YUSİF ALIYEV: “Həyatımda imza atdığım ən uğurlu işlərdən biri” Featured

Nəhayət ki, ADPU Quba filialının rektoru, fizika elmləri doktoru, dosent Yusif Alıyevin uzun müddətdir üzərində çalışdığı "Bərk cisimlər fizikası" adlı dərs vəsaiti çapdan çıxdı. Yusif Alıyev bu kitabı həyatında imza atdığı ən uğurlu işlərindən biri hesab edir. 

“Ədəbiyyat və incəsənət” portalı Yusif Alıyevin kitabla bağlı təəssüratlarını diqqətinizə çatdırır. 

 

Dəfələrlə ustad müəllimlərim professor Yusif Əsədova və dosent Qəhrəman Hüseynova illər uzunu məşğul olduqları elm sahəsindən və elmi-pedaqoji fəaliyyətlərindən əldə etdikləri bilikləri ümumiləşdirib kitab halına salmalarını xahiş etsəm də, bu işə qol qoymayaraq "gələcəkdə özün edərsən", - deyə söhbəti bağlayardılar. 

Çox böyük məsuliyyət altına girərək bu işi icra etməyə başlayarkən elə ilk səhifədə kitabın adının altında bu sözləri yazdım: "Kristalloqrafiya elminə böyük töhfələr vermiş müəllimlərim Yusif Əsədovun və Qəhrəman Hüseynovun əziz xatirələrinə ithaf edirəm". Bəli, bu mənim mənəvi borcum idi.

Təbii ki, bərk cisimlər sahəsində akademik Arif Paşayevdən, akademik Bəhram Əsgərovdan, professor Məmməd Çıraqovdan, professor Məhəmməd Babanlıdan, professor Edil Eyvazovdan və digər ünlü fiziklərdən sonra dərs vəsaiti yazmaq çox çətin və eyni zamanda, məsuliyyətli bir işdir. Bunun üçün müəllifdən əlavə cəsarət tələb edilir ki, bu sahədə mövcud olan məsələləri daha məxsusi şəkildə izah edib, elmi yanaşmanı metodiki mənimsəmə baxımından uyğun bir çərçivəyə salsın. 

Buna görə də bu dərs vəsaitini ərsəyə gətirdiyim müddətdə kristalloqrafiya və bərk cisimlər fizikası, bərk cisimlər kimyası sahəsində tanınmış alimlərdən məsləhət və tövsiyələr almışam. Akademik Cavad Abdinovun, professor Səlimə Mehdiyevanın, professor Əhməd Abdinovun, professor Eldar Məsimovun, professor İmaməddin Əmiraslanovun, fizika elmləri doktoru Mahmud Kazımovun və digər alimlərin məqalərini incələyib, demiş olduqları elmi fikirlərini təhlil edib kitabın daxili strukturunu müəyyənləşdirdim. 

Sonra bərk cisimlər sahəsində tanınmış alimlər olan professor Aydın Ələkbərovdan və dostum, fizika elmləri doktoru Sakin Cabarovdan kitabın elmi tutumlu və tədqiqatlardan süzülüb gələn məlumat və informasiyalarla zənginləşdirilməsini müzakirə edib kitabın oxunaqlığına yenilik və müasirlik gətirdik. 

Daha sonra mənə öz dəstəyini əsirgəməyən, bir sıra səhvləri və qeyri-dəqiqlikləri aradan qaldırmağa imkan verən, bir çox məsələlərin təqdimatının təkmilləşdirilməsinə töhfə verərək kitabı daha da oxunaqlı edən dəyərli rəyçilər professor H.M.Məmmədova, professor A.S. Ələkbərova, professor A.P.Abdullayevə və kitabın elmi redaktoru dosent A.O.Daşdəmirova dərin minnətdarlığımı bildirməyi özümə xoş bir vəzifə hesab edirəm.

Dərs vəsaiti Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının 25 aprel 2024-cü il tarixli iclasının qərarı (protokol № 7) ilə çapa tövsiyə edilmişdir. Buna görə professor Cəfər Cəfərov başda olmaqla ADPU-nun Elmi Şurasının üzvlərinə və Tədris-Metodiki Şurasının üzvlərinə dərin təşəkkürümü bildirirəm.

“Bərk cisimlər fizikası” dərs vəsaitində bərk cisimlərin quruluşu, onlarda müşahidə olunan fiziki xassələr haqqında geniş məlumat verilmişdir. Dərs vəsaiti bərk cisimlər fizikası və texnologiyası, kondensasiya olunmuş maddələr fizikası istiqamətləri üzrə bakalavr və magistr hazırlığı çərçivəsində fiziki və texniki ixtisasların tələbələri və doktorantlar üçün nəzərdə tutulmuşdur. Bundan başqa dərs vəsaitindən bərk cisimlər fizikası fənnini tədris edən müəllimlər və bərk cisimlər fizikası sahəsini müstəqil öyrənmək istəyən şəxslər də istifadə edə bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(10.07.2024)