Azərbaycanda Marionet Teatrının olması ölkəmizin adını dünya mədəniyyətində önə çıxarır

Rate this item
(0 votes)

İçərişəhərdə, Müslüm Maqomayev küçəsi, 20 ünvanında qədim bir tikili var. Yaşı əsrləri adlayan bu tikili qədim və müasir Azərbaycan memarlıq sənətinin harmoniyasını yaşatmaqla yanaşı, həm də çağdaş günümüzün bir sənət məbədinə çevrilib. Hazırda burada ölkəmizi dünyada layiqincə təmsil edən Bakı Marionet Teatrı fəaliyyət göstərir. Əsası 1980-ci illərin ortalarında Əməkdar incəsənət xadimi Tərlan Qorçu tərəfindən qoyulan Bakı Marionet Teatrı ötən dövrdə çox uğurlara imza atıb. AzərTAC-ın müxbiri yolunu bu sənət ocağından salaraq, teatrın təsisçisi, bədii rəhbər və rejissoru, Əməkdar incəsənət xadimi Tərlan Qorçu ilə görüşüb, sənət ocağının repertuarı, zəngin yaradıcılıq axtarışları və gələcək planları barədə fikirlərini öyrənib. Daycest bölümündə həmin müsahibəni diqqətinizə çatdırırıq. 

 

 

-Tərlan müəllim, necə oldu ki, Bakı Marionet Teatrı yarandı? 

-Öz repertuarı olan və bütün dünyada tanınan cəmi 5-6 Marionet teatrları var. Buna misal olaraq Avstriyada Volfqanq Amadey Motsartın əsərlərinə səhnə quruluşu verən Marionet Teatrını, həmçinin İtaliyadakı Marionet Teatrını göstərmək olar. Bizim yaxın qonşularımızdan Gürcüstanda da tanınmış ssenarist, yazıçı-dramaturq, rejissor Rezo Qabriadzenin yaratdığı belə bir teatr fəaliyyət göstərir. Bizdə isə tarixən marionet teatrı səhnəsi olan teatr kimi heç vaxt fəaliyyət göstərməyib, sadəcə ənənəvi kukla teatrları olub. Ölkəmizdə ilk Marionet Teatrı da mənim təsis etdiyim teatrdır. 1985-ci ildə Tiflisə “Kukla teatrları” festivalına getdim və o zaman orada Marionet Teatrı yeni yaradılmışdı. Onların repertuarında olan bir tamaşanı izlədim və bu mənə çox müsbət təsir etdi. Qərara gəldim ki, mütləq Azərbaycanda da belə bir teatr açmaq lazımdır. Bakıya qayıtdıqdan sonra məşhur teatr rəssamı Elçin Məmmədov və bəstəkar Cavanşir Quliyevlə birgə “Arşın mal alan” tamaşası üzərində işə başladıq. Tamaşanı biz təxminən 4 ilə hazırlayıb bitirdik. O zaman ölkəmizdə bu sahənin texnikasını yaxşı bilən mütəxəssis yox səviyyəsində idi, buna baxmayaraq mükəmməl bir iş ortaya qoyduq. 1988-ci il aprelin 20-dən rəsmi olaraq ölkəmizdə Marionet Teatrı fəaliyyət göstərməyə başladı. Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində yaradılan teatrımızın ilk tamaşası Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası olub. Daha sonra 1993-cü ildə Marionet Teatrı Bakı Bələdiyyəsinin nəzdinə verildi. 2013-cü ildən isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturuna daxil edildi. Teatrımızın əsas məqsədlərindən biri də Üzeyir Hacıbəylinin yaradıcı irsini təbliğ etməkdən ibarətdir. 1990-cı ildə Azərbaycan mədəniyyəti günləri çərçivəsində “Arşın mal alan” tamaşasını ilk dəfə Fransada nümayiş etdirdik. Dünyada marionet teatrlarının çox az sayda olması tamaşaların uzun müddət ərzində ərsəyə gəlməsi ilə bağlıdır. Bəzən bir tamaşa bu teatrlarda 3-5 il ərzində hazırlanır və çox zəhmət tələb edir. Bura həmçinin kuklaların, dekorasiyaların və kuklalarla bağlı rekvizitlərin hazırlanması, eləcə də digər bu kimi işlər aiddir. Bunlar hamısı əl işi olduğu üçün də çox dəyərlidir və hazırlanmasına uzun bir vaxt tələb olunur. Marionet kuklaları çox kiçik ölçüdə olduğu üçün tamaşa zalı da kiçik olmalıdır ki, izləyicilər kuklaları rahat görə bilsinlər. Bizim zal 50 nəfərlikdir və belə olduğu halda da teatr çox qazanc əldə edə bilmir. Bunun üçün də Marionet teatrlarına dövlət qayğısı vacib amillərdəndir. 

-Tamaşalarınızda istifadə olunan marionet kuklaları necə hazırlanır?

-Marionet kuklalarının hazırlanmasına uzun vaxt tələb olunur. Bu prosesdə sona kimi bir nəfər usta iştirak etmir. Bir kuklanın ərsəyə gəlməsinə ən azından dörd tamam fərqli sənət adamları, mütəxəssislər cəlb olunurlar. Bir usta taxtadan kuklaları bütövlükdə cilalayır, digəri onun hərəkət-idarə sistemini yığıb formaya salır, başqa mütəxəssis onun geyimini, aksesuarlarını hazırlayır və başqa biri isə kuklanın vizual bəzədilməsi, boyanması işi ilə məşğul olur. Bu mütəxəssisləri də bir yerə yığmaq çox çətindir. Olur ki, bu tip işlərdə bəzi məsələləri özümüz həll edirik, bəzilərinin həlli üçünsə xarici ölkə teatrlarına müraciət edirik. Biz “Leyli və Məcnun” tamaşası üzərində işləyərkən kuklaları müxtəlif ölkələrdə bir neçə mütəxəssisin köməyi ilə hazırlamışıq. Ümumilikdə isə bədii və texniki nəzarət, eləcə də kuklaların son yığma işləri bizim tərəfimizdən aparılır. Xüsusən qeyd etmək istərdim ki, tamaşada hər bir personaj üçün hazırlanan kuklalar hərəsi ayrı bir zaman müddətində ərsəyə gətirilib. Misal üçün, “Leyli və Məcnun” tamaşasında Məcnun kuklası 2 aya hazırlanıbsa, Leyli kuklasının tamamlanmasına 6 ay vaxt sərf olunub. Hər bir kuklanın baş hissəsinin hazırlanmasına həftələrlə vaxt gedir. Əgər kukla tamaşanın konsepsiyasına uyğun gəlmirsə, prosesi yenidən başlamalı oluruq. Bu isə təbii olaraq xeyli vaxt alır. Burada hansısa bir normativ olmadığı üçün kuklaların konkret hazırlanma müddəti də dəqiq bilinmir. Ümumiyyətlə dünyada keyfiyyətli marionet kuklası hazırlayan 2-3 mütəxəssis var. Təxminən bir marionet kuklasının hazırlanması 7-10 min dollara başa gəlir.

-Teatrın repertuarından və yeni layihələrinizdən danışardınız.

-Repertuarımıza Üzeyir Hacıbəylinin əsərlərindən ibarət tamaşalar daxildir. İlk tamaşamız olaraq “Arşın mal alan”ı səhnələşdirdikdən sonra biz 3 il müddətində “Leyli və Məcnu”nu hazırladıq. Bu proses məqsədli şəkildə aparılırdı, çünki 2013-cü ildə indiki binamızda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə təmir-restavrasiya işinə başladıq. Qərara gəldik ki, təmir işləri ilə eyni anda yeni tamaşanı da hazırlayıb təqdim edək. Belə də oldu. Binanın açılışı ilə yeni “Leyli və Məcnun” tamaşasının premyerası da eyni günə salındı. Beləcə repertuarımıza “Leyli və Məcnun” tamaşası da daxil oldu. Gələcək planlara gəlincə isə, artıq bir neçə ildir ki, “Aşıq Qərib” tamaşası üzərində düşünürəm. “Aşıq Qərib” məni çox maraqlandırır və bu nəinki Azərbaycanda, eyni zamanda bir çox başqa ölkələrdə də tanınmış əsərdir. Əsərin tanınmasında Mixail Lermontovun çox böyük əməyi olub. Qafqazda olarkən o “Aşıq Qərib”i qələmə alaraq, rus dilli oxucular üçün adaptasiya edib. Bu əsər, həmçinin bir neçə dillərə də tərcümə olunub. Mən çox düşünürəm ki, “Aşıq Qərib” dastanını biz uğurlu bir tamaşa kimi hazırlaya bilsək, bu da gələcəkdə dastanların səhnəyə yol açmasına vəsilə olacaq. Bakı Marionet Teatrının digər tamaşalarında olduğu kimi bu yeni səhnə əsəri üçün də özəl, məxsusi kuklalar hazırlanacaq. Bir səhnə əsərində iştirak edən kukla digər tamaşada istifadə olunmur. Bizim teatrın ən böyük özəlliklərindən biri də budur. Repertuarımızda olan “Arşın mal alan”, eləcə də “Leyli və Məcnun” tamaşalarının kuklaları bir-birindən həm ölçü, həm də vizuallıq baxımından çox fərqlənirlər. Bu il artıq yeni layihəmiz olan “Aşıq Qərib” dastanının səhnə həllinə başlayacağıq.

- Yaradıcılığın bu üslubu inkişaf etmiş ölkələrin bir çoxunda sevilir və maraqla qarşılanır. İndiyədək hansı ölkələrdə qastrol səfərlərində olmusunuz?

-Teatrımızın qastrol səfərlərinə ilk dəfə 1990-cı ildə Fransadan başladıq, elə ilk tamaşamızı da orada nümayiş etdirdik. Onda Marionet Teatrının hazırladığı “Arşın mal alan” tamaşasını ölkəmizdə izləyən olmamışdı. Uzun illər səhnəmiz olmadığından əsasən qastrol səfərlərinə gedirdik. Əsasən də səfərlərimiz Avropa ölkələrinə olurdu, çünki orada marionet teatrlarını daha çox sevirlər. Bu teatrların repertuarı əsasən opera və musiqili tamaşalardan ibarətdir. Bu səbəbdən də Marionet Teatrlarını böyüklər üçün olan teatr da adlandırmaq olar. Fransadan başlayaraq, Polşa, İsveçrə, Almaniya və bir çox ölkələrdə tamaşalar göstərmişik. Hətta Amerikada da olmuşuq. Sonuncu qastrol səfərlərimizə gəlincə isə, “Leyli və Məcnun” tamaşamızın premyerasından sonra biz yenidən Fransaya mötəbər “Şarlövil Mezyer Beynəlxalq Marionet Teatrları Festivalı”na dəvət aldıq. İlk dəfə idi ki, ölkəmiz bu cür nüfuzlu festivalda iştirak edirdi. Təbii ki, orada “Leyli və Məcnun” tamaşasını göstərdik və çox böyük təntənə, sevgi və hörmətlə qarşılandıq. Festivaldan 4 ay əvvəl tamaşamıza olan biletlərin hamısı satılmışdı. Həmin festivala çox teatrlar qatıldığından və zaman çərçivəsi çox dar olduğundan iştirakçılar öz tamaşalarını cəmi 1-2 dəfə göstərə bilirdilər. Azərbaycandan ilk dəfə gəlmiş və hələ heç kimə məlum olmayan bir teatra 4 tamaşa göstərmək təklif olundu. Fransadan sonra Xorvatiyada da bir neçə tamaşamızı böyük müvəffəqiyyətlə təqdim etdik. Oradan qayıtdıqdan sonra bir neçə başqa ölkələrdən də təkliflər almağımıza baxmayaraq məlum pandemiya səbəbindən səfərlərimizi təxirə salmalı olduq. Bu ilin sentyabrında yenidən Fransaya nüfuzlu festivala dəvət almışıq. Bizim teatr kimi öz üslubu (yaxın Şərq estetikalı) olan teatrlar yox səviyyəsindədir və buna görə də bizə qastrol səfərləri üçün dəvət almaq elə də çətin deyil. Sadəcə olaraq bu səfərlərə getməyin özü çətin və əziyyətli bir prosesdir. Bunun üçün əvvəlcədən teatrda nümayiş olunan yerli tamaşalar dayandırılır, kuklalarla birgə hər bir detallar, tamaşada istifadə olunan bütün avadanlıqlar, hətta işıq setinə kimi aparılır. Çünki orada bizi qane edəcək və bizim tamaşanın konsepsiyasına uyğun səviyyədə işıq avadanlıqları olmur. Buna görə də biz qastrol səfərlərimizə öz teatrımızın ən müasir kompüter sistemli işıq avadanlıqları ilə getməli oluruq. Bu da çox ağır və əziyyətli prosesdir. Buna görə də qastrol səfərləri üçün bir çox ölkələrdən dəvətlər alsaq da bəzilərinə gedə bilmirik. Bizim Bakı Marionet Teatrına böyük maraq var və beynəlxalq festivallardan hər zaman mütəmadi olaraq dəvətlər alırıq.

-Bir az da teatrın yaradıcı heyəti haqqında məlumat verərdiniz. Marionet kuklalarını idarə etmək üçün nələri bilmək vacibdir...

-Əfsuslar olsun ki, nəinki marionet teatrı üzrə, hətta adi kukla teatrları üzrə ölkəmizdə, eləcə də dünyada ali təhsil ocaqlarında ixtisaslaşmış tədris mexanizmi yoxdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində sadəcə ənənəvi Aktyor Sənəti üzrə fakültələr var. Kukla teatrları üzrə rəssamlar da hazırlanmır, təhsil nöqteyi-nəzərdən bu istiqamətdə hələ ki, tədris metodikası yoxdur. Buna görə də biz məcbur oluruq tədris prosesini elə teatrda keçək. “Marionet kuklalarının idarə olunmasının öz çətinlikləri, xüsusi texnikası var və bunları bizim teatrda işləmək istəyən kadrlara öyrədirik. Teatrımız 30 ildən çoxdur ki, fəaliyyət göstərir və bu illər ərzində bir neçə aktyor nəsli bizimlə eyni yolu keçib. Sənət ocağında hazırda həm yaşlı, həm də cavan aktyorlar çalışırlar. Teatrımızda birinci nəsil marionet aktyorlarına kuklalarla işləmək texnikasını mən öyrədirdim, indi isə bu prosesi onlar özləri yeni nəsil aktyorlara öyrədirlər. Mütəmadi olaraq digər ölkələrin teatr nümayəndələri, mütəxəssisləri ilə görüşüb bu istiqamətdə söhbətlər, debatlar aparırıq.

- Bakı Marionet Teatrının yerləşdiyi bu bina həm də qədim tarixə malikdir. Bu məkanı özünüz seçmisiniz...

-Bakı Marionet Teatrının özünəməxsus və fərqli üslublu binasını 30 il bundan əvvəl özüm seçmişdim. Bina XIX əsrin ortalarında inşa edilib və Səlimxanovlar ailəsinə məxsus olub. İnqilabdan sonra binanın sahibi dəyişib. Əvvəllər burada çox güclü yanğın baş verib və nəticədə bina tamam yararsız hala düşüb. Təmir-restavrasiya işlərinə isə həddindən çox maliyyə tələb olunurdu. Binanın təmiri və restavrasiyası, ən əsas da marionet teatrına uyğunlaşdırılması çox uzun bir vaxt aldı. Hətta bu binada vaxtilə yaşamış insanlar gəlib tamaşaya baxaraq xoş xatirələrlə buradan ayrılırlar. Təmir işlərinə başladığımız zaman istəyirdim ki, bura marionet teatrının konsepsiyasına uyğun qeyri-adi bir məkan olsun. Öyrəşdiyimiz ənənəvi sovet üslublu teatrlar kimi olmasın. Düşünürəm ki, istəyimizə nail ola bildik. Binamızın açılış günü - 2016-cı il dekabrın 24-də Prezident İlham Əliyevin öz doğum günündə birinci xanım Mehriban Əliyeva ilə birgə Bakı Marionet Teatrının qonağı olması bizim üçün çox qürurverici idi. Elə həmin ərəfədə Bakı Marionet Teatrı olaraq “Leyli və Məcnun” tamaşasının premyerasını keçirdik. Teatrımızın bu fərqli, gözəl binası dörd mərtəbədən ibarətdir, üç fundamental mərtəbə və dördüncü son mərtəbə isə şüşə konstruksiyalı əyləncə, tədbirlər üçün geniş zal. Binanın konsepsiyasında sanki zaman ekskursiyası yer alır. Birinci mərtəbə XVIII əsri xatırladır. İkinci mərtəbəyə qalxdıqda isə müasirliklə üzləşirsən və ondan sonrakı digər mərtəbələr isə daha müasir ab-hava yaradır. Bina qədim aksesuarlar, bəzək əşyaları və teatrın üslubuna uyğun kuklalarla zəngin olduğu üçün bizim teatra tamaşaya baxmağa gələnlər eyni anda həm də özlərini muzeyə gəlmiş kimi hiss edirlər. Tamaşaçılarımızın əksər hissəsini də əcnəbi qonaqlar təşkil edir. Buna əsas səbəb repertuarımızda olan tamaşaların Azərbaycan mədəniyyətini tərənnüm edən klassik opera nümunələri olmasıdır. Eyni zamanda, teatrımızın tamaşalarında Şərq mədəniyyəti hiss olunur, həmçinin musiqili opera tamaşaları olduğu üçün səhnə əsərlərinin tərcümə olunmasına ehtiyac qalmır. Tamaşalarımız anşlaqla keçir, biletlər 1 ay əvvəlcədən tamam satılır. Azərbaycanda Marionet Teatrının olması ölkəmizin adını dünya mədəniyyətində önə çıxarır. 

-Sizə gələcək işlərinizdə uğurlar arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2023)