Həsən Bayramovun İrəvan Müəllimlər Seminariyası barədə monoqrafiyası

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı fəlsəfə doktoru Nizami Novruzovun məqaləsini təqdim edir.

 

 

          Ümumilli liderimiz Heydər Əliyev deyirdi: “Əgər Azərbaycanı müstəqil bir dövlət kimi dünyaya yaxşı tanıtmaq istəyiriksə, Azərbaycanın qədim tarixini, əsrlər boyu keçdiyi yolu gərək həm öz vətəndaşlarımıza, həm də bütün ölkələrdə olan elm adamlarına, respublikamıza maraq göstərən adamlara tanıdaq. Bu sahədə də tarixçilərimizin qarşısında çox böyük vəzifələr durur, onların üzərinə böyük məsuliyyət düşür”.

         Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də həmin problemi daim diqqət mərkəzində saxlamış, müxtəlif məruzə və çıxışlarında, xüsusilə Ermənistan-Azərbaycan münasibətlərinə tarixi kontekstdə yanaşaraq Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağındakı çıxışında diqqət mərkəzinə çəkmişdir: “Biz təşəbbüslərimiz, tarixə müraciətimiz və konkret dəlillərlə, faktlarla əsaslandırmışıq ki, İrəvan Ermənistanın paytaxtı kimi Azərbaycan dövləti tərəfindən 1918-ci ildə ermənilərə verilmişdir. İrəvan xanlığında yaşayan əhalinin əksəriyyəti azərbaycanlılar idi. Zəngəzur mahalı qədim Azərbaycan torpağıdır və süni şəkildə Ermənistana verilib. Zəngəzur mahalının Ermənistana verilməsi böyük ədalətsizlik idi. Doğma torpağımızın bir parçası Ermənistana birləşdirildi. Bunun çox böyük mənfi nəticəsi oldu.”

          Bu çağırışların işığında ölkəmizin tarixinə, xalqımızın etnogenezisinə, maddi-mədəniyyət abidələrinə, müxtəlif mərhələlər üzrə inkişafımızın əsas istiqamətlərinə dair tanınmış ziyalılarımızın, elm adamlarının çox ciddi tədqiqatları nəşr olunmuş, bir çox beynəlxalq və regional səviyyələrdə sanballı məruzə və çıxışlar edilmişdir. Ermənistan-Azərbaycan münasibətlərində məlum Qarabağ münaqişəsi bəhanə edilərək yaradılmış süni konfliktlərin zəfərlə başa çatdırılması regionda yeni reallıqlar meydana çıxardı. Bu mənada Qərbi Azərbaycan, İrəvan, Zəngəzur kimi ifadələrə ərazi iddiası mənasında deyil, tarixi-coğrafi gerçəkliklər aspektində yenidən baxmaq zərurəti yaranmışdır. Ona görə də Qərbi Azərbaycan, İrəvan, Zəngəzur, Dərələyəz, Göyçə ifadələri adi leksik mənasından çox milli müstəqillik və dirçəliş uğrunda tarixi mücadilənin simvollarına çevrilmişdir. Bu ifadələrin ehtiva etdiyi böyük məna tutumu gələcək tədqiqatlar, konfranslar, simpoziumlər üçün çox ciddi əhəmiyyət daşıyır. Ermənistanla ikitərəfli münasibətlərdə həlledici yolun astanasında olduğumuz bir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə əlaqədar 29 dekabr 2021-ci il tarixində imzaladığı sərəncam bütün ziyalıların, o cümlədən təhsil tədqiqatçılarının qarşısında da çox ciddi vəzifələr qoyub.

         Hörmətli prezidentimiz İlham Əliyevin bu sərəncamına müvafiq pedaqoji elmlər doktoru, professor Həsən Bayramovun “İrəvan Müəllimlər Seminariyası: milli maarifçiliyimizin genezisi və prioritetlərin paradiqması” monoqrafiyası bu sahədə aparılan uğurlu tədqiqatlardan biri kimi qiymətləndirilməlidir. Əsərdə “Çarizmin Azərbaycanı işğal etdikdən sonra yeni tarixi-maarifçi transformasiyaya keçid”, “Tarixi-maarifçi proses kontekstində yeni tipli təhsilin ilkin şəbəkələşməsi”, “İrəvan Müəllimlər Seminariyası və onun yaranmasını şərtləndirən maarifçi zəmin”, “İrəvan və Qori müəllimlər seminariyaları: paralel prioritetlər”, “İrəvan Müəllimlər Seminariyasının Ermənistanda azərbaycanlı müəllim kadrlarının hazırlığında rolu” başlıqları altında çox maraqlı araşdırmalar öz əksini tapıb.

          İnanıram ki, hörmətli professorumuz Həsən Bayramovun “İrəvan Müəllimlər Seminariyası: milli maarifçiliyin genezisi və prioritetlərin paradiqması” monoqrafiyası ciddi tarixi-siyasi və mənəvi-pedaqoji əhəmiyyətli problemə həsr edilmiş əsər kimi həm yeni-yeni araşdırmalara stimul verməklə, həm də indiyədək aparılmış bir çox fundamental araşdırmaları tamamlamaqla gələcək tədqiqatlara da təkan olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(17.03.2023)