Niderlandda “Nizami Gəncəvi” kitabının təqdimatı keçirilib

Rate this item
(0 votes)

 

Niderlandın Haaqa şəhərində fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə şəhərin “Transval” kitabxanasında Almaniyada yaşayan azərbaycanlı şair, yazıçı Orxan Arazın “Nizami Gəncəvi” kitabının təqdimatı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşqın təqdimat mərasimini açaraq tədbir iştirakçılarına kitab haqqında ətraflı məlumat verib.

Nəşrin müəllifi Orxan Araz Nizami Gəncəvinin zəngin yaradıcılığı, kitabın yazılma tarixi, böyük mütəfəkkirin yaradıcılığının aktuallığı, həmçinin holland və türk dillərində olan kitabın məhz Niderland Krallığında nəşrinin əhəmiyyətindən danışıb. Niderland Krallığında yaşayan azərbaycanlılar Nizami Gəncəvinin şerlərini səsləndiriblər. Daha sonra Nizami Gəncəvinin sözlərinə bəstələnmiş musiqi parçaları ifa edilib.

Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşqın və Azərbaycan Dillər Universitetinin dosenti, Qərbi Azərbaycan İcmasının beynəlxalq əlaqələr üzrə sədr müavini Həqiqət Hacıyeva tədbirə qatılmış diaspor fəallarına, eləcə də dərnək üzvlərinə təşəkkür diplomları verib. Həqiqət Hacıyeva “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti, Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək Mərkəzinin direktoru Sərraf Orucovun adından 44 günlük Vətən müharibəsi qazilərinə maddi və mənəvi dəstək göstərmiş diaspor fəallarına və soydaşlarımıza təşəkkürnamələr təqdim edilib.

Mərasimdə Azərbaycanın Niderland Krallığındakı səfirliyinin diplomatı Səbinə Sadıqova, Türkiyə Səfirliyinin nümayəndəsi Ozan Can Gümüş, Niderlandda fəaliyyət göstərən assosiasiyaların üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.