“Kişinin kişi səsi olar” - Xalq artisti Zaur Rzayev dəb müğənnilərini tənqid edib Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Daycest bölümündə moderator.az-a müsahibə verən xalq artisti, sevilən müğənni Zaur Rzayevdən seçmələri diqqətinizə çatdırır. 

 

“Elə müğənnilər var ki, onların səsi oxumaq səsi deyil. Yadımdadır ki, Firudin Şuşinskinin bir kitabı çıxmışdı. Bir sənətkar haqda yazmışdı ki, "onun oxumağından qadın iyi gəlir". Kişinin kişi səsi olar, kişi kişi kimi oxumalıdır. Kişi bass, bariton və tenorda oxumalıdır. İndiki səslər hamısı bir-birinin təkrarıdır. Ona görə də heç birini ayırd etmək olmur, bir-birinə oxşayır. Rəşid Behbudovun, Bülbülün səsi 100 səsin içindən seçilir".

"Bu gün Mirələm, Ehtiram, Təyyarın oxumağına qulaq asıram. Onların səsləri gözəldir. Bəzi səslər var ki, insanların zövqünü korlayır. Gözəl səsləri də kölgədə qoyur. Bəzən youTube sosial şəbəkəsinə baxıram. Görürəm ki, Rəşid Behbudovun mahnısı 1 milyon, oradakı uşaqın mahnısı 100 milyon baxış toplayıb. Bunun özü böyük bir fəlakətdir. Müğənnilərin nəinki səsləri, geyimləri də kasaddır. Saqqal saxlayır, gözünə eynək taxır və tanınmaq istəyirlər. O eynəkdə səni axı kim tanıyar?! İndi oxumaq üçün səhnəyə çıxmırlar ki. Fikirləşirlər ki, qoy məni görüb tanısınlar, ora-bura çağırsınlar, geyimlərini göstərirlər. Çünki sənət yoxdur, səs yoxdur! Bəzi müğənnilər də efirlə yas mərasimlərini səhv salıblar. Yas mərasimlərində oxuduqlarını efirdə oxuyurlar".

“Zabitlər evi"-ndə 22 il sərasər dayanmadan, qüsursuz çalışmışam. O vaxtı təşəbbüs irəli sürdüm ki, cəbhəyə konsertlərə gedək. Bir çox torpaqlarda olmuşuq. Avobusu ərzaqla doldurub gedirdik. O vaxt ordumuz da natamam idi, amma buna baxmayaraq vətənpərvər oğullarımız çox idi. Sonra mənə dedilər ki, gəl elə Zabitlər evində işlə. 1994-cü ildən Müdafiə Nazirliyinin Mahnı və Rəqs Ansamblına qəbul oldum. Ayda bir dəfə bir böyük sənətkarı həbçilərlə görüşdürürdüm, görüş keçirirdim, onları hərbi hissələrə aparırdım".