Şuşa İli-270: Şuşanın tarix və mədəniyyət abidələri" adlı kitab çap olunub

Rate this item
(0 votes)

 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin “İşğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərərin araşdırılması” layihəsi əsasında “Şuşa İli”-270: (Şuşanın tarix və mədəniyyət abidələri) kitabı çapdan çıxıb.

 

Sözügedən kitab şəhərin memarlıq üslubu və Şuşanın qısa tarixindən bəhs edir. Kitabda, həmçinin Qarabağın və Şuşa şəhərinin memarlığının təhlilinə geniş yer verilib. 

Qeyd olunub ki, Şuşa şəhərinin tikintisini planlaşdırıan usta (və ya ustalar) Şərq şəhərsalma üslubundan məharətlə yararlanaraq ərazisini məhəllələrə bölüb. Küçələr dörd qala qapılarına elə paralel şəkildə yerləşdirilib ki, şəhərə daxil olan hər kəs çətinlik çəkmədən bir məhəllədən digərinə asanlıqla keçə bilir, bazarlar və karvansaralarla rastlaşırdı. Şuşanın ümumi planı göstərir ki, şəhərin tikintisi iki hissədə- ərazinin şərq və qərb tərəflərində aparılıb. Ümumi plan baxımından şəhərin şərq tərəfi aşağı, qərb tərəfi isə yuxarı məhəllə adlanırdı. 

Kitabda bildirilib ki, Şuşanın yerləşdiyi ərazinin özünəməxsus dağ peyzajı şəhərdə gözəl lanşaft yaradır. Şəhərin daha qədim olan şərq tərəfi sakit relyefə, sonradan məskunlaşmış qərbi isə amfiteatr xüsusiyyətinə malikdir. Şəhərin inşası zamanı Şuşa və ətrafında geniş yayılmış ağ qayalardan (əhəng daşlarından) istifadə edilib.

XVIII əsrdən etibarən Şuşa şəhərində beş fərqli şəhərsalma-memarlıq təbəqəsi formalaşıb: 

1. Xanlıq dövrü: Şuşanın şəhərsalma-memarlıq üslubu: iç qalalar, yaşayış evləri, saray, malikanə, karvansara, məscidlərin inşaası və s;

2. Çar Rusiyası dövrü: kilsələr, təhsil müəssisə və inzibati binalar inşa edilib. Eləcə də, şəhərin orta əsr Azərbaycan memarlıq üslubuna Avropa elementləri əlavə edilib;

3. Sovet dövrü: şəhərdə yeni inzibati və yaşayış binaları, istirahət və müalicə mərkəzləri, uşaqlar üçün yay düşərgələri inşa edilib;

4. 1992-ci ildən başlayan erməni işğalı dövrü: şəhərdə bir çox binaların memarlıq üslubları dəyişdirilib. Kotteclər, sosial binalar tikilib, bir çox dini, inzibati binalar sökülərək məhv edilib.

5. 2020-ci il noyabrın 8-i Şuşanın işğaldan azad olduğu gün: yeni bərpa və quruculuq işlərinə başlanılıb. Şəhərin bütün tarix və mədəniyyət abidələrinin bərpa edilməsinə qərar verilib.

XVIII əsrdə Şuşada şəhərsalma iki istiqamətdə aparılıb. Birinci istiqamət: Qarabağ memarlıq üslubunda binaların plan quruluşunda kompozisiyası prinsipləri nəzərə alınmaqla məscidlər, karvansaralar və digər inzibati binaların inşası; ikinci istiqamət: şəhər memarlığında mühüm yer tutan yaşayış evlərinin inşası Avropa memarlığı ənənələri əsasında inkişaf etdirilib. Bu üslub Şuşanın memarlıq quruluşunda şərq və qərb memarlığının sintezini yaradıb. Şuşanın bu tipli yaşayış evləri öz memarlıq-planlaşdırma xüsusiyyətlərinə görə Azərbaycanın digər rayonlarında inşa edilən yaşayış evlərindən fərqlənirdi. Fərqliliyə görə el arasında bu yaşayış binaları “Qarabağ evləri” adlandırılıb.

XVIII-XIX yüzilliklərdə ən xarakterik tiplər Şuşa şəhərində məhz yaşayış evləri, məscidlər, bulaqlar, hamamlar və karvansaralar idi. Şəhər yaşayış evləri, kasıb əhali üçün damlar; varlı və imkanlı şəxslər üçün saraylar və malikanələrdən ibarət idi. Bu dövrlərdə şəhər memarlığındakı evlərin həllində çoxobrazlılıq diqqət çəkib. Şuşada inkişaf etmiş şəhər və saray tipli yaşayış evlərinin inşası ilə yanaşı, Azərbaycan ərazisində daha qədim dövrlərdə yayılmış qaradam tipli yaşayış evlərinin inkişaf etmiş forması olan damlar, qara damlar, sonralar müasirləşən ev damlarının da inkişafı diqqət çəkirdi. 

İki və ya dördotaqlı evlər adətən eyvanlı olurdu. Bu tipli evlərin eyvanları küləyin əksi istiqamətində tikilib. Küçə(yol) tərəfə eyvan nadir hallarda qoyulurdu. Şuşada yaşayış evlərinin eyvanları adətən evin ya otaqların ön tərəfində binadan 1,5 metr önə çıxmış, üstüörtülü və ya açıq, qabaq tərəfinə təqribən 80 santimetr hündürlükdə taxta və ya dəmir məhəccərlər bərkidilmiş açıq eyvan (buna balkon və ya seyvan da deyilir) olurdu. Bəzi eyvanlar isə sadə olurdu. Belə eyvanların qarşısında taxta və ya dəmir məhəccərlər olmurdu. Saray və malikanələrdə içəri girmiş eyvanlara daha çox təsadüf edilir. Belə eyvanların üç tərəfi bağlı, üstü örtülü, yalnız qarşı tərəfi açıq olduğu göstərilir.

Bundan başqa kitabda:

1. Tarix və mədəniyyət abidələri üzərində bərpa işlərinin aparılması qaydaları;

2. Tarix və mədəniyyət abidələri üzərində aparılması nəzərdə tutulan təmir və bərpa işlərinin növləri;

3. Abidələrin bərpası zamanı istifadə olunan memarlıq üslubları;

4. Abidə üzərində elmi-tədqiqat işləri aparılmasına icazə alan müəssisə və ya təşkilatın öhdəliyi.

5. Daşınmaz tarix və mədəniyyət abidələrindən istifadə qaydaları.

6. Abidələrin istifadəyə verilməsi qaydaları barədə də oxuculara geniş məlumat verilir.