“Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri mədəniyyət sahəsində də əlaqələrimizin inkişafında yeni səhifə açdı”

Rate this item
(0 votes)

 

Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov AzərTAC-a verdiyi müsahibəsini diqqətinizə çatdırırıq. 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 21-22-də Özbəkistan Respublikasına dövlət səfəri dost və qardaş ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın inkişafında tamamilə yeni səhifə açdı. Dövlətlərimizin başçılarının da vurğuladıqları kimi, ikitərəfli münasibətlərimizdə humanitar, o cümlədən mədəni əlaqələrin inkişaf etdirilməsi xüsusi önəm daşıyır. 2010-cu ildən Daşkənddə fəaliyyətə başlayan, Azərbaycanı, xalqımızın zəngin mədəniyyətini Mərkəzi Asiyada, qardaş Özbəkistanda geniş təbliğ edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına mühüm töhfələr verməkdədir. Mərkəzin direktoru Samir Abbasov Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin inkişafı, Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə bağlı sualları cavablandırıb. 

 

- Samir müəllim, əvvəlcə, müsahibəyə görə Sizə təşəkkürümüzü bildiririk. Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin əsas missiyası barədə fikirlərinizi bilmək maraqlı olardı.

 

- Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı 2010-cu il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı olub. Mərkəzin rəsmi açılış mərasimində Prezident İlham Əliyev və Özbəkistan Respublikasının ovaxtkı Baş naziri (indiki Prezident) Şavkat Mirziyoyev ediblər.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi ölkələrimiz arasında mədəniyyət, elm, təhsil, turizm, mətbuat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsidir. 

Azərbaycan Mədəniyyət Mərkəzinin həyətində ulu öndər Heydər Əliyevin büstü ucaldılıb. Mərkəzdə 4 muzey (Heydər Əliyev Muzeyi, Azərbaycan tarixi və dövlətçiliyi muzeyi, Azərbaycan-Özbəkistan Dostluq Muzeyi, Azərbaycan xalçaları Muzeyi), “Azərbaycan milli libasları” adlı daimi sərgi salonu, kitabxana, habelə kurs və dərnəklər fəaliyyət göstərir. Xarici ölkələrdə ilk dəfə olaraq 2013-cü ildə Mərkəzin nəzdində Azərbaycan dili kursları fəaliyyətə başlayıb. Kurslar Azərbaycandan dəvət edilmiş tanınmış pedaqoq tərəfindən aparılır. 

Ötən illərdə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində özbək dilində Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyəti, ədəbiyyatı, turizmi, habelə Ermənistanın Azərbaycana təcavüzünə dair 97 adda kitablar çap edilib, musiqi diskləri buraxılıb, Özbəkistanın aparıcı şəhərlərində Azərbaycan mədəniyyəti, musiqisi, ədəbiyyatı günləri keçirilib, hər iki ölkənin alimlərinin, mədəniyyət xadimlərinin, jurnalistlərinin iştirakı ilə yüzlərlə konfrans, seminar, təbliğat və təqdimat layihələri, yubileylər, mediaturlar, dostluq konsertləri keçirilib. 

Hər il Mədəniyyət Mərkəzimizin təşkilatçılığı ilə Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilir. Bu konfranslarda Azərbaycanın məşhur mədəniyyət xadimləri ilə yanaşı, alimlərimiz və ziyalılarımız da iştirak edirlər. Ötən il Qarakalpakıstan Respublikasının Nukus şəhərində, Xarəzm vilayətinin Urgənc və Xivə şəhərlərində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilib. Bu il isə Termez şəhərində təntənəli Azərbaycan mədəniyyəti günləri keçirdik ki, bu tədbirlərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Mill Məclisimizin Mədəniyyət komitəsinin rəhbərliyi, çoxsaylı qonaqlar iştirak ediblər.

Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalında Özbəkistanın məşhur “Bahar” rəqs ansamblı iştirak edib. Azərbaycan Dövlət Rəqs Kollektivi isə Xarəzmin Xivə şəhərində keçirilən beynəlxalq rəqs festivalında iştirak edib və qalib gəlib. 

İki ildən bir keçirilən “Şərq təranələri” musiqi festivalında Azərbaycan musiqiçiləri, sənətçiləri də iştirak edirlər. Bu festivalın 1997-ci ildə ilk qalibi də Azərbaycan Respublikasının Xalq artisti Simarə İmanova olub. Festivalda Azərbaycanın muğam ustadı Alim Qasımov, Əməkdar artistimiz, tarzən Sahib Paşazadə qran-pri mükafatına layiq görülüblər.

Ötən il Özbəkistanın Xivə şəhərində TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirlərinin sessiyasında da iki ölkənin mədəniyyət nazirləri arasında mədəni əlaqələrin daha da genişləndirilməsinə dair görüş və faydalı danışıqlar aparılıb və bu istiqamətdə bir sıra razılıqlar əldə olunub. Bir sözlə, iki dövlət və iki xalq arasında mədəni əməkdaşlıq dərin köklərə malikdir və bu gün dinamik inkişaf edir.

Qeyd etmək istəyirəm ki, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən dostluq əlaqələrimizi, habelə tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı və ölkəmizin turizm imkanlarını təbliğ etmək məqsədilə Özbəkistanın aparıcı ali məktəblərində Azərbaycan ocaqları yaradılıb. Bu ocaqlar iki xalq arasında dostluğumuzu, mədəniyyət, təhsil müəssisələri arasında əməkdaşlığı geniş təbliğ edirlər. Daşkənddəki Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində, Özbəkistan Dövlət Konservatoriyasında, Səmərqənd Dövlət Universitetində, Özbəkistanın İncəsənət və Mədəniyyət İnstitutunda, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində, Acıniyoz adına Nukus Pedaqoji İnstitunda və Termez Dövlət Universitetində Azərbaycan ocaqları fəaliyyət göstərir.

 

- Özbəklərlə azərbaycanlılar iki qardaş xalqdırlar. Ortaq mədəni dəyərlərimiz var. Mərkəz bu mədəni dəyərlərin inkişafı üçün hansı tədbirlər həyata keçirir?

 

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana tarixi dövlət səfəri qardaş ölkələrimiz və xalqlarımız arasında bütün istiqamətlərlə yanaşı, mədəniyyət sahəsində də əlaqələrimizin inkişafında yeni bir səhifə açdı. Təsadüfi deyil ki, Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev görüşlərdə, eləcə də Azərbaycan Prezidentinin şərəfinə Özbəkistanın Xarəzm bölgəsində verilən konsert zamanı incəsənət ustaları ilə söhbətdə mədəniyyəti bizi birləşdirən əsas dəyər olduğunu qeyd etdilər. Prezidentlərimiz dövlətlərimiz və xalqlarımız arasında birliyə, həmrəyliyə nail olmaq üçün ən əsas amilin mədəniyyət olduğunu dəfələrlə vurğuladılar. 

Özbək xalqı Azərbaycan xalqına olduqca yaxındır. Dilimiz, mədəniyyətimiz, adətlərimiz, mətbəximiz bir-birinə çox yaxındır. Kökümüz, dinimiz eynidir və uzun illər biz bir sovet ailəsində yaşamışıq, bundan öncə də azərbaycanlılar daim Türküstanın, Ozbəkistanın mədəni həyatında fəal olublar. 

Xalqlarımız arasında dostluğun, əlaqələrin tarixi isə orta əsrlərə təsadüf edir. Bu yaxınlıq Nizami Gəncəvi, Əlişir Nəvai və Məhəmməd Füzuli arasındakı ədəbi və dostluq əlaqələrindən başlayır. 

Əşişir Nəvai Nizami Gəncəvini ustadı və ilhamvericisi hesab edib, Nizaminin “Xəmsə”sini “Beş xəzinə” deyə şərəfləndirib. Nəvai hər dastanının başlanğıcında Nizamiyə məhəbbət və hörmət əlaməti olaraq xüsusi səhifələr yazıb.

Orta əsrlərdən Azərbaycan və özbək xalqları arasındakı əlaqələrin yüksək səviyyədə olmasının əsas səbəbi onların eyni kökə, ənənələrə, dilə malik olması ilə əsaslandıra bilərik. Nəvai özündən sonra gələn Azərbaycan şairlərinin - Kişvəri, Xətai və Füzulinin və başqalarının yaradıcılığına təsir edib.

Sovet dövründə də bu əlaqələr davam edib, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə Özbəkistanın ovaxtkı rəhbəri Şərəf Rəşidov arasında böyük dostluq münasibətləri olub. 

Biz Azərbaycan Mədəniyyət Mərkəzi daim xalqlarımızın malik olduğu ortaq dəyərləri təbliğ edirik. Məsələn, Novruz bayramı, muğam sənəti, aşıq sənəti, milli atüstü oyun (çövkən), el məclisləri və onlarla bu cür dəyərlər, oxşar xüsusiyyətlər xalqlarımızın bir-birinə yaxın olduğunu bir daha göstərir. Daim keçirilən çoxsaylı tədbirlərdə bu dəyərlərimizi təqdim edir və bu istiqamətdə həm tədbirlərdə, həm mətbuatda, həm də görüşlərimizdə, təqdimatlarda iş aparırıq. 

Biz, həmçinin Özbəkistanda yaşayıb yaratmış azərbaycanlıların irsini də geniş təbliğ edir, onların xatirəsini əbədiləşdiririk. Məlumat üçün bildirim ki, Özbəkistanda tanınmış azərbaycanlılar Seyid Rza Əlizadə, Maqsud Şeyxzadə, İxtiyar Rza, Eynulla Əliyev, Yusif Hüseynov, Kaykep Aliyevanın yaşadıqları evlərinin üzərində onların barelyefləri açılıb, onların xatirəsinə dair tədbirlər təşkil edilir. Çünki onlar iki xalq arasında dostluq körpüsü olaraq xalqlarımızı bir-birinə daha da yaxınlaşdırıb və bu gün də onların irsi xalqlarımız arasında dostluq körpüsü rolunu oynayır.

Qeyd etmək istəyirəm ki, Mədəniyyət Mərkəzimizdə hazırda yüksək səviyyədə Azərbaycan-Özbəkistan Dostluq Muzeyi təşkil edilir. Bu muzeydə olan əksər eksponatlar, guşələr bizim ortaq dəyərlərimizə həsr edilib. Biz bu il ərzində Dostluq Muzeyinin açılışını planşaşdırırıq.

 

- Samir müəllim, mədəni əlaqələr arasında turizm sahəsi xüsusi yer tutur. Mərkəz son dərəcə perspektivli və böyük potensialı olan bu sahədə əlaqələrimizin inkişafına nə kimi töhfələr verir?

 

- Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada rəngarəng turlar reallaşdırmaq mümkündür. Ölkəmizdə dəniz, dağ, düzənlik, gözəl göllər, sıx meşələr, təkrarsız təbiət, ekoturizm, ləziz yeməklər, qədim tarix, habelə müasir şəhərləri ziyarət etmək mümkündür. Azərbaycan həm də müalicəvi mərkəzlərlə də şöhrət qazanıb. 

Keçirdiyimiz bütün, xüsusilə beynəlxalq tədbirlərdə Azərbaycanın turizm imkanlarını geniş təbliğ edirik. Ölkəmizdə həyata keçirilən nəhəng infrastruktur layihələri, Bakının və regionların turizm potensialı, istirahət mərkəzlərini həm videomateriallarla, həm də fotosərgilərlə geniş təbliğ edirik. 

Ölkəmizdə olan özbəklər Azərbaycanın qısa zamanda böyük nailiyyətlər əldə etdiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionlarının da simasının tamamilə dəyişdiyini, bütün bölgələrdə müasir xidmət sahələrinin yaradılmasını, otellərin səviyyəsini yüksək qiymətləndirirlər. 

Özbəkistanda keçirilən beynəlxalq sərgi və yarmarkalarda apardığımız monitorinqə əsasən, özbək turistlər əsasən, paytaxt Bakıya, regionlarda isə Naftalan sanatoriyalarına geniş maraq göstərdiyi məlum olub. Bu istiqamətdə ötən illərdə təbliğatı daha da gücləndirdik. 

Artıq Naftalandakı turizm mərkəzlərinin təmsilçilərinin verdiyi məlumata görə, son illərdə Özbəkistandan Naftalana gələn özbək turistlərin sayı əhəmiyyətli dərəcədə artıb. Lakin iki ildən çox davam edən pandemiya bu işi yarımçıq qoydu. Turizm sahəsində əlaqələr indi yenidən genişlənməyə başlayıb. Artıq Bakı-Daşkənd reysləri bərpa olunub və həftədə beş dəfə birbaşa reyslər həyata keçirilir. Gələcəkdə reyslərin sayının daha da artırılması gözlənilir. Düşünürəm ki, post-pandemiya dövründə biz təbliğatı yenidən gücləndirmək, reysləri artırmaqla iki ölkə arasında turizm sahəsində yenidən canlanmanı təmin edə bilərik. 

Mərkəzimiz təbliğat işini daha səmərəli aparmaq üçün tez–tez Azərbaycanın turizm imkanlarına dair Özbəkistanın aparıcı xəbər saytlarında məqalələr yayımlayır, televiziya kanallarında verilişlər nümayiş etdirilir. Azərbaycan Dövlət Turizm Agenliyi bu istiqamətdə Özbəkistanın Turizm və Mədəni İrs Nazirliyi ilə sıx əməkdaşlıq edir. 

Özbəkistan da Azərbaycandan öz ölkəsinə daha çox turist cəlb etməyə çalışır. Regionun aparıcı ölkəsi olan Azərbaycandan hər il xeyli sayda vətəndaşımız turist kimi dünyanın müxtəlif ölkələrinə gedirlər. Biz Azərbaycan vətəndaşlarına həm tarix, həm zəngin mədəniyyət, həm də gözəl təbiəti olan qardaş ölkəni - Özbəkistanı da ziyarət etməyi tövsiyə edirik.

 

- Özbək mətbuatında Azərbaycanın təbliğ edən materiallara tez-tez rast gəlinir. Bu istiqamətdə görülən işlər barədə məlumat verməyinizi xahiş edirik. 

 

- Qeyd etmək istəyirəm ki, dövlətimizin reallaşdırdığı uğurlu xarici siyasətə uyğun olaraq, biz də ölkəmizin təbliği, Azərbaycan həqiqətlərinin dünyada yayılması məqsədilə fəaliyyətə başladığımız ilk gündən etibarən yerli mətbuatla sıx əməkdaşlıq qurmuşuq və bu məqsədlə çoxsaylı layihələr həyata keçiririk. 2013-cü ildən etibarən hər il ənənəvi olaraq Özbəkistan mətbuat qurumları arasında müsabiqə keçiririk. Belə ki, Azərbaycan, onun tarixi, mədəniyyəti, ədəbiyyatı, turizm potensialı, Qarabağ həqiqətləri, Xocalı soyqırımı, ölkəmizin məruz qaldığı işğalçılıq siyasəti haqqında Özbəkistan mətbuatında yüzlərlə məqalə, televiziya kanallarında çoxsaylı verilişlər yayımlanır, Azərbaycana dair əsərlər tərcümə edilir, kitablar çap olunur. 

Hər ilin yekununda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Mərkəzimizdə sözügedən müsabiqəyə yekun vurulur, elan olunmuş müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilir, Azərbaycana dair ilin ən yaxşı televiziya verilişləri, Azərbaycan, onun tarixi, mədəniyyəti, ədəbiyyatı, turizmi, habelə iki ölkə arasında dostluğumuzu fəal təbliğ edən özbək saytları Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplomları, pul mükafatları ilə təltif olunurlar. İlin ən yaxşı tərcümə əsərləri, fəal alimləri, dostluq və əməkdaşlığımızı təbliğ edən ictimaiyyət nümayəndələri, diaspor fəalları da mükafatlandırılırlar. Ənənəvi olaraq müsabiqədə qalib gələn Özbəkistanın aparıcı media qurumlarının, mətbuat nümayəndələrinin Azərbaycana mediaturu təşkil edilir. Nümayəndə heyətində müxtəlif telekanallar, aparıcı xəbər agentlikləri, saytların rəhbərləri və təmsilçiləri, fotomüxbirlər, operatorlar iştirak edirlər.

Vurğulamaq istəyirəm ki, Mərkəzimizin Azərbaycanın müvafiq qurumları, habelə səfirliyimizin dəstəyi ilə reallaşdırdığı bu layihə -mediaturun faydalı və uğurlu nəticələri olur, özbək mətbuatında ölkəmizə dair çoxsaylı verilişlər və məqalələr yayımlanır.

Artıq biz pandemiyadan sonra 2021-ci ildə özbək jurnalistlərin Azərbaycana mediaturunu təşkil etmişik. Ötən müddət ərzində üç dəfə qardaş ölkənin jurnalistlərinin Ermənistan işğalından azad olunan bölgələrimizə - Şuşaya və Füzuli rayonuna mediaturunu təşkil etmişik. Bu iş tərəfimizdən davam etdirilir.

 

- Bir vaxtlar Azərbaycanın mədəniyyət xadimləri Özbəkistana səfər edər və orada tədbirlər keçirərdilər. Analoji tədbirlər yenə keçirilirmi?

 

- Ötən əsrin 70-80-ci illərində hər iki ölkədə Azərbaycanın və Özbəkistanın ədəbiyyat və mədəniyyət günləri keçirilib və bu tədbirlər nəinki paytaxt Bakıda, həm də regionlarda da uğurla təşkil olunub. Bu tədbirlərdə hər iki ölkənin tanınmış şairləri, mədəniyyət xadimləri iştirak edirdilər. Azərbaycanda keçirilən “Özbəkistan ədəbiyyatı və incəsənəti günləri” çərçivəsində özbək ədəbiyyat və mədəniyyət xadimləri ölkəmizin Lənkəran şəhərində olaraq çoxsaylı görüşlər keçirmişdilər. Səfər zamanı Özbəkistanın Xalq şairi Zülfiyyəyə Azərbaycanın Lənkəran şəhərinin fəxri vətəndaşı adı verilmişdi. 

Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovaya Özbəkistanın Xalq artisti adı verilmişdi. Mən hörmətli sənətkarımızın konsert proqramlarının lent yazılarına baxanda ona özbək xalqının nə qədər məhəbbətlə yanaşdığının şahidi oluram. Bu gün də Azərbaycan mədəniyyətinə, musiqisinə, ümumiyyətlə Azərbaycana eyni sevgi, eyni maraq var. 

Azərbaycan Mədəniyyət Mərkəzi hər il Daşkəndlə yanaşı, regionlarda da “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” təşkil edir. Bu tədbirlərdə Azərbaycanın tanınmış mədəniyyət, incəsənət ustaları, şair və yazıçıları, ədəbiyyatşünas alimləri iştirak edirlər.

 

- Samir müəllim, artıq neçə illərdir ki, mədəniyyət sahəsində qardaş Özbəkistanda fəaliyyət göstərirsiniz. Qardaş Özbəkistanın Azərbaycan üçün əhəmiyyəti, onun mədəniyyəti haqqında fikirlərinizi bilmək maraqlıdır.

 

- Özbəkistan Türk dünyasının aparıcı ölkələrindən biri, qədim tarix, zəngin mədəniyyətə malik qardaş məmləkətdir. Mərkəzi Asiyanın ən çox əhalisi olan ölkəsidir. Otuz beş milyon əhalisi olan Özbəkistanın Səmərqənd, Xivə, Buxara, Termez, Şəxri Səbz, Kokand kimi tarixi abidələrlə zəngin şəhərləri var. Özbəkistanda 12 vilayət, bir muxtar statusa malik Qaraqalpakstan Respublikası mövcuddur. 

Özbək mədəniyyəti Şərqin ən parlaq və orjinal nümunələrindən biridir. Onun misilsiz memarlıq nümunələri, əl işləri, musiqisi, rəsmləri, özünəməxsus mətbəxi, geyim mədəniyyəti var. Özbəklər özlərinin klassik və könül oxşayan xalq mahnıları ilə məşhurdurlar. Özbək klassik musiqisi “Şaşməqam” adlanır. Bu muğam sənətinin bir növüdür və XVI əsrin sonlarında Buxarada formalaşıb. 

XX əsrin 50-ci illərindən başlayaraq burada klassik musiqilərin ifası radiolarda qadağan edilib, adları dəyişdirilərik “feodal musiqisi” adlandırılıb. “Şaşməqam” Azərbaycan və uyğur muğamları ilə yaxındır. 

Özbəkistanda tarixi şəxsiyyətlərin, böyük əcdadların ənənələrinin təbliği yüksək səviyyədə həyata keçirilir, bu iş KİV-də, keçirilən bütün tədbirlərdə, mərasimlərdə prioritet istiqamətlərdəndir. 

İbn Sina, Termezi, Əlişir Nəvai, Mirzə Uluqbəy, Əmir Teymur, Zaxirəddin Babur, Cəlaləddin Mənguberdi və s. şəxsiyyətlərin həyat və fəaliyyətləri, onların zəngin irsini gələcək nəsillərə çatdırılması üçün hər il yeni layihələr işlənir. 

Qardaş ölkə son zamanlar inkişafını yaşayır və burada çoxsahəli islahatlar həyata keçirilir. Özbəkistan əsasən ağır və yüngül sənaye, habelə kənd təsərrüfatı, turizm sahəsində yeni-yeni uğurlara imza atır. 

Otuz beş milyonluq əhalisi olan və Mərkəzi Asiya, Türk dövlətləri arasında xüsusi strateji əhəmiyyəti, ən əsası böyük mədəniyyət beşiyi olan qardaş ölkənin uğurları – Prezident Şavkat Mirziyoyevin də elan etdiyi Yeni Özbəkistanın nailiyyətləri bizi sevindirir. Həm insan, həm ərazi resurslarını, həm də aparılan bu işləri, islahatları nəzərə alsaq gələcəkdə Türk Dövlətləri Təşkilatının üzvü olan Özbəkistanın böyük perspektivi və Asiyanın qüdrətli ölkəsinə çevriləcəyi şübhə yaratmır. 

Təbii ki, Azərbaycan dövlətinin başçısının bu səfəri Özbəkistanla ölkəmiz arasında mədəni əlaqələrin inkişafına da ciddi təkan verəcək. Dövlətlərimizin başçılarının siyasi iradəsi ilə yaxın gələcəkdə daha da genişlənəcək iqtisadi-siyasi münasibətlərimizin fonunda Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin də inkişaf edəcəyinə, miqyas və mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoymasına şahid olacağıq.