Susayan könlümə yağış yağırdı…

Rate this item
(0 votes)

 

Bakı Qida Sənayesi Kollecinin baş müəllimi, "Qazax" Xeyriyyə İctimai Birliyinin veteran üzvü, şair Firudin Orucun sayca 5-ci şeirlər kitabı işıq üzü görüb. 

 

Firudin müəllim olduqca səmimi, təvazökar insandır. İstər gecənin bir vaxtı olsun,  yadıma  düşəndə ki, Firudin müəllimlə filan işlə bağlı danışmalıyam, heç düşünmərəm ki, birdən gec olar, narahat edərəm. Zəng edərəm. Telefonun o tərəfindən nurani ağsaqqal "Eşidirəm, ay Səbişim", deyər. Elə səmimi cavab verər ki, mən də ürəklənərəm  ki, yox, deyəsən narahat etməmişəm. Deyərəm: Firudin müəllim, üzrlü sayın, gec zəng etmişəm. Elə indi vaxtım oldu. "Səbişim, bu nə sözdür? Narahatçılıq yoxdur, buyur, səni eşidirəm", deyər. Bu səmimiyyətdən gözəl nə ola bilər?

Belə insanlar sevilməyə, diqqət edilməyə layiq insanlardır. Ona görə yox ki, sənin gecə zənginə cavab verirlər, sözünü dinləyirlər. Ona görə ki, onlar sözün əsl mənasında səmimidirlər, digərlərinin dərdinə şərik olurlar. Xalqın sevincindən onlara da həmişə pay düşür. 

Ona görə ki, Firidun müəllim doğulduğu yurdu, boya-başa çatdığı mahalı çox sevir. Ona görə ki, o, bütün Türk dünyasını sevir.

Ən çətin illərdə (ötən əsrin 90-cı illərində) Qazax Xeyriyyə Cəmiyyətinin ən fəal üzvü olub. Bakıdan Azərbaycanın ən ucqar sərhəddi Qazağa - əsgərlərə, hərbçilərə lazım olan zəruri ehtiyacları alıb aparmaqdan yorulmayıb, gecə-gündüz çalışıb. Torpaq əldən getməsin deyə! Vətən var olsun deyə!

O ağrılı-acılı illərlə bağlı saysız-hesabsız xatirələri var Firudin müəllimin. Dinlədikcə özünü Qazağın döyüş gedən sərhəd kəndlərində hiss edirsən. Bəzən dönüb uşaq olursan, o illəri yenidən yanaşırsan. Axı mən o illərin itkiləri, acıları ilə böyüyən uşaqlardan olmuşam. 

Firudin müəllimin Vətən, Xalq, El yolunda xidmətləri təqdirəlayiqdir, unudulmazdır.

Firudin müəllim, nə yaxşı ki, varsınız. Ruhunuz duru, yaradıcılığınız qaynar, könlünüz sevgi dolu, ömrünüz uzun olsun.