Vaqif Mustafazadənin ev-muzeyində 1200-dən çox eksponat qorunur

Rate this item
(0 votes)

Daycest bölümündə sizə AzərTAC agentliyinin müxbirinin dahi cazmen Vaqif Mustafazadənin ev muzeyindən reportajını təqdim edirik. 

İçərişəhərdə yerləşən ev muzeyində olan əməkdaş muzeyin direktoru, sənətkarın adını daşıyan xeyriyyə fondunun rəhbəri Afaq Əliyeva ilə görüşüb, söhbət edib.

 

Muzeyin Vaqif Mustafazadənin anası Zivər Əliyeva tərəfindən yaradıldığını bildirən həmsöhbətim deyib ki, 1989-cu il iyulun 28-də fəaliyyətə başlayan muzey ötən illər ərzində bir sıra mühüm işlərə, layihələrə imza atıb: “1994-cü ildə muzey Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı statusunu alıb. 1989-1997 illər ərzində muzeyin müdiri Zivər Əliyeva olub. Muzeydə 1214 eksponat qorunub saxlanılır. Bunların arasında Vaqif Mustafazadəyə aid fotoşəkillər, afişalar, qramvallar, müxtəlif sənədlər, rəsm əsərləri, məişət əşyaları və s. eksponatlar var. Mənzil muzeyi 3 otaqdan ibarətdir. Ekspozisiyada Vaqifin həyat və yaradıcılığına aid fotoşəkillər, müxtəlif sənədlər, şəxsi əşyalar və s. təqdim olunur. 2004-cü ildə muzeyi tamamən təmir-restavrasiya etməyə başladıq. 2005-ci ildə muzeyin əsaslı təmirdən sonra açılışı oldu”.

Muzeyin tərkibində fəaliyyət göstərən Vaqif Mustafazadənin adını daşıyan xeyriyyə fondunun fəaliyyətindən də söz açan Afaq Əliyeva deyib ki, görülən işlərin nəticəsi olaraq 1999-cu ildə sənətkarın ilk musiqi albomu buraxılıb. Mütəmadi olaraq fond və ev-muzeyi tərəfindən təşkil olunan tədbirlərə toxunan A.Əliyeva 2005-ci ildə Moskvada V.Mustafazadəyə həsr olunmuş festivalı xüsusi ilə qeyd edib.

Muzeydə sənətkara məxsus şəxsi əşyalar sırasında köhnə radio diqqətimi çəkir. Muzeyin rəhbəri deyir ki, Vaqif Mustafazadə 16 yaşından bu radio qəbuledicisi ilə caz musiqilərini həvəslə dinləyib. O, Bill Evans və saksofonçu Con Koltraneni dinləməyi çox sevirdi. Onları dinlədikdən sonra V.Mustafazadə royal arxasında oturaraq həmin musiqiləri böyük coşqu ilə ifa edirdi. Onun çox gözəl musiqi duyumu var idi. O, anında dinlədiyi musiqini həmin an ifa edərək improvizə edə bilirdi.

Caz-muğam üslubunun yaranma tarixinə nəzər salan A.Əliyeva maraqlı məqamlara toxunur: "Vaqif cazı sevdiyi kimi anası Zivər xanım da muğamı çox sevirdi. Zivər xanım hətta dahi bəstəkarımız Üzeyir Hacıbəylinin ilk tələbələrindən olub. Vaqif Mustafazadə bu səbəbdən də uşaqlıqdan muğam sədaları ilə böyümüşdü. Onun cazla muğamı sintez etməsi böyük bir hadisə idi. 1969-cu ildə V.Mustafazadə Gürcüstandan Azərbaycana qayıdır. Həmin zamanlarda ölkəmizdə "Bakı caz-69" adlı mötəbər caz festivalı keçirilirdi. O, bu festivalda iştirak edir. Bakılılar onu yenidən ölkəmizdə gördüklərindən məmnun olaraq, onun ifalarını təntənəli şəkildə alqışlayırdılar. Festivalda Vaqif Mustafazadə "76 kompozisiyası"nı ifa etməyə başlayır və anidən "Bayatı-Şiraz" muğamına keçid edir. Əsər 76 taxtdan ibarət olduğuna görə belə adlanır. O anlayır ki, Azərbaycan musiqisində böyük yenilik edib. Cazla muğamı sintez edərək birləşdirir. Bu, həqiqətən də musiqidə yenilik idi. Bundan sonra isə təkcə ölkəmizdə yox, bütün dünyada caz-muğam üslubu yaranmış olur”.

Amansız ölümün Vaqifi tez apardığını söyləyən Afaq Əliyeva deyib: “Təbii ki, Vaqif davamlı olaraq çox yeniliklər etmək istəyirdi, amma qismət olmadı. Buna baxmayaraq o, çoxsaylı ölməz əsərlər qoyub getdi. Bu gün Vaqif Mustafazadənin yolunu qızı Əzizə Mustafazadə böyük uğurlarla davam etdirir. Əzizə 7-8 yaşında Tbilisidə keçirilən caz festivalında laureat olub. Ə.Mustafazadə hazırda Almaniyada yaşayır və bəstəkarın mədəni irsini layiqincə təbliğ edir. O, 1997-ci ildə İngiltərə Kraliçasının klubunda konsert proqramı ilə çıxış edib və Kraliça ona "Cazın şahzadəsi" adını verib. Hazırda dünyada Əzizə Mustafazadəni hamı bu adla tanıyır".

Daha sonra muzeyi gəzərək burada sərgilənən görkəmli caz ustasının şəxsi əşyaları ilə də tanış oluruq.

Muzey bələdçisi Nigar İmanova bura daha çox xarici qonaqların üz tutduğunu bildirir: “Muzey ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır. Xaricilərlə yanaşı, yerli ziyarətçilər arasında tələbələr daha çox üstünlük təşkil edir. Onların Vaqif Mustafazadə irsinə sonsuz sevgisini muzeyin qeyd kitabına yazdıqları xoş sözlərdən bir daha hiss etmək olur. Qonaqlar daha çox görkəmli bəstəkarın şəxsi əşyalarına və şəkillərinə maraq göstərirlər”.

Sonra muzeyin digər bölmələri ilə də tanış oluruq. Burada qorunan hər bir əşya böyük cazmenin həyat yoluna, yaradıcılığına, onun fitri istedadına bir növ bələdçilik edir, insana xoş, həzin hislər bəxş edir və adamı özü ilə çox da uzaq olmayan bir keçmişə aparır.

Muzeyin digər əməkdaşı Fəridəxanım Seidzadə də deyir ki, bura mütəmadi olaraq məktəblilər, tələbələr gəlirlər. Muzey İçərişəhərə gələn turistlərin daha çox üz tutduğu məkanlardandır: “Ziyarətçilərin, qonaqların buradan xoş təəssüratla ayrılmaları bizi sevindirir”.

Elə biz də Vaqif Mustafazadənin ev-muzeyini eyni hisslərlə tərk etdik.

 

“Ədəbiyyat və incəsənət”

(16.03.2023)