Poeziya və nəsr bir yerdə, “Almanax” kitabında

Rate this item
(0 votes)

Azərbaycanda yaşayan milli azlıqlar ədəbiyyata maraq göstərir, ədəbi birliklər, dərnəklər yaradır, kitablar yazır, kitab təqdimatları keçirirlər. Təbii ki, rus xalqı bu sırada ən fəallardandır. Bakıdakı Rus evində “Sodrujestvo” ədəbi birliyi fəaliyyət göstərir, vaxtşırı görüşür, tədbirlər keçirir. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Paşa Yusupovun sədrlik etdiyi ədəbi birlikdə həm gənclər, həm yaşlı nəslin nümayəndələri bir araya gəlirlər. 

 

Vaxtaşırı toplaşıb şeir müzakirəsi keçirir, ədəbi prosesi müzakirə edirlər. Ötən gün isə ədəbi birliyin toplantısı fərqli, amma daha əlamətdar oldu. Hamı “Almanax” kitabının təqdimatına yığışmışdı. Yenicə çapdan çıxmış bu nəşrin publisistika, nəsr və poeziya bölmələrində bir çox müəllifin əsərləri yer alıb. 

Təqdimat mərasimini Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Lyubov Yakunina açdı. Ardınca “Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəyliyi İctimai Birliyinin sədri Tatyana Kərimova söz alıb tədbir iştirakçılarını salamlayaraq, birliyin fəaliyyəti və inkişaf perspektivləri haqqında məlumat verdi. Elberd Tuqanov Puşkinə həsr etdiyi poemadan parçalar söylədi, aktual problemlərdən bəhs edən şeirini də həmçinin. Vətənə məhəbbət mövzusunu qələmə alan tarixçi Tamilla Xəlilova kitab haqqında fikirlərini bölüşdü. Sonra şair Fikrət Kazımov Azərbaycana həsr etdiyi şeiri oxudu. Şairə və psixoloq Svetlana Xalıqova yetirmələrinin taleyini öz əsərlərində necə əks etdirdiyini açıqladı. Sonda çıxış edən musiqiçi və şairə Nataliya Turovskaya Bakı və bakılılar haqqında hekayələrdə öz həmyerlilərini tərənnüm etməsindən bəhs etdi. “Sodrujestvo” ədəbi birliyinin sədri Paşa Yusupov isə təqdimata yekun vurdu.

Bu adları çəkilənlərin hər biri “Almanax” kitabında təmsil olunublar. Hər şey o yana, rus insanı tərəfindən Azərbaycanın tərənnümü elə hər şeyə dəyər.

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2023)