sənət yurdu olub. Oralarda ədəbi həyatı canlandırmaq lazımdı. İstəyirəm, ədəbi tədbirlər hər bölgədə, lap ucqar bölgələrdə də keçirilsin. Yazıçı kimi paylaşdığım postlar zamanı müşahidə etmişəm, bölgələrdə ədəbiyyata daha çox maraq var, nəinki paytaxtda. Bir dəfə izləyicilərdən biri mənə yazmışdı ki, niyə Qobustana gəlmirsiniz, qorxursunuz ayağınız palçığa batar?!. Acığa ora getdim. Qobustanın bir kəndi idi...

 

- Hansı kənd?

 

- Adı yadımda deyil, bağışlasınlar. Amma postuma bunu yazanı xatırlayıram. Təsəvvür edin, elə ucqar yer idi, maşın bizi ora güclə aparıb çıxardı. Böyük bayram oldu oranın əhalisi üçün. Adətən biz ütülü, sığallı tədbirlərə meyl edirik, amma belə yerlərə getmək vacibdir. Ümumiyyətlə, ədəbiyyat adamları bölgələrə daha çox getməlidirlər. 

 

- Varis müəllim, anlaşıldı ki, böyük tədbirlər keçirməyi planlaşdırmısınız. Bəs maliyyəniz varmı? Bu tədbirlərin keçirilməsi külli miqdarda vəsait lazım olacaq.

 

- Fondu formalaşdıracağıq. İndi hələ işimizi qururuq. Mədəniyyət sahəsinə yatırım qoymaq istəyən insanlar var. Qolumuzu çırmayıb işə başlayırıqsa, bu məsələni də həll etməliyik. Dünyanın qabaqcıl mədəniyyət fondlarının iş prinsipi, mexanizmləri ilə tanış olmalıyıq və həmin mexanizmlərin tətbiqinə çalışmalıyıq. 

 

- Yəni deyirsiz, hazırda Fond boşdu...

 

- Bu gün üçün Fondda maliyyə yoxdu.

 

- Bəs indiyədək Fond nəylə məşğul olub?  

 

- Sovet dövrü bu cür fondlar məşhur idi. Amma sonra uzun müddət fəaliyyətsiz qaldılar. Ədəbiyyat Fondu təxminən, 2015-ci ildən heç bir fəaliyyət göstərməyib. 

 

- O zaman sizin üçün çətin olacaq, Varis müəllim. Sizə uğurlar arzulayırıq. Planlaşdırdığınız işləri inşallah, həyata keçirərsiniz. 

 

- Çox sağ olun, çalışacağıq. 

 

Söhbətləşdi: Məlahət Rzayeva   

 

“Ədəbiyyat və incəsənət”

(13.04.2023)