Orxan Fikrətoğlu: “Azərbaycan kino sahəsində bu gün dahi yoxdur"

Rate this item
(0 votes)

Azərbaycan kinosu yarandığı gündən azərbaycançılığa, milli düşüncəyə və ideologiyaya xidmət edib. Yəni hər bir dövrdə çəkilən filmlər janr müxtəlifliyindən asılı olmayaraq maarifçilik missiyasını yerinə yetirir. Fəxrlə deyə bilərik ki, 124 illik böyük tarixi yol keçən Azərbaycan kinosu cəmiyyətin inkişafında böyük rol oynayıb. Azərbaycançılığa, dövlətçiliyə töhfələr verən milli kinomuz heç vaxt öz yolundan dönməyib.

Mövzu ilə bağlı ssenarist, rejissor, “Xalça nəğməsi”  filminə görə  1-ci Beynəlxalq Yalta kinofestivalının  baş mükafatçısı, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunun Referans.az-a verdiyi müsahibəni Daycest bölümündə sizə təqdim edirik:

 

 

* Azərbaycanda güclü kino sənayesinin yaranması üçün nələr lazımdır və buna nələr mane olur?

"Çox təəssüf ki, bu gün Azərbaycanda çəkilən bir çox filmlər mövzu seçimi  azadlığını, təqdim edilən  kino nağılın vizual  dərinliyini, obrazların  milli və ya fərdi xüsusiyyətlərini  vizual mədəni dəyərlər silsiləsi vasitəsi ilə auditoriyaya  yetərincə çatdıra bilmirlər. Bu filmlər eyni zamanda cəmiyyəti tərbiyə etməli olan  milli ideoloqunu, standart azərbaycanlı zövqünü və ümumiyyətlə bizim xalqın mədəni haləsini belə  özündə əks etdirmir. Azərbaycanda çəkilən filmlərin əksəriyyəti  nə milli ideoloji konteksdə  nə də ki, dünya kino taxçası reallığında  deyil. Avtonomdur. Ancaq özü üçündür. Və dünya standartlarına uyğun deyil. O, ki qaldı milli kinonun sənayeləşməsi prosesinə. Bunun özü də Azərbaycanda hələ ki bir proses olaraq təkmilləşməyib.

Azərbaycanda  kino sənayesi  ancaq  iqtisadiyyat liberallaşdığı zaman, bir yeni mənzərə kimi   formalaşa bilərdi. İqtisadi alanda  reklam və digər müvafiq bazarlar həqiqətən işlək olacağı zaman, əsl rəqəbətin olduğu zaman milli kino Azərbaycanda sənayeləşə və gəlir gətirməyə qadir ola bilərdi. Monopoliya aradan tam qaldırıldığı zaman, “pulu verən musiqini sifariş edir”  məntiqi  aradan qaldırıldığı zaman, zövqlü və pəşəkar kino prodüserlər dövrü yaranacaqdır. Ancaq o zaman kinonun sənayeləşməsindən danışmaq mükün olacaq. Hələlik isə kim nə tutdu tutdu zamanıdır.

Azərbaycanda gerçək  iş adamlarının  vergilərdən tam azad olunması şərti ilə  kinematoqrafiyaya pul yatırımları etməsi də sənayeləşmə baxımından Azərbaycan kinosunun inkişafına xidmət edə bilər. Amma bir müşkül də var. Təəssüf ki,bir çox iş adamlarının kino zövqü hələ ki, tam formalaşmayıb. Bu gün Azərbaycanda Nağıyevlər, Tağıyevlər, Əsədullayevlər yetişmir. Maarifçilik, mental zövq anlayışları də fərqlidir. Amma kino səneyesinin inkişafı baxımından iş adamlarının yəni ki biznesin kinoya yatırım qoyması gərəkliliyi mühümdür. Və biznesin qatqısı bu sahədə mütləqdir.

Amma dövlətin milli ideoloji zəminində sifariş verəcəyi və dövlətin nəzarətində olmalı olan mövzularla bağlı  filmlərin çəkilişi və bu sahənin məhz dövlət ideolojusu reallığında mövcudluğu da, mütləq təmin edilməlidir. Bu artıq dövlət sektoruna aid işdir.   

Zövqsüz kino sənayesinin  yaratdığı  filmlərinə örnəyi Azərbaycanda var. Bu gün də mollarda, supermarketlərdə nümayiş etdirilən bəsit Azərbaycan komediyaları. Əlbəttə bu filmlər Azərbaycan mədəniyyətinin göstəricisi kimi təqdim oluna bilməz. Bununla belə kino səneysi, kino biznesi dediyimiz amil nə yaradırsa o yaradılanla da razılaşmağa məcburuq. Bu gün milli mentallıq bu səviyyədədir. Təhsil və mədəniyyət bu gün bu tip tamaşaçı zövqü formalaşdırıb. Sifariş budur. Və sənaye onu satır. Hələki Azərbaycan kino biznesi  intellektual baxımdan Azərbaycan mentallığını  tam əks etdirməyən bu təbəqə ilə işləyir. Müəlif kinosu anlayışı isə yeni-yeni formalaşır.

Müəllif və festival filmləri tamam ayrı mövzudur.Bu faktor daha çox adla,istedadla bağlıdır. Yeni və daha yüksək zövqlü kinomotoqraf da Azərbaycanda daha çox  intellektual rejissorların, ssenaristlərin və operatorların özlərinin  birbaşa biznes ilə qura biləcəyi təmasından yaranacaq. Bu da kino sənayesinin bir qoludur. Yəni onu demək istəyirəm ki, Azərbaycanda yaranacaq kino sənayesi əlbəttə ki, polifonik reallıqda inkişaf edəcəkdir.  Bununla belə kino sənayesinə maneə olan ən mühüm amil kinonun bu gün bir əldən, bir mənbədən yəni dövlət tərəfindən maliyyələşməsidir. Və eyni zamanda həmin maliyyəni öz ağlında bölən, həmin maliyyə ilə işləyən qurumların səriştəsizliyidir. Çünki kino bildiyimiz kimi ən əvvəl peşəkarlıq və zövq məsələsidir. Ona görə də kinoya pul verən qurum ən əvvəl zövqlü, peşəkar və obyektv olmalıdır ki, bütnü tərəfləri əhatə etsin.

Mənim “Turan atı” adlı bir ssenarim var. Bu ssenarini  Türkiyə kinematoqrafçular dərnəyinin başqanı oxuyub bəyəndi və onun əsasında film çəkmək istəyini dedi. Və həmin adam o zaman Azərbaycana gəldi, mənim ssenarimi aldı, mənimlə müqavilə də imzaladı. Həmin məktubu o zaman kinostudiyanın direktoru olan dostum Müşviq Hətəmova da verdim.  Hətta İran tərəfi da bunu maliyyələşdirmək istəyirdi.Rejissor Babək Şirinsifət də işin içində idi. O zaman mən də Mozalan satikrik kinojurnalının direktoru idim. Türklər Azərbaycandan sadəcə logistik dəstək istəyirdilər.  Düz bir il ərzində biz o logistik dəstəyi mədniyyət və turizm nazirlyindən ala bilmədik. Ala bilmədiyimizə görə onlar məndən inciyib  getdilər. Və o film çəkilmədi. “Turan atı” Nuru paşanın Bakını  işğaldan azad etməsi ilə bağlı bir ssenari idi.Və bizim  dünyada tənhalığımızı əks etdirirdi. Bu təbii ki,  məsələ bu gün mənim incikliyim deyil. Sadəcə sonra Qarabağı biz işğaldan azad etdikdən sonra,Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan Azərbaycana  gələndə bizim ona göstərməyə hər ikimizin taleyi ilə bağlı bir film tapılmadı. Halbuki mən bu ssenarini yazmışdım. Bu gün də Kino Agentliyi bütün situasiyalara  hazır olmalıdır. Və bizim üçün sokral olan mövzular ilə bağlı  Azərbyacnan tarxinin şərəfli səhifələri ilə bağlı, milli ideoloji zəmində  filmlər çəkilməlidir. O ki, qaldı səneyələşməyə bu iş Azərbaycanda  altı amildən aslıdır.  

1.İqtisadiyyatın liberallaşması;

2. İş adamlarının, kinematoqrafiyaya pul yatıran insanların vergidən azad olunması;

3.Düzgün kino konsepsiyasının yazılması və qəbul olunması;

4. Kinemotoqrafiyanı idarə edəcək daha çevik, obyektiv və işlək  mexanizmlərin yaradılması və təkmilləşməsi;

5. Kino təhsilnin bərpa edilməsi;  

6. Kino industriyada çalışan mütəxəssislərin daha çox xaricdə praktika keçmələri və Azərbaycana qayıdıb həmin artıq işlək olan mexanizmləri Azərbaycanda tətbiq etmələri."

 

* Kino-aktyor məktəbi hansı səviyyədədir? Bunu necə qiymətləndirirsiniz?

"Kino bildiyimiz kimi kollektiv sənətdir. Onu bir adam yaratmır. Aktyorlar kinoda çox  mühüm bənd olsalar da, ən mühüm bənd deyillər. Bununla belə aktyorsuz kino olmur. Azərbaycanda kino aktyor məktəbi həmişə olub, bu gün də o ənənə pis və ya yaxşı şəkildə  yaşanmaqda və görünməkdədir. Bununla belə mən daha çox kinoda  ikinci dərəcəli kino mütəxəssisləri adlandırılan təbəqədən danışmaq istəyərdim. Bu təbəqə kinonu çiyinlərində daşıyan  adamlardır. Onlar, ikinci operatorlar, səs rejissorları, assistentlər, dekorçular, kostyumçular, dekor və geyim rəssamları, kino administratorlardır. Bu eşelon artıq Azərbaycanda yox olmaq üzrədir. Bu insanlar uzun illər kino sahəsində  çalışmış və illərlə təcrübə qazanmış insanlar olmalıdırlar. Təəssüf ki, biz bu ikinci eşelon  peşəkarlarını artıq itirmişik. Azərbaycanda çox az belə peşəkar  qalıb. Ola bilsin ki, dediyim peşələrə  uyğun hər hansı bir  universitetdə bu kimi  ixtisaslar tədris olunur. Hər il müəyyən sayda operatorlar,  rejissorlar bu universiteti bitirirlər də. Amma üzə çıxan həmin o yükü daşımağa qadir olan peşəkarlar bu gün yetişmir. Mən uzun illər kinemotoqrafya sahəsində çalışdığım üçün çox şadam ki, o azman sənətkarları görmüşəm. Onlarla birlikdə işləmişəm. Bu gün onlar sağ olmasalarda, Azərbaycan kino  məktəbinin əsasını qoymuş şəxslərdir.  Bununla belə Azərbaycanda kino- məktəbinin yenidən həmin qaydalarla  bərpa olunmasına ehtiyac var".

 

* Ssenari yaradıcılığı ilə bağlı nə deyə bilərsiniz? Rejissorlarımız tez-tez deyirlər ki, çəkməyə ssenari yoxdur. Nə dərəcədə razısınız.

"Əgər  hansısa  rejissor söyləyirsə ki, onun çəkmək üçün ssenarisi yoxdur ümumiyyətlə  ssenari tapmır, deməli o rejissor deyil.  Çünki rejissor kinematoqrafiyaya  öz mövzusu  ilə gəlməlidir. Əgər onun sözü, ssenarisi və ssenaristə  sifariş verməyə beynində mətni, hekayəsi yoxdursa o ümumiyyətlə kinematoqrafiyaya  gəlməməlidir. O, rejissor ki, 20 il sonra nə çəkəcəyini  bilmirsə ,o rejissor deyil. Mən əminəm ki, Azərbaycan ədəbiyyatında 10-a  yaxın dünya çaplı ssenari var, sadəcə bunu  çəkəcək rejissor yoxudr. Məsələn, Tağıyevin əhvalatı. Özü -özünü yaradan milyonçunun əhvalatı. Nuru paşanın əhvalatı, Tusinin  əhvalatı. Bunları ona görə deyirəm ki, şəxsən mən bu ssenariləri yazmışam və məndə  əhvəlatlar var. Mənim ssenari faylımda 10-a yaxın çəkilməmiş  ssenarim qalıb.  Düşünürəm ki, onları  da zamanı gələndə hər  hansı gənc rejissor tərəfindən çəkiləcək. Amma bu gün çəkilsə daha yaxşı olardı. Ümumiyyətlə bizim ssenari sahəsində korluğumuz  yoxdur".

 

* Beynəlxalq festivallarda son zamanlar az-az filmlərimiz iştirak edir. Bunu daimi etmək üçün, bu uğuru qazanmaq üçün nə lazımdır?

"Azərbaycan kinosunun beynəlxalq festivallara  çıxmaq  istəyi düşünürəm ki, təbiidir. Çünki  tanınmaq, Azərbaycan marağını və  mövzusunu dünyaya çıxarmaq hər bir rejissorun istəyidir. Bu təbii istəkdir. Amma bir şərtlə, gərək Azərbaycan  marağı  festival şərtləri ilə redaktələrə məruz qalmasın.

Beynəlxalq  festivallara çıxmaq üçün beynəlxalq standartlara uyğun filmlər çəkmək lazımdır. Filmin  texniki tərəfləri,mövzu standartları da  nəzərə alınır. Kadr və nağıl peşəkar səviyyədə qurulmalıdır. Aktyorun üzünə qədər düşünülməlidir. Və nəhayət ən vacib amil istedad  olmalıdır".

 

* Yeni yaradılan Kino Agentliyi ilə bağlı nələr demək istərdiniz? Bu qurumdan hansı gözləntiləriniz var?

"Yeni yaranmış Kino Agentliyinə ən əvvəl  obyektiv olmağı tövsiyyə edirəm. Azərbaycan  kino sahəsində bu gün dahi yoxdur. Ona görə də hamıya iş verilməlidir. Gözləntilərim çoxdur. Azərbaycanda kinonun dirçəldilməsi birinci şərtdir. Azərbaycanda kinematoqrafiya sistemi daha yeni modeldə və formtada yenidən təşkilatlanmalıdır. İstedadlı adamları zövqündən, mövqeyindən, hər hansı bir təşkilata aid olub olmamasından asılı olmayaraq bütün ciddi kinematoqrafçıları  həmin bu agentlik öz ətrafında toplamağı və onlara düzgün sifarişlər verməyi bacarmalıdır. Azərbaycan kinosunun dünyaya çıxarılması zəminində konstruktiv və real addımlar atmağı bacarmalıdır. Mənə elə gəlir ki, Azərbaycanda bu Kino Agentliyi daxil  olmaqla administrativ  heyətlər həddndən artıq çoxdur.İş isə az. Məsələn, iki dənə kinematoqrafçılar ittifaqı var. Boynumuza alaq ki,Azərbaycan üçün bu  çoxdur.

Kino Agentliyi  kino ictimaiyyəti ilə  birbaşa təmasda olmamışdan əvvəl özünün milli ideoloju zəmində  “kinematoqrafik konsepsiyasını”  işləyib hazırlamalıdır.  Və bu layihəni  müzakirə üçün gündəmə çıxarmalıdır. Peşəkər kinematoqrafçular bunu ən azından müzakirə etməlidirlər.

Mənim kinodan istədiklərim  ilk  növbədə istedadlıra yolun verilməsidir.. İnsanların kinodan uzaqlaşdırılmamasıdır. Yaşından, başından asılı olmayaraq bütün kino qüvvələri həmin bu Kino Agentliyi ətrafında işlə təmin olunmalıdır.

Kino Agentliyi bugünki reallıqda həm daxili bazarı  həm də xarici kinematoqrafik reallığı çox dərindən və dəqiq mənimsəməli və bu reallıqlara  uyğun filmlər sifariş verməlidir.

Festivala gedən müəllif  filmlərinin  çəkilməsinə də kömək edilməlidir. Amma bu o demək deyil ki, bir tərəfi maliyyələşdirib, o  biri tərəfi tam nəzarətdən kənarda  qoyasan. Həm dövlət sifarişi ilə çəkiləcək filmlər, həm müəllif filmləri,  həm  koomersiya filmləri.  Bir sözlə  bütün sahələri əhatə edən filmlər eyni proporsional qaydada nəzarətdə saxlanılmalıdır.

Eyni zamanda kino məktəbinin açılması, kino təhsilinin bərpa olunması, Azərbaycanlı gənclərinin xaricdə kino təhsili almaq  üçün göndərilməsi, kinematoqrofın hörmətinin  özünə qaytarılması, televiziyalarla və sosial şəbəkələrlə düzgün qurulamalı olan  işlər... Bütün bunlar əlbəttə ki, Kino Agentliyini üstünə düşən çətin məsələlərdir.

Son 3-4 ildə çəkilən filmlər hardadır? Bu filmlər də ictimaiyyətin müzakirəsinə çıxarılmalıdır ki,  görək dövlətin vəsaiti hara xərclənib. Filmlər pisdir ya yaxşıdır bu sonrakı söhbətdir. Əsas məsələ odur ki, həmin filmlər hardadır? Niyə insanlara göstərilmirlər ?   

Axı kino cəmiyyətin aynasıdır. Gərək orda hər zad olduğu kimi görünə".

 

“Ədəbiyyat və incəsənət”

(28.03.2023)