“Həyat faciə, xoşbəxtlik illüziya, sənət təsəllidir" - Əsəd Cahangirlə müsahibə

Rate this item
(0 votes)

 

Tanınmış tənqidçi Əsəd Cahangir yazır ki, “Saysız-hesabsız müsahiblərim olub! Amma “Ədəbiyyat qəzeti”ndə gedən bu müsahibəni həyatımın müsahibəsi sayıram!”

“Ədəbiyyat və incəsənət” portalı həmin müsahibəni oxucularının diqqətinə çatdırır. 

 

- Əsəd müəllim, sizi incəsənət və ədəbiyyat məsələlərinə dair yeni işıq üzü görən və ictimaiyyət tərəfindən maraqla qarşılanan "Dionisin şərəfinə" kitabınız münasibətilə təbrik edirik. Hər şey addan başlayır, gəlin, söhbətə kitabın adından başlayaq.

- Təbrik üçün sağ olun. Teatr və ümumən sənət antik şərabçılıq tanrısı Dionisin şərəfinə keçirilən misteriyalardan başlayır. Odur ki, "Dionisin şərəfinə" deyimi "sənətin şərəfinə" anlamına gəlir.

- Sizcə, tənqidçinin incəsənətə bu marağının səbəbi nədir?

- Sənətlə ilk tanışlığım beş yaşında baxdığım "Mahnı dağlarda qaldı" tamaşasından başlayır, onda hələ tənqid nədir, bilmirdim. Amaliya Pənahovanın xatirəsinə həsr elədiyim "Mahnı dağlarda qalmadı" adlı məqalədə bu barədə geniş söz açmışam. Üzündən oxumağı bacarmayam uşaq niyə İlyas Əfəndiyevin adını, "Mahnı dağlarda qaldı" sözlərini eşidəndə belə təsirlənməli, yaşından-başından böyük tamaşaya baxmalı və hətta onu "başa düşməliydi"? Bu sualların cavabını günün bu günü də bilmirəm. Bu  cavablar həyatın o üzündə, metafizik tale qatındadır. Flober yaxşı deyir ki, əgər bütün səbəbləri bilsək, Allah olardıq.

- Bu yaxınlarda "Mədəniyyət" kanalında yayımlanan "Üçüncü zəng" proqramında da Amaliya Pənahova haqda danışırdınız.

- "Mahnı dağlarda qaldı"dan sonra yüzlərlə tamaşa və filmə baxmışam, amma bu tamaşa mənim üçün indi də dünyanın ən sehrli nağılı, İlyas Əfəndiyev ən böyük nağıl yazarı, Amaliya Pənahova ən sevimli nağıl qəhrəmanıdır. İlk təəssürat heç vaxt unudulmur. Yəqin, buna görə Amaliya xanım mənə "ən sadiq pərəstişkarım" deyirdi.  

- Sizcə, sənətin mahiyyətində nə durur?

- Gözəllik! Mən, əlbəttə, bunu deyəndə hər dürlü cismani aşqardan təmizlənmiş füzuliyanə, cavidanə gözəlliyi göz önünə alıram. Bu gözəllik ruhu saflaşdırır.

- Saflaşdırma deyəndə, yəqin ki, Aristotelin "katarsis"indən danışırsınız.

- Doğrudan da, Aristotel "katarsis" deyəndə antik "ujas"a baxan tamaşaçıda qorxudan yaranan içsəl saflaşmanı nəzərdə tuturdu. Məsələn, təsəvvür edin ki, atasını öldürdüyünü və anası ilə evləndiyini bilən Edip sancaqla gözlərini deşir və Afina teatrının çoxminlik auditoriyası buna eyni vaxtda içini çəkməklə reaksiya verir. Adam bu heyrət dalğasında nə hala düşərdi?

- Sizcə, Edipin gözlərini deşməsində gözəllikmi var?

- Aktyor bu faciəni məharətlə oynayanda o, gözəlliyə çevrilir.

- Edip demişkən, kitabda həcmcə ən böyük yazını - "Bəhramnamə"ni vaxtilə "Çar Edip, yaxud alın yazısı" tamaşasını hazırlamış görkəmli rejissor Bəhram Osmanova həsr eləmisiniz. Bu kəmiyyət amili rejissorun gördüyü işlərin keyfiyyəti ilə bağlıdırmı?

- Şübhəsiz! Bəhram Osmanovun başqa rejissorlardan bir neçə fərqi var: insan xarakterinin səhnədə bütöv təcəssümü; aktyor potensialının maksimum açılması; traktovkanın konseptuallığı; ideyanın aktuallığı! Onun tamaşalarında bəzi aktyorları sanki ilk dəfə görürük. O, lazım olan anda lazım olan sözü deməyi bacarır, hətta Sofoklu səhnələşdirəndə də çağdaş problemlərimiz haqda danışır. Görkəmli rejissorun "Çar Edip", "Kral Lir", "Köhnə ev", "Mesenat", "Kaş araba aşmayaydı", "Uçqun", "Müharibə" və digər tamaşaları olmadan müstəqillik dövrü teatrımızı təsəvvür eləmək olmur. O, klassik rejissuranın milli teatrımızdakı son nümayəndəsidir. Məncə, belə rejissorlarımız daha olmayacaq.

- Müsahibləriniz arasında Barat Şəkinskayaya xüsusi münasibət hiss olunur.

- Barat xanımı uzun müddət başa düşməmişəm. Çünki "Nazirin xanımı"nda Jivkodan başqa, onu səhnədə görməmişəm. "Məşədi İbad"dakı Sənəmi çıxmaqla isə onun kinodakı rolları özəl uğuru ilə seçilmir. Kiminsə arvadı, kiminsə anası, kiminsə nənəsi... Bunlar onun üçün deyildi. Hətta Sənəm obrazı da uşaqlıqda mənə yad olub, çünki Məşədi İbadın başına oyun açanlardan acığım gəlirdi. Buna görə Cəfər Cəfərovun "Azərbaycan Dram Teatrı" kitabında 30-50-ci illər tamaşaları, özəlliklə də, Şekspir tamaşalarında Barat Şəkinskayanı ayrıca vurğulaması mənə qəribə görünürdü. Sonralar Barat xanımın xatirələrini oxudum, zamanla onun özünün də, qəhrəmanlarının da taleyini görməyə başladım. 90-ların sonunda ondan müsahibələr alanda aktrisanı həm də bir insan kimi tanıdım. 1928-ci ildə Abbas Mirzə Şərifzadə ilə eyni səhnəni bölüşən bir aktrisa ilə 1998-ci ildə həmsöhbət olmağım mənə dünyanın səkkizinci möcüzəsi kimi gəlir, əski çağlara düşdüyümü hiss edirdim. Odan son müsahibəni vəfatından üç gün öncə "Ekspress" qəzeti üçün mən götürmüşəm, onun haqqında ilk nekroloqu da mən yazmışam. Görünür, dünyasını dəyişəcəyini hiss elədiyindən o mənə teatrın pərdəarxası sirlərini açır və deyirdi: "Bunları sənə ona görə danışıram ki, bilirəm gələcəkdə yazacaqsan".

- Yazdınızmı?

- Yazmışam, amma hələ ki üzə çıxarmaq fikrim yoxdur. Şok effekti doğurmaq istəmirəm.

- Deməli, Barat xanıma özəl münasibətiniz onun sizi teatrın pərdəarxası sirlərindən agah eləməsilə bağlıdır.

- Əsla! Bu çox subyektiv bir şey olardı. Barat xanım Barat xanımdır. Mən onun ifasında Cülyettanın balkon səhnəsindəki monoloqunun səs yazısını eşidəndən sonra teatrşünas Cəfər Cəfərovun nə dediyini başa düşdüm. Bu nəsə insan nitqinin ötəsində bir səs, mələklərin nəğməsi idi. O, təkcə elə Şekspirdə dörd rol oynamışdı - Cülyetta, Kardeliya, Viola və Dezdemona. Ona "Şekspir aktrisası" deyirdilər. Romeo rolunun ifaçısı Ülvi Rəcəb tamaşadan sonra səhnəyə aktrisanın özü boyüklükdə gül dəstəsi qoydurmuşdu. Hüseyn Cavid onun Cülyettasına baxıb, pərdə arxasına gəlmiş, "Gözəl oynayırsınız, çox gözəl oynayırsınız, sizin üçün "Nüşabə" adlı bir pyes yazıram" demişdi. Rejissor Mehdi Məmmədov həmişə "Ən xoşbəxt teatr odur ki, orda Barat var" deyirmiş. Adil İsgəndərov onu Dezdemona rolunda qala bürcünün üstündə, ağ libasda görmək üçün "Otello"nu səhnələşdirmişdi. Mərziyə Davudova "Otello" tamaşasından sonra onun alnından öpmüş və - "Mən indi səhnəni arxayınca sənə təhvil verib, gedə bilərəm", - demişdi. Rus teatrşünası Obraztsov onun Violasına baxıb heyran qalmış, - "Mən bu oyun, bu geyim, bu qrimlə dünyanın bütün səhnələrini gəzərəm", - demişdi. Yəni söhbət, sadəcə, mənim münasibətimdən getmir.

- Sizcə, onun müstəsnalığı nədə idi?

- Bir tərəfdən antik və intibah dönəmi Qərb saray xanımları, o biri tərəfdən, milli qulluqçular - "Hacı Qənbər"də Yetər və "Məşədi İbad"da Sənəm! Bir tərəfdən italyan xalq meydan komediya teatrı üslubunda Mirondalina, o biri tərəfdən, başdan-başa tragizmlə süslənmiş Şirin! Kişi rolu - Napoleon, uşaq rolu - Til-til, kişi paltarı geymiş qadın rolu - Viola! O janr, yaş, cins, baş qəhrəman və ikinci dərəcəli rol, mənfi və müsbət qəhrəman, qulluqçu və xanım, milli və dünya dramaturgiyası baxımından amplua məhdudiyyəti tanımayan çoxtərəfli istedad idi. Teatr tariximizdə ikinci belə aktrisa olmayıb. Amma onun qədər haqqı tapdalanan da yoxdur. Respublikanın o vaxtkı rəhbəri Vəli Axundov küsüb getmiş aktrisanı teatra qaytarmaq üçün ona SSRİ Xalq artisti fəxri adı vəd eləmiş, amma sonra bu adı öz həmyerlisi Hökümə Qurbanovaya vermişdi.

- Hökümə xanım bu ada layiq deyildi?

- Bundan artığına da layiq idi, amma indi söhbət kimin daha haqlı olmasından, Respublika rəhbəri kimi ali görəv sahibinin öz vədinə xilaf çıxmasından, hər addımda üzləşdiyimiz yerlibazlıq sindromundan gedir. Hökümə xanım Azərbaycan teatrının ən şahanə 2-3 aktrisasından biri, vizual fakturası, çılğın temperamenti, özəlliklə də, gözəl tembrli səsiylə səhnəmizdə fenomenal təzahür idi. Amma o, daha çox qəhrəman rolları oynayan, amplua məhdudiyyəti olan monoton aktrisa idi. Onun Şirin, Oliviya, Hermiona, Kleopatra kimi kübar və hökmdar qadın rolları vardı, amma qulluqçu, kişi, uşaq rolları yox idi. Yəni onun səhnədə başqalaşma imkanı Barat xanım qədər geniş deyildi. O, rus təhsilli olduğu, şəhərdə doğulub böyüdüyü üçün kəndli qız və qadınların rolunu o qədər də uğurla oynamırdı. Bir faktı yada salım. Hökümə xanımın baş rolu - Bənövşəni oynadığı "Kəndçi qızı" tamaşasından sonra dramaturq Mirzə İbrahimov demişdi: "Barat mənim belimi qırdı!". Mirzə müəllim bu sözlərlə obrazın səhnə təcəssümündən narazı qaldığını, səhhətindəki problemlə bağlı sürətlə çəki alan Baratın gənc Bənövşəni oynaya bilməməsindən dolayı təəssüfünü bildirmişdi.

- Kitabda Hökümə Qurbanovaya yer ayırmamısınız.

- Hökümə xanımı həyatda görməmişəm. O, dünyasını dəyişəndə mən hələ tələbə idim. Mən onun ömrünün son on ilində oynadığı Ledi Maqbet və Günəş ana rollarına baxa bildim. Bu rollar artıq o deyildi - günəş qüruba enmişdi. Amma Mehdi Məmmədovun aktrisaya həsr elədiyi "Onun sənət ulduzu" kitabını dönə-dönə oxuduğumdan, aktrisanın əksər rollarını görmüş kimiyəm: hüznlü Oliviya; günahsız Hermiona; ehtiraslı Kleopatra... İndiyəcən aktrisa haqqında Mehdi Məmmədov, Tələt Əyyubov, Tofiq Abidin, İmran Axundovun kitabları dərc olunub. Allah qismət eləsə, böyük aktrisamız haqqında bir kitab da mən yazmaq istərdim.

- Mehdi Məmmədovdan sonra Hökümə xanım haqda kitab yazmaq istəyirsiniz?

- Mehdi müəllim bir sıra məsələlərin üstündən sükutla keçib. Məsələn, necə oldu ki, Mariya Tüdor rolu Barat xanım üçün nəzərdə tutulduğu halda bu rolda səhnəyə Hökümə Qurbanova çıxdı? O vaxt belə məsələləri yazmaq yasaq idi - hər şey ölçü-biçili, ütülü olmalıydı. Heç Hökümə xanım özü də bunu istəməzdi. Bir sıra məsələləri yazmağa isə rejissorun professional rəqabət hissi imkan verməmişdi. Məsələn, aktrisanın yaradıcılığının zirvəsi Kleopatra roludur, amma müəllif kitabda bu rol üzərində xüsusi dayanmır. Çünki "Antoni və Kleopatra" tamaşasının rejissoru Tofiq Kazımovla araları sərin idi. Kitabda belə problemlər az deyil.

- Sənətlə bağlı yazılarınız üslubi baxımdan ədəbi tənqidi məqalələrinizdən fərqlənir. Bu nə ilə bağlıdır?

- Ədəbiyyatşünaslıq yazılarıma Yaşar Qarayevin, sənətlə bağlı yazılarıma Mehdi Məmmədovun təsiri olub. Hiss etdiyiniz üslubi fərqlər bundan irəli gəlir. Mehdi Məmmədovu oxuyanda elə bil, zalda oturub tamaşanı izləyirsən. Bu yazılar həm də bir az təmtəraqlı, teatral bir dillə yazılıb. O, qollarını sinəsində çarpazlayıb, Hamletin məşhur monoloqunu necə sakit, aramla deyirdisə, elə də yazırdı.

- Sizcə, Amaliya Pənahova görkəmli rejissorun tamaşalarında niyə rol almayıb?

- Mehdi Məmmədov Amaliyaya Tofiq Kazımovun aktrisası kimi baxırdı. Bunlar fərqli rejissorlar, fərqli üslublar, fərqli zövqlər idi. Bura iki istedadlı rejissor arasında professional rəqabətdən doğan soyuq münasibəti də əlavə eləsək, hər şey aydınlaşar. Bununla belə, aktrisanın rol dəftərindəki qeydlər göstərir ki, o, Mehdi Məmmədovun quruluş verdiyi "İblis" tamaşasında baş rolda səhnəyə çıxmalıymış. Amma nədənsə, bu plan baş tutmamış, İblisi Həsən Turabov oynamış, Hamlet Xanızadə isə ona dublyorluq eləmişdi. 

- Kitabda teatr, kino, musiqi, televiziya, kulturologiya bölümləri var. Sizcə, sənətin mənbəyi bunların hansıdır?

- Məncə, başlanğıcda incəsənətin bütün növlərini özündə birləşdirən ana sənət olub. Bütün sənətlər bu "ana"dan doğulub. Əski insan ovlayacağı heyvanın yerdə şəklini cızırdı - bu, rəssamlıq idi; sonra şəklin çevrəsində fırlanır, rəqs edirdi - bu, musiqi idi; mahnı oxuyurdu - bu, musiqi və poeziya idi; ovu imitasiya edərək çəkdiyi şəkillərə nizələr sancırdı - bu, teatr idi; sonra bu səhnələri qayalara, daşlara həkk edirdi - bu, heykəltəraşlıq idi.

- İncəsənətə olan bu marağınıza baxmayaraq, niyə bu sahəni seçmədiniz?

- Atam hətta filologiyaya gəlməyimə də razı deyildi, istəyirdi ki, hüquqşünas olum. Sonralar mənə iki dəfə ixtisasımı dəyişmək təklif olundu, amma heç birini qəbul eləmədim. İncəsənət İnstitutundan gəlmiş Ələkbər müəllim universitet tələbələri ilə "Aydın"ı hazırladı və mənə baş rolu verdi. Tamaşa Aktyorlar Evi, sonra Politexnik İnstitutunda göstərildi və razılıqla qarşılandı. Mədəniyyət Nazirliyinin əməkdaşı mənə İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə keçməyi təklif elədi. Razı olmadım. Belə gözlənilməz, radikal addıma hazır deyildim. Bundan təxminən on il sonra Lütfi Məmmədbəyovdan müsahibə alanda dedi ki, gəl, səni Rejissorluq fakültəsinə qəbul eləyək. Yenə razı olmadım ki, artıq gecdir. Onda bilmirdim ki, rejissorluğa elə bir az gec gəlməlisən, müəyyən həyat təcrübəsi toplayandan, otuzu keçəndən sonra, ikinci təhsil kimi. Bunu başa düşəndə, doğrudan da, gec idi.

- Lütfi Məmmədbəyov haqda yazınız "İlahi tamaşanın aktyoru" adlanır. Niyə məhz ilahi?

- Lütfi müəllim "Bəxtiyar" filmində ilk dəfə səhnəyə çıxan dostunun ayaqları altına gül dəstəsi atan Həbibi oynamışdı. O, sadəcə, kinoda deyil, həyatda da neçə-neçə gənc aktyorun ayağı altına gül dəstəsi atmışdı. Bu onun tale təyinatı, o ilahi tamaşanın aktyoruydu. Bu sözləri məndən eşidəndə Lütfi müəllim gözlənilmədən durdu ayağa, getdi pəncərənin qabağına, bayıra baxmağa başladı. Bir də gördüm ki, çiyinləri atlanır - ağlayırdı. Çox pərt olmuşdum. Bir neçə dəqiqədən sonra gözünü dəsmalla silib qayıtdı yerinə, söhbətə davam elədik. Yazı dərc olunandan sonra qəzetdən bir nüsxə götürüb getdim teatra. Çox razı qalmışdı. Mənə bir qutu şokolad və bahalı bir içki bağışladı. Sonralar məni uzaqdan görən kimi "Sənətkar!" deyib əlini qaldırırdı yuxarı. Bu zarafat onun vəfatına qədər davam elədi. Allah rəhmət eləsin!

- Ailənizdə sənət mühiti olubmu?

- Valideynlərim müharibə dönəmi uşaqları olduğundan öz ömürlərini yaşamadılar. Amma hər ikisi sənət zövqünə malik idi. Özəlliklə də, atamın rəyi mənim üçün meyar idi. Kitabda Zeynəb Xanlarovaya həsr olunmuş "Səhnəmizin sultanı" portret yazısının kökündə birbaşa atamın bu korifey sənətkara münasibəti dayanır.

- Bir dəfə Zeynəb xanım əleyhinə çıxış edən ünlü bir müğənniyə sosial şəbəkədə etiraz etmişdiniz.

- Zeynəb xanımın hər çıxışı bizim üçün sənət bayramı idi. Marsel Prustun qəhrəmanı öz uşaqlığına alma qoxusuyla döndüyü kimi, mən də indi o illərə Zeynəb xanımın səsi ilə qayıdıram. Onun səsi epoxaldır. O, 1984-cü ildə Beyləqana konsert verməyə gəlmişdi. Amma raykomun binası qarşısında düzənlənən konsertdə elə basabas düşdü ki, müğənnini zorla birtəhər maşına əyləşdirib, meydandan uzaqlaşdırdılar. Təsəvvür edin ki, basabasda ayaq altda qalıb ölən olmuşdu. 1969-cu ildə Liviyaya qastrol səfərinə gəlmiş məşhur Misir müğənnisi Ümmü Gülsümə hörmət əlaməti olaraq inqilabçılar öz çevriliş planlarını təxirə salmışdılar. Təəssüf ki, biz öz sənətkarlarımıza afrikalılar qədər hörmət eləmirik.

- Bəzən deyirlər ki, Zeynəb Xanlarova səhnəyə şənlik, şuxluqdan başqa heç nə gətirməyib?

- Səhnəyə şənlik, şuxluq, dinamizm gətirmək bəyəm azdır? O özünəqədərki statik mahnı ifaçılığına həyat nəfəsi verib. Orteqa-i-Qasset deyir ki, sənət dünyanı xilas edə bilməz, o, uzaqbaşı insandakı şənlik ovqatını oyada bilər. Umberto Eko "Qızlgülün adı" romanında yazır ki, insanın xilas yolu Aristotelin gülüş haqqındakı itkin kitabını tapmaqdadır. Mən Nizaminin "Şadlıqdır, eyhamdır sözün arğacı" misrasını xatırlatmaq istəmirəm, çünki özümüzünkülərə inanmırıq, hökmən bir ispan, ya italyan deməlidir ki, inanaq. Bu gün dəbdə olan fikrin əksinə, sənətin mahiyyətində sevinc dayanır. İnsan sənətlə ünsiyyətdə sərt, amansız həyatın gətirdiyi hər cür dərdi, qayğını unutmalıdır. Buna görə o illərin dinləyiciləri Zeynəbi belə sevdilər. Sadə bir ailədən çıxmış büllur səsli bu dağlı qızı xalqın xoşbəxtlik arzusunun təcəssümü idi.

- Xalq tapa bildimi o xoşbəxtliyi?

- Həyat faciə, xoşbəxtlik illüziya, sənət təsəllidir.

- "Səs" essesində yazırsınız: "Çağdaş musiqi daha çox hay-küydən ibarətdir, onun ruhundan, melodiyasından daha çox, cismi, ritmi var". Doğrudan yəni durum bu qədər acınacaqlıdır?

- Mən burda ən ümumi gedişdən danışmışam. Əlbəttə ki, ruhu, melodiyası olan bəstələr də var. Amma Səid Rüstəmov, Qənbər Hüseynli, Tofiq Quliyev, Rauf Hacıyev, Şəfiqə Axundova, Cahangir Cahangirov, Ramiz Mirişli, Emin Sabitoğlu, Elza İbrahimova, Oqtay Kazımi, Tahir Əkbər artıq yoxdur. Daha Fatma Qədri, Barat Şəkinskaya, Ələsgər Ələkbərov, Hökümə Qurbanova, Əli Zeynalov, Həsən Turabov, Amaliya Pənahova, Şəfiqə Məmmədova, Vəfa Fətullayeva kimi qeyri-adi səs tembrinə malik aktyorlar meydana çıxmır. Daha Cavidin, Cabbarlının qəhrəmanlarının yeri-göyü titrədən monoloqları yazılmır. Daha efirdən Aydın Qaradağlının, ekrandan Ofeliya Sənaninin səsi gəlmir. İndividual, fərdi, təkrarsız səs faktoru aradan qalxır. Ümumi xor kapellasının içində solistlərin səsi eşidilmir. Bu, istedad amilinin getdikcə yoxa çıxması anlamına gəlir. Çünki istedad həmişə fərdi, təkrarsızdır. Sənətdə robotlaşma, texnikiləşmə prosesi gedir. İstedad öz yerini postistedada verir.

- Amma müsahibləriniz arasında gənc xanəndə Murad Laçınlı da var.

- Hər bir prosesdə və sistemdə istisnalar olur, Murad da klassik səs tembri və ifa ruhunu yaşadan istisnalardan biridir. Onun gələcəkdə korifey sənətkar olacağına inanıram.

- "Səs" essesində Azərbaycanı üç hissəyə bölürsünüz: söz, səs və rəng bölgələri. Bu bölgünün əsasında nə durur?

- Bölgünü coğrafi və mədəni amillərin bir araya gəlməsi ilə şərtlənən geokulturoloji prinsiplə aparmışam. Bu bölgüyə görə dağlıq ərazilər daha çox söz sənəti, çökəkliklər rəng incəsənəti ilə bağlıdır, səs bu ikisinin arasında yerləşir. Ona görə Naxçıvan, Göyçə, Qazax və Borçalını söz, Bakı və onun ətrafını rəng, bu ikisi arasında yerləşən Qarabağı isə səs bölgəsi kimi səciyyələndirməyə çalışmışam.

- "Səs"iniz səs sala bildimi?

- Anar müəyyən razılaşmadığı məqamları qeyd etməklə yanaşı, esseni maraqla, Elçin razılıqla qarşıladı, Nizami Cəfərov hətta "kəşf" adlandırdı. Qulu Ağsəs öz təşəbbüsü ilə "Ulduz"da dərc etməklə, Azər Turan isə "Ədəbiyyat qəzeti"ndə verməklə essedən razı qaldıqlarını bildirdilər. Gənc şair Fuad Cəfərli esse haqqında ayrıca yazı ilə çıxış elədi. Çoxlu rəylər oldu. Amma essenin səs saldığını desəm, mübaliğəyə yol verərəm.

- İran rejissorlarından Məcid Məcidinin "Peyğəmbər", Əsgər Fərhadinin "Satıcı" filmləri haqqında yazılarınız var. Qonşu ölkənin kinematoqrafiyasına bu özəl maraq nədən irəli gəlir?

- Məcidinin "Peyğəmbər" filmindən mövzusuna görə yazmışam. Onun filmləri arasında ən çox sevdiklərim, əslində, "Sərçələrin nəğməsi", "Cənnətin çocuqları", özəlliklə də "Allahın rəngləri"dir. İran kinosu tarixində ən bahalı film olan, çəkilişi illərlə sürən "Peyğəmbər" öz süjet yayğınlığı, kompozisiya dağınıqlığı, poetik idealizəsiylə, məncə, o qədər də uğurlu alınmayıb. Filmin önəmi o oldu ki, onu görəndən sonra Misir rejissoru Akkadın 1976-cı ildə ekranlaşdırdığı "Peyğəmbər"inə yenidən baxdım. Fərhadinin Oskar almış "Satıcı" filimindən isə rejissorun amerikanpərəst mövqeyi ilə razı olmadığım üçün yazmışam. Bizdə də sənətin və ümumən həyatın qibləsini Qərbə tərəf çevirmək istəyənlər var, özəlliklə də, gənclər arasında manqurtlaşma gedir. "Satıcı" barədə yazmaqdan əsas məqsədim Oskar oyunlarının ideoloji tələ olduğunu demək idi.

- Akkadın filminə yenidən baxıb nə qərara gəldiniz?

- Mənim Peyğəmbər haqqında təsəvvürüm bu filmdəkindən fərqlidir. Məsələn, çox istəyərdim, Həzrəti Cəbrayılın ilk dəfə Peyğəmbərin gözünə üfüqlərdən görünməsi, yaxud Bədr döyüşündə mələklər ordusunun göydən enərək müşrikləri pərən-pərən salması filmdə canlandırılaydı. Rejissorun təsəvvürü isə qanadsız, prozaikdir. O, realizmə konseptual yanaşmayıb, reallığın hamının gördüyü bəri üzünü çəkib, o biri üzünü isə göstərməyib. Ya buna inanmayıb, ya ekran həllini tapmayıb, ya da sadəcə, imkan verilməyib. Məcidi Peyğəmbərin ayağını yerdən çox üzdüyü kimi, Akkad da onu yerə çox bağlayır. Peyğəmbər isə yerlə göy arasında qərar tutan mediatordur.

- Dünya kinosu və ədəbiyyatımız mövzusunda nəsə yazmaq fikriniz varmı? Çünki son dövrdə bu əlaqə qabarıq hiss olunur.

- De Sika, Kurosava, Antonioni, Tarkovski, Mel Gibson, Haneke, Balabanov və digər rejissorların çağdaş nasirlərimizin yaradıcılığına təsiri mövzusunda yazsam da, hələ ki çapa verməyə tələsmirəm. Dünya kinosu ənənələrini milli ədəbiyyata gətirməyə mütərəqqi hadisə kimi baxıram. Bu təsir getdikcə vizuallaşan zamanın kulturoloji səciyyəsinə uyğundur.

- Kitabın "Televiziya" bölümündə Həmid-İlhamiyyə dueti və sənət proqramlarının aparıcısı Vidadi Hüseynovdan yazmısınız. Bu seçimi necə izah edərdiniz?

- Bir dəfə Mehdi Hüseyn ezamiyyətdən atası haqda oçerklə qayıdan İsa Hüseynovdan soruşur ki, niyə öz atandan yazmısan? Gənc yazıçı cavab verir ki, çünki onu yaxşı tanıyıram. Mənim də məhz bu adamlardan yazmağımın birinci səbəbi onları yaxşı tanımağımdır. Amma bu yeganə səbəb deyil. Orijinallıq cəhdləri ilə seçilən bu şəxslər hər biri öz işinin həm ustası, həm də fanatıdır.

- Artıq neçə illərdir ki, müxtəlif telekanallarda fərqli proqramlarda çıxışlar edirsiniz. Bunların hansında özünüifadə imkanı daha çoxdur. Ümumən, televiziyanın hazırkı durumu barədə nə düşünürsünüz?

- İlqar Fəhminin aparıcılığı ilə bir neçə il iştirakçısı olduğum "Məclisi-üns" proqramını yada salmaq istəyirəm. Bu, xalqımızın yüksək materiyasından söz gedən intellektual proqram idi. Flora Xəlilzadənin "Yadigarlar", Sayman Aruzun "Körpü", Turan Uğurun "Güzgü", Mintac Elsevərin "Üçüncü zəng", Səyyarə Səyyafın "Ovqat" proqramlarının iştirakçısı və ya tamaşaçısı olmaq maraqlıdır. Məncə, televziyada müasir ədəbi proseslə bağlı proqrama ehtiyac var.

- Son illərdə oxuduğunuz sənətşünaslıq kitablarından hansı sizə daha maraqlı gəlib?

- Ədalət Vəliyevin "Teatr, ruh və əqidə" kitabı təxminən son on ildə oxuduğum ən dəyərli sənətşünaslıq işlərindən biri, bəlkə də, birincisidir. Cəfər Cəfərovun teatr tariximizlə bağlı fundamental kitabından sonra bu, teatr tariximizin dərkində yeni mərhələdir. İlham Rəhimlinin bir çox kitabları, özəlliklə də Barat xanımın portretini yaratdığı "Baratın özü, İlhamın sözü" kitabı öz müəllifinin düşüncə sərbəstliyi və faktoqrafik incəliklərə bələdliyi ilə maraqlıdır. Son bir ildə rus və dünya sənətşünaslığından Tovstonoqov, Tarkovski, Piter Brukun kitablarını oxumuşam.

- Əsəd müəllim, maraqlı söhbət üçün sağ olun. Sizə gələcək fəaliyyətinizdə başarılar diləyirik.

- Diqqətiniz üçün minnətdaram.

 

Söhbətləşdi: İradə AYTEL