“ADINI ÇƏKİRƏM” - İntiqam Yaşarın yeni kitabının təqdimatı olacaq Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

İyunun 8-i saat 15:00-da Beynəlxalq Muğam Mərkəzində Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair-publisist İntiqam Yaşarın yeni çap olunmuş "Adını çəkirəm" şeirlər kitabının təqdimatı keçiriləcək. Tədbirə giriş sərbəstdir. 

 

Xəbəri qeyd edən kimi ona keçim ki, kitabı çox sevəcəksiniz. Üstündəki kəpənək rəsmləri çox gözəldir, içindəki kəpənək kimi zərif şeirlər də çox gözəldir. 

Qeyd edim ki, İntiqam Yaşarın bu vaxta qədər "İlk görüş" (Bakı,2012), "...və susarsan"(Bakı,2016), "Evdə yoxam"(Bakı, 2018), "Bütün xatirələr sənə qalacaq"(Təbriz, 2020) kimi 4 şeir kitabı çap olunub.

İndisə yeni kitabdan iki gözəl nümunə ilə oxucularımı baş-başa buraxıram. 

 

*

Müqəddəs şəhərlərdə yaşayan insanların

dərdini düşünürəm,

Onların da, görəsən, soyuq divarlardakı

nəfəsləri ölürmü?!

Tanrı o şəhərlərə bizdən daha yaxındı,

Görəsən, çağıranda köməyə tez gəlirmi?

 

Susurmu qaranlıqlar ağ kabuslar içində,

Yuxular qarışırmı bulanıq sular kimi?

Düyünlənmiş qaşları, alınlarda kim açır, 

Tanrı çoxmu yorulur, bunca iş-güc içində, 

Görəsən, bircə dəfə, barı üzü gülürmü?

 

Küləklərə baş qoşub getmək havası varmı,

Oralar tərk edilib, getməyə yarayırmı?

Yoxsa, o şəhərlər də qəbir ağuşu kimi,

Udur bir ayağını qaçaq qoyan kəsləri.

O şəhərlər necədi, Tanrı çox gözəl bilir,

Bu şəhərlər necədi, ora qədər bilirmi?!

 

*

Üzümə minlərlə ümid tuşlanıb,

Edam divarıdır güzgülər indi. 

Matəm havasına yallı gedirik,

Kim sevinə bilər, kim gülər indi?

 

Bir güllə sıxmışam sol ovcumdadı,

Bir güllə sıxmışam gecə köksünə.

Yer üzündə yerlər müvəqqətidir,

Məni də göndərib Tanrı sürgünə.

 

Məndə bəndəlikdən əsər qalmayıb,

Gözüm buludlarla savaş halında.

Nə ki mən, yer üzü xəcalət çəkir, 

Bir körpə uşağın hər sualında.

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2024)