Azərbaycan muğamşünaslıq elminə dəyərli töhfə verilib

Rate this item
(0 votes)

 

Görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, pedaqoji elmlər doktoru, professor Oqtay Rəcəbovun və Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadənin müəllifi olduqları “Azərbaycan xalq musiqisi janrlarının təhlili” adlı 200 səhifəlik kitab bu yaxınlarda “Mütərcim” nəşriyyatı tərəfindən nəşr olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, layihə rəhbəri Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, elmi məsləhətçisi isə Xalq artisti Siyavuş Kərimi olan bu kitab girişdən, 4 fəsildən, 11 paraqrafdan, nəticə və notoqrafiyadan ibarətdir, kitab musiqi təmayüllü ali və orta ixtisas məktəbləri üçün nəzərdə tutulub. Xalqımıza məxsus olan bütün musiqi janrlarının geniş şəkildə təhlil edildiyi kitabda Azərbaycan muğamları ilə əlaqədar daha bir yeniliyə də toxunulub. Məlum olduğu kimi, dahi Üzeyir Hacıbəyli “Azərbaycan xalq musiqisinin əsasları” adlı qiymətli kitabında muğamlarımızın insana ruhi təsirindən söhbət açır, “Rast”ın qəhrəmanlıq, “Şur”un lirik əhval-ruhiyyə, “Segah”ın sevgi, “Humayun” və “Şüştər”in kədər hissləri yaratdığını göstərir. Lakin Azərbaycan klassik muğamlarının çoxlu sayda şöbələrinin hər birinin yalnız ona məxsus olan emosional təsir imkanları vardır ki, bu günə qədər heç kim onları tədqiq etməyib.

Bu baxımdan yeni kitabın müəllifləri muğamlarımızın şöbələrinin adlarının hər birinin mənasının əks etdirdiyi emosional əhval-ruhiyyəni cədvəllər şəklində göstəriblər ki, bunları muğam nəzəriyyəsi tarixində yenilik kimi qeyd etmək olar.