Azərbaycan Yazıçılar Birliyində “Barıt qoxulu sətirlər...” və “Ünvansız məktub” adlı kitabların təqdimatı keçirilib

Rate this item
(0 votes)

 

Azərbaycan Yazıçılar Birliyində (AYB) Vətən müharibəsində döyüşən qazilər və qəhrəmanlarla görüş keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, görüşdə iştirak edən şeirli-sözlü müharibə iştirakçılarının şeirlərindən ibarət “Barıt qoxulu sətirlər...” və Ayaz Məmmədovun “Ünvansız məktub” adlı xatirə povesti kitablarının təqdimatı olub. 

Kitabda şeirləri dərc olunan Emin Piri, Kərəm Aydın, Cavid Əlioğlu, Oğuz Alparslan, Elvin Məmmədli, Səbuhi Qurbanov, Eyvaz Əyyub, Tofiq Əhməd, Orxan Səlifov, Həsən Kür, Sərxan Yolçuyev, Nicat Ağayev, Vüsal Hətəmov, Mir Əjdər Abdullayev və Tamerlan Əsədovun şeirləri bir neçə ay bundan əvvəl Şuşada Vaqif Poeziya günlərində “Söz” ədəbi layihəsinin “İgidlərin sözü” proqramı çərçivəsində səsləndirilib. Qazilərin öz ifalarında şöylədikləri müharibə vaxtı yazdıqları şeirlər ölkə ictimaiyyəti və ədəbiyyatsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

“Barıt qoxulu sətirlər...” kitabında qazi və veteran şairlərin Vaqif poeziya günlərində səsləndirdikləri şeirlərlə yanaşı, zəfər ruhlu şeirlər də yer alıb. Qazilərin şeirlərindən ibarət yeni şeir antologiyasının tərtibçiləri və “Ön söz” müəllifləri AYB-nin katibi Elçin Hüseynbəyli, “Söz” ədəbi layihəsinin rəhbəri Nigar Həsənzadə, texniki redaktoru isə Şükufə Məmmədlidir. Kitab “Vektor” Beynəlxalq Nəşrlər evində çap edilib.

Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli Xalq yazıçısı Anarın ideya müəllifi olduğu “Barıt qoxulu sətirlər...” haqqında danışıb.

Xalq yazıçısı Anar 44 günlük Vətən müharibəsindən, Ordumuzun şücaətindən, tarixi Qələbəmizdən bəhs edib. Qazi şairləri təbrik edən AYB sədri, onların Yazıçılar Birliyinə üzv seçildiklərini bildirib. Bundan sonra qazi şairlərə üzvlük biletləri təqdim olunub.

Tədbirdə, eyni zamanda, təqdimatı olan Qarabağ qazisi Ayaz Məmmədovun “Ünvansız məktub” kitabı Qarabağ döyüşlərinə həsr olunub. Əsərdə müəllif keçdiyi döyüş yollarına nəzər salır, cəbhədə olan ağrılı və maraqlı hadisələri, keçirdiyi hissləri, təəssüratlarını oxucularla bölüşür. Bu kitab həm də bir döyüşçünün gündəliyidir. 

Qeyd edək ki, qazi şairlərin “Barıt qoxulu sətirlər...” və Ayaz Məmmədovun “Ünvansız məktub” kitablarının təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin katibləri Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, şair Nigar Həsənzadə, Yazıçılar Birliyinin üzvləri Rəfail Tağızadə, Zemfira Məhərrəmli, Aida Eyvazlı, Elmira Aslanxanlı çıxış edərək qazilərə göstərilən qayğıya görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər. Eyni zamanda, əməlləri və sözləri ilə Zəfər tariximizdə imzası olan mərd oğullarımızla fəxr etdiklərini söyləyiblər.