"Türkoloji etüdlər" təqdim olunub

Rate this item
(0 votes)

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda, görkəmli türkoloq, professor Minaxanım Təkləlinin "Türkoloji etüdlər" kitabının təqdimatı olub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, türkploji və dilçilik baxımından çox dəyərli olan kitabda müxtəlif illərdə yazılmış  məqalələr yer alıb. Filologiya elmləri doktoru professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, çoxsaylı elmi və publisistik məqalələrin müəllifi Minəxanım Təkləli ümumtürk mədəni irsinin araşdırılıb öyrənilməsi, ortaq tariximizin qəsdən təhrif edilmiş şərəfli səhifələrini yenidən bərpa etmək, türk dillərinin tarixi, bu günü ilə bağlı problemləri və uğurları, nəhayət qədim türklərin dünya mədəniyyətindəki mövqeyini aşkarlamaq istiqamətində araşdırmalar aparır. Elmi axtarışlarla bərabər, bədii yaradıcılıqla da məşğul olur, türk dünyası əfsanələrini yazıya alır, böyük şəxsiyyətlərin həyatından portret yazılar yazır. O, həmçinin Özbəkistanda, Moskvada, İranda, Türkiyədə keçirilən türkoloji və şərqşünaslıq məsələlərinə dair konfranslarda iştirak edir. Minaxanım Təkləlinin "Mərkəzi Rusiyanın türk coğrafiyası", "Türk əsilli ruslar", "Yaddaş", "Azad və tənha adamlar'", "Türk sözləri rus dilində" və s. kitablarını da sadalamaq olar. Bu mövzuda kitablar çoxdur. Amma M.Təkləlinin kitabları öz unikallığı ilə seçilir. 

Öncə Əməkdar elm xadimi Tofiq Məlikli təqdim olunan kitab haqqında məlumat verib. Müəllif kitabından bəhs edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib. O, kitabının necə ərsəyə gəlməsindən və nədən bəhs etdiyindən danışıb. Bildirib ki, araşdırmalarının əsasını bir çox rus sözlərinin, dövlətçilik ənənələrinin, dövlət atributları və simvollarının türkcədən gəlməsi, türk köklü olması təşkil edir. 

Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir belə tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb.

Yazıçı-publisist, Əməkdar jurnalist Fazil Güney Minaxanım Təkləlinin bu araşdırmalarının təqdirəlayiq olduğunu qeyd edib. 

Tanınmış yazıçı Hüseynbala Mirələmov “Ədəbiyyat və incəsənət” portalının əməkdaşına kitabın türkologiya tarixində möhkəm yer tutacağına əmin olduğunu bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(12.04.2023)