“Yazıçının ustalığı ondadır ki, həm ortaya sənət nümunəsi qoysun, həm də onun kütləviliyinə nail ola bilsin” - MÜSAHİBƏ Featured

Rate this item
(2 votes)

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi fil.f.d., dosent Elnarə Qaragözovanın moderatorluğu ilə  “Olaylar”ın “Ədəbiyyat söhbətləri" layihəsinin növbəti qonağı yazıçı,  Əməkdar jurnalist, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri,  Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru  Varis olub. 

“Ədəbiyyat və incəsənət” portalı DAYCEST bölümündə həmin müsahibəni diqqətinizə çatdırır.

 

E.Q.  - Varis müəllim, söhbətimizə başlamadan öncə Sizi  2024-cü ilin "Ədəbiyyat adamı" adına layiq görülməniz münasibətilə təbrik edirik.

 

V.Y. - Təşəkkür edirəm.

 

E.Q. - Varis müəllim, Sizin ilk hekayələrinizin "Ulduz" jurnalında çap olunmasını İsmayıl Şıxlı tövsiyyə edib. Elə bu məqamı vurğulamaqla həm İsmayıl Şıxlı ilə bağlı xatirələrinizi dinləmək, həm də ədəbi mühitdə sələf-xələf münasibətlərinə dair fikirlərinizi eşitmək istərdik.

 

V.Y. -Mənim atam dövrünün tanınmış ədəbiyyatşünası olub və bizim çox zəngin kitabxanamız var idi. Belə demək olar ki,  ədəbiyyata sevgi mənə irsən keçib. O vaxt mən yazırdım, amma yazdıqlarımı heç yerdə dərc etdirmirdim. Hekayələrimi üzə çıxarmırdım, heç atama da göstərmirdim. Mən Bakıda doğulsam da əslən qazaxlıyam. İsmayıl Şıxlı bizim elin ağsaqqalı idi, ona el arasında İsmayıl qağa deyirdilər. Anam mənim yazılarımı bizim yaxın qohumumuz, mərhum şair Davud Nəsibə verib ki, apar bunları İsmayıl qağaya göstər. O vaxt çox çətin dövr idi, 20 yanvar faciəsi, Qarabağ müharibəsi fonunda ədəbiyyat o qədər vacib, diqqətçəkən nəsnə deyildi. Ona görə bundan nəsə alınacağına, həmin hekayələrin İsmayıl Şıxlının diqqətini cəlb edəcəyinə inanmırdıq. Lakin bir gün Davud Nəsib universitetə gəlib dedi ki, İsmayıl qağa - İsmayıl Şıxlı  bizi gözləyir. 

İsmayıl Şıxlı - o böyük ustad, yazıçı mənim yazılarımdan çox təsirlənmişdi. Ondan sonra da mən eşitmişəm, bilirəm ki, İsmayıl Şıxlının elə bir ədəbi zövqü olub ki, ona heç nəyi zorla diqtə etmək, bəyəndirmək olmazdı. Hekayələrim onu necə tutmuşdusa  işinin-gücünün ağır vaxtında məni çağırdı, görüşdük. İsmayıl Şıxlı elə bilmişdi ki, Varis mənim təxəllüsümdür. Dedim ki, Varis mənim təxəllüsüm yox, adımdır. Atam adımı belə qoyub ki, bu uşaq elə ədəbiyyatın varisi olacaq. Dedi ki, nə gözəl ad qoyublar sənə. Elə "Ədəbiyyata Varis gəlir" mesajı ilə də hekayələrimi "Ulduz" jurnalında dərc etdirdi. Mənə elə gəlir ki, hansısa sahədə uğurlu olmaq üçün orada üç məqam əsasdır. 50 faiz mütləq istedad olmalıdır. Bu çox vacibdir. Qalan 50 faizi isə mən iki yerə bölürəm. Onun 25 faizi bilikdir. Bu gün elə adamlar var ki, ədəbiyyatdadırlar, amma ədəbiyyatşünaslıqdan xəbərsizdirlər. Bu yaxınlarda bir gənc yazar mənə dedi ki, bilmirəm əsər yazım, yoxsa roman? Dedim sən heç nə yazma. Get əvvəlcə ədəbiyyatşünaslığın əsaslarını oxu. 

Çox əfsus ki, indi jurnalistikanı, ədəbiyyatı elmə ehtiyacı olmayan sahə hesab edirlər. İstənilən şəxs o sahənin diplomu olmadan həkim, mühəndis ola bilməz, amma ədəbiyyata, jurnalistikaya tərəddüdsüz, cəsarətlə gəlirlər. Savad, bilik yazıçı, jurnalist üçün çox önəmlidir. Dediyim kimi, istənilən sahədə uğur üçün 50 faiz istedad, 25 faiz bilik, qalan 25 faiz də ustad dərsləri olmalıdır. Ustad dərsləri də çox vacibdir. Ola bilər ki, çox istedadlı, savadlı olasan, ancaq ustad dərsi almadan düz yolu tuta bilməzsən. İnsanın kimdən dərs alması çox vacibdir.

 

E.Q. - Ədəbiyyatla jurnalistikanın kəsişməsi çox maraqlı bir məqamdır. Yazıçı Varislə jurnalist Varis Yolçuyevin münasibətləri və bu münasibətlərin mətn üzərində tənzimlənməsi necə baş verir?

 

V.Y. - Elnarə xanım, Siz çox maraqlı nüansa toxundunuz. Mən 90-cı illərdə ədəbiyyata gələn bir adamam. Ancaq  özüm ədəbiyyata gəlişimi 2000-ci illərdən - ilk kitabımın çıxmasından hesablayıram. Çünki 90-cı illərdə mən ədəbiyyatı deyil, jurnalistikanı seçdim. 2000-ci illərdə ədəbiyyata qayıdanda mənim artıq böyük bir təcrübəm var idi. Ondan öncə bədii əsərlərimi çap etdirmirdim, amma yazırdım. Mənim belə bir kəlamım var: özünün ən güclü zərbələrini yaşadığın zəmanənin ən zəif məqamına saxla. 2008-ci ildə mən artıq  dövlət televiziyasında sosioloji araşdırmalar və dövrü nəşrlər departamentinin rəhbəri idim. Biz  sorğular da keçirirdik və orta statistik oxucu da artıq mənə məlum idi: tələbə gənclər. Mən bilirdim ki, tələbə gənclər üçün ən maraqlı mövzu sevgidir. Mən "Sonuncu ölən ümidlərdir" romanımla - nəinki həmin, hətta indiki dövr baxımından da fantastik bir tirajlı - 10 min tirajla debüt etdim. Mən şadam ki, Bakı Kitab Klubu bu əsəri müstəqil Azərbaycanın  tarixində ən çox satılan roman elan etdi. Bu romanın yeddi nəşri çıxıb, səkkizinci də çıxacaq. Elə bu ilk romanla mən jurnalistika ilə ədəbiyyatın qovşağında bir janr kəşf etmiş oldum və bir qədər zamanı qabaqladım. Publisistika və ədəbiyyat - mən bu sahələrin ikisinə də bələd idim. Düşündüm ki, mən bunu jurnalistikada yox, ədəbi mətndə birləşdirə bilərəm. Bütün əsərlərimdə, indiyə qədər çap olunan 16 kitabımın hər birində əsərin ən azı iki qatı olur və o qatların biri publisistikadır. Bu qat mütləqdir. Dünyanın ən böyük ədəbiyyat  institutlarından biri olan M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda  publisistika ilə ədəbiyyatın ən gözəl sintezinin mənim romanımda olmasını əsaslandıran dissertasiya da müdafiə olunub. 

2008-ci ildə sosial şəbəkələr, internet platformalar indiki qədər aktiv olmasa da mən zamanın diqtəsini hiss edirdim. Başa düşürdüm ki, internet texnologiyaların önə keçdiyi bir zamanda uzun mətn, təşbehlər, ricətlər, klassik poetik elementlər artıq müasir oxucunu cəlb edə bilməyəcək. Buna görə mən publisistika ilə ədəbiyyatı birləşdirdim. Bundan səkkiz il sonra, 2016-cı ildə Nyu -Yorkda Dünya Yazıçılar Konqresində  58 akademik saat bestseller yazmağın qızıl qaydaları kursunu aldım, bununla bağlı sertifikata layiq görüldüm. Həmin o dərsləri alanda mən düşündüm ki, burada qeyd olunan məqamları bilmədən, sövq-təbii olaraq səkkiz il öncə öz əsərimdə tətbiq etmişəm.

 

E.Q. - Sevgi ədəbiyyatın əbədi, ənənəvi, klassik mövzusudur. Sevgi mövzusuna müxtəlif səviyyələrdə, janrlarda, formalarda müraciət hər zaman intensivdir, bu mövzuda əsərlər kəmiyyət baxımından  hər zaman ədəbiyyatda üstünlük təşkil edir.  Bu mövzuda roman yazmaq və diqqət cəlb etmək, seçilmək yazıçı üçün elə də asan məsələ deyil. Yazıçı Varis hansı texnikalar, üsullar, təqdim yolları ilə bu mövzuda bir romanla oxucu diqqətini qazana və bu diqqəti özündə saxlaya bildi?

 

V.Y. - Mən bayaq dedim ki, "Sonuncu ölən ümidlərdir" romanımda  bestseller yazmağın qızıl qaydaları barədə mühazirələri dinləmədən öncə həmin bilgiləri sadəcə zamanın nəbzini tutaraq anlayıb, tətbiq edib uğur qazanmışdım. Bizə həmin mühazirələr zamanı öyrədilən başqa bir məqam da var idi. Həmin məqam bu idi ki, internet, sürət əsrində yazıçıya oxucunu mətnə cəlb etmək üçün cəmi 3 abzas şans verilir. Yazıçı ilk 3 abzasla oxucunu kitaba pərçimləyə bilsə həmin oxucu onun oxucusu olacaq. Əks halda sonradan qızıl da xırdalasa onu oxumayacaqlar. Mən bu məqamı da həmin romanımda bilmədən tətbiq etmişdim. "Sonuncu ölən ümidlərdir" romanının məğzi sadə bir publisistik məqam, bir qəzet xəbəridir: bir gənc qız öz müdirini xüsusi amansızlıqla qətlə yetirmişdi. Mən bu kiçik publisitik məqamdan, xəbərdən bütöv bir roman yaratdım. Viktor Hüqo Notrdam kilsəsinin damında gəzəndə yerdən bir kağız tapır. Həmin kağızda yazılmışdı "Tale, qəzavü-qədər ". Hüqonun dünyaca məşhur "Paris Notr-Dam kilsəsi" romanı bu bir cümlədən yaranıb. 

Bu gün bir çox insanlar bədii ədəbiyyatın dərinliklərini bilmirlər, dərk etmirlər. İndi hamı əsər yazır. Amma ədəbiyyat həyatın elə məqamlarıdır ki, onu sıravi insan görmür. Yazıçı sıravi insanın gördüklərindən, eşitdiklərindən kənar məqamları göstərməlidir. Mənim hörmətli ustadım Kamal Abdullanın belə bir  sözü var: "İki vur iki dörddür. Bunu hamı bilir. Amma bədii ədəbiyyat sübut etməlidir ki, iki vur iki ya üçdür, ya beşdir." Bu çox gözəl fikirdir. Bədii ədəbiyyat tam fərqli bir nəsnədir. Bəzən pafosla deyirlər ki, sənət sənət üçündür. Sənət sənət üçün deyil, insan üçündür. Amma sənət sırf bayağı kütlə üçün də deyil. Bəzən onu da deyirlər ki, yaxşı əsərlər kütlə üçün deyil və dərin mənalı əsərlər çox oxunmur. Mən bu məqamda həmişə Q.Q.Markesi misal çəkirəm. "Yüz ilin tənhalığı" 12-13 milyon tirajla çıxıb. Deməli, qızıl orta məsələsinə riayət etmək lazımdır. Yazıçının ustalığı ondadır ki, həm ortaya sənət nümunəsi qoysun, həm də onun kütləviliyinə nail ola bilsin. Əgər əsər kütləvilik qazanmırsa, yazıçının sandığında qalırsa onun nə faydası? Bu gün dünyada insanların kouçlara, motivatorlara, psixoloqlara böyük ehtiyacı var. Ədəbiyyat bu funksiyanı da yerinə yetirməlidir. "Sonuncu ölən ümidlərdir" əsərimdə həmin o mesajlar, ədəbiyyatın tərbiyəvi, maarifləndirici, motivəedici əhəmiyyəti ilə bağlı mesajlar var.  "Sonuncu ölən ümidlərdir"in Nitşenin məşhur fəlsəfəsi - "məqsəd vasitələri doğruldur" mesajını öz həyatına tətbiq edən qəhrəmanı sonunda bu fəlsəfənin yanlışlığını anlayır.

 

E.Q. - Deməli, Siz kütləvi yazıçı olmaqdan qorxmursunuz və sizcə, yazıçının kütləviliyi daha çox fayda verə bilər?

 

V.Y.- Əlbəttə, yazıçının bu halda mesajları ünvana daha asan çatar. İndiki dövrün bütün məşhur, tanınmış yazıçıları kütləvi yazıçılardır. Yazıçı kütləvi olmadan necə tanına bilər? Mənim yazdığım stil, verdiyim mesajlar bu gün dünyada populyar yazıçılarla üst-üstə düşür. Ümumiyyətlə dünyada trenddə olan bu cür ədəbiyyatdır. Bestseller ciddi ədəbiyyat deyil fikri yanlışdır.

 

E.Q.- Bəzən ədəbi mühitdə ciddi ədəbiyyat istilahı altında sosrealizmdən qalan ədəbi qəliblər, məqamlar təqdim olunur.

 

V.Y. - O qaldı keçmişdə. İndi, 3-cü minillikdə ciddi dedikdə keyfiyyətli, sanballı ədəbiyyat nəzərdə tutulmalıdır. Ancaq "eşq romanı ciddi ola bilməz" fikri tam yanlış mövqedir.

 

E.Q.- Sosrealizmdə sovet kəndi ilə bağlı sxematik roman ciddi əsər idi. Amma Salam Qədirzadənin əsərləri qeyri-ciddi, əyləncə ədəbiyyatı hesab olunurdu. Hər iki cəbhədə ifrata varan məqam vurğulanırdı.

 

V.Y. -Yazıçılar bu gün 90 faiz hadisə, hərəkət ədəbiyyatını önə çəkirlər. Onların çoxu ədəbiyyata təsadüfən gəlib və sadəcə hamının gördüyü hansısa hadisəni nəql edirlər. Fikir ədəbiyyatı nümunələri bu gün çox qavranmır deyə, çox trenddə deyil deyə azdır. Ancaq burada da ortaq məqam olmalıdır. Fikir ədəbiyyatı ilə hadisə ədəbiyyatının miksinə ehtiyac var.

 

E.Q. - Xocalı soyqırımının ədəbiyyatımızda fərqli ipostasda təqdimi ilə yadda qalan "Qırmızı ləçəklər" romanınızın yaranma tarixçəsi və roman üzərində işinizin maraqlı məqamları barədə danışmanızı istərdik.

 

V.Y. - Bu roman dövlət sifarişi, yəni Azərbaycan Gənclər Fondu və Heydər Əliyev Fondunun "Xocalıya ədalət" kompaniyası ilə bağlı qələmə alınıb. Bu mövzuda bestseller yazmaq riskli bir addım idi. Dünya ranqına artıq çıxmış, dünyanın bir neçə ölkəsində nəşriyyat hesabına kitabları çıxan yazıçı kimi mən bilirdim ki, istənilən azərbaycanlı yazıçının Qarabağ, Xocalı haqqında əsərini dünya birmənalı olaraq qəbul etməyəcək.

 

E.Q. - Bu məqam yalnız bədii deyil, elmi əsərlər üçün də aktualdır. Biz alimlərin də Qarabağ, Xocalı ilə bağlı əsərlərə toxunulan elmi məqalələri belə çox zaman xarici elmi jurnallar tərəfindən qəbul edilmir.

 

V.Y. - Bəli. Bütün bunları nəzərə alıb Xocalı haqqında dünyada təbliğ oluna biləcək əsər yazmaq çox çətin, məsuliyyətli bir məqam idi. Mən Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyat yoldaşı Qalina Hacıyeva ilə söhbət etdim. Bu söhbətdən sonra qərara gəldim ki, "Əli və Nino" xarakterli bir bestseller yarada bilərəm. "Əli və Nino"dakı başgicəlləndirici sevginin siyasi məqamlar, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, bolşeviklərin gəlişi ilə vəhdətdə təqdimi üsulunu bu əsərdə də tətbiq etmək  mümkün oldu. Mən "Qırmızı ləçəklər"i bir belarus xanımla bir azərbaycanlı qəhrəmanın hekayəti kimi yazdım. Əlif Hacıyev Qarabağ müharibəsi alovlanmadan da öncə azərbaycanlıların müxtəlif sahələrdə hüquqlarının müdafiəsində öz mübarizliyini nümayiş etdirmişdi. Mənim romanım Əlif ilə Qalinanın sevgisi ilə başlayır, bu sevgi Qarabağ münaqişəsinin, Xocalı faciəsinin içindən keçir. Rəylərə, kitabın satışına, ictimai müzakirələrin sayına, iki təkrar nəşrinin çıxmasına görə bu romanımın da uğur qazandığını əminliklə demək olar.

 

E.Q. - Qarabağla bağlı mövzular Sizin yaradıcılığınızda intensiv işlənir. Zəfərdən sonrakı, yenidən qurulan Qarabağ haqqında yeni əsər yazmaq niyyətiniz varmı?

 

V.Y. - Təbii ki. Ümumiyyətlə, müharibə haqqında ən güclü əsərlər arxa cəbhədə baş verənlərdən, sadə insanlardan bəhs edən əsərlərdir. Məşhur bir sovet filmi var: "Əsgər atası". Filmdə bir atanın öz əsgər oğlunu axtarması süjeti ilə müharibənin bütün mahiyyəti, mesajları əks etdirilmişdi. Düşünürəm ki, biz qələbəni də arxa cəbhə, insan taleyi ilə bağlı bir süjet üzərindən ədəbiyyata gətirməliyik. Bu cür əsərlər daha oxunaqlı olur. Sırf savaş səhnələri, müharibənin döyüş meydanını əks etdirən əsər Vətən müharibəsinin, zəfərin apogeyini göstərə bilməz. Mənim Azərbaycanda hələ çap olunmayan bir romanımda zəfərin təsviri var. Adı dörd dostun adının baş hərflərindən yaranan  "AMİN" romanımda hadisələr 2012-ci ildən başlayır, amma süjet 1992-ci ilin hadisələrindən, Xocalıdan zəfərə qədər olan zamanı özündə ehtiva edir. Əsər 44 günlük müharibənin zəfər xəbəri ilə yekunlaşır. Bu roman 30 illik Qarabağ müharibəsi dövründə Rusiyada azərbaycanlı yazıçının nəşriyyat hesabına çıxan ilk romanıdır.

 

E.Q. "Metamorfoz" əsəriniz Covanii Bokkaççonun "Dekameron"u stilində bir əsərdir. Bu əsərinizin ideyası necə yarandı?

 

V.Y. - "Metamorfoz" mənim  Avropaya, qərbə, Amerikaya çıxış romanımdır. Hər romanımın öz taleyi var. Yazıçı oxucusunu tanımırsa, orta statistik oxucunun kim olduğunu bilmirsə sanki havaya güllə atır. Buradan bir haşiyə çıxım. 2008-ci ildə 10 000 tirajla romanım çap olunanda məhşurlaşdım. Lənkəran Dram Teatrında mənimlə 5 rayondan olan oxucuların iştirak etdiyi izdihamlı bir görüş oldu. Həmin vaxt "Sonuncu ölən ümidlərdir" romanım artıq kulta çevrilmişdi. Lənkərandakı həmin görüşdə Lerikdən gələn yaşlı bir müəllim mənə dedi ki, niyə sevgidən əsər yazmısan, Qarabağdan yazmalısan. Mən də cavab olaraq soruşdum ki, Siz Qarabağ haqqında hansı romanı oxumusunuz? Həmin vaxt Aqil Abbasın "Dolu" romanı artıq var idi və həmin roman Qarabağ haqqında ən güclü əsərlərdən biridir. Sonra dedim ki, o əsəri oxumamısınız, amma sevgi haqqında mənim romanımı oxuyub bura görüşə gəlmisiniz. Deməli, sizi bu mövzu cəlb edib. Mən elə bir roman yazsaydım, yəqin ki, onu oxumayacaqdınız. 

Yazıçı ilk öncə oxucunun ardınca getməlidir. Daha sonra, oxucu kütləsi yığdıqdan sonra oxucunu öz ardınca aparmalıdır. "Metamorfoz" romanı da sırf qərb insanı üçün düşünülmüş bir əsər idi. Mənim üçün çox xoş oldu ki, bu romanın alınması ilə bağlı ilk fikir, qənaət xalq yazıçımız Elçin Əfəndiyevdən gəldi. Elçin Əfəndiyev bu romanı oxuyandan sonra bir saatdan çox mənimlə telefonda danışdı. "Metamorfoz"la mən London mükafatının short list-inə düşdüm və Avrasiya materikinin LİFFT festivallar festivalının  laureatı oldum.

 

E.Q. - Ədəbiyyatda Sizin qeyd etdiyiniz məqam qeyri-adi sayılmalı bir məqam deyil. Yazıçı da bilməlidir və hesablamalıdır ki, əsəri xaricdə hansı məqamlarda seçilə, görünə bilər. Yalnız Varisin əsəri deyil,  Azərbaycan ədəbiyyatı da Varisin qələmi vasitəsilə xaricdə tanınır və bu elə ədəbiyyatımıza xidmətdir. Məsələn Orhan Pamuk Nobel mükafatını alsa da, öz imzasını dünyada tanıtsa da müəyyən milli dəyərləri, maraqları tapdalamaqla buna nail oldu. Onun tanınması öz ədəbiyyatına, öz millətinə xidmət olmadı, tanınmaq, qəbul edilmək xətrinə öz milli, dövlət maraqlarını güzəştə getmək oldu. Amma bizim yazıçımızın - Varisin əsərlərində tanınmaq naminə belə bir güzəşt, məqam yoxdur.

 

V.Y.  - Ən böyük mükafatlar, milyonlar, milyardlar yazıçını məcbur etməməlidir ki, o xalqının, dövlətinin mənafeyinə toxunsun. Azərbaycanda çap olunmayan bir əsərim var: "Yanvarın on üç günü". Mən 2016-cı ildə Moskva Ədəbiyyat Mükafatının finalına çıxanda laureat kimi şans verildi ki, məşhur "Klassiklər və müasirlər" vintaj seriyasından kitabım çap olunsun.  Həmin əsərimdə yazıçının Praqaya səfərində Şuşa ilə, Qarabağın erməni işğalı bağlı xatirə-düşüncəsi və hekayətlərin birində türk fəhlə Emrənin özünü selə atıb Türkiyənin bayrağını xilas edərək kranın zirvəsinə sancması epizodları var idi. Bu əsər layihə çərçivəsində çap olundu, yayıldı. Altı aydan sonra mənə təklif gəldi ki, əsəri 25 000 və 50 000 tirajla təkrar çap etmək istəyirik. Ancaq dedilər ki, gərək əsəri ixtisar edək. İxtisar üçün də həmin söylədiyim iki epizodu göstərdilər ki, bunlar yamaq kimi görünür, çıxarın, müqavilə bağlayaq çap edək. Cavab olaraq bildirdim ki, əslində əsas olan elə o iki epizoddur, yamaq əsərin qalan hissəsidir. Beləliklə, müqavilə alınmadı.

 

E.Q.- Əsərin adındakı 13 rəqəmi də məncə təsadüf deyildi. Siz qərb oxucusunun simvollarına, arxetiplərinə müraciət edərək onları bu vasitə ilə əsərə cəlb edirsiniz. Xarici oxucunun arxetipləri üzərində manevr edərək əsərin daha dərin, əsas qatında milli məqamları, milli obrazları, dəyərləri, mesajları yerləşdirirsiniz.

 

V.Y. - Bəli.

 

E.Q. - Bestseller yazmağın sirri, incə məqamları nələrdir? Bestselleri necə qələmə almaq, hansı nüansları bilmək lazımdır ki, əsər ucuz bulvar romanı, sarı ədəbiyyat ranqına düşməsin?

 

V.Y. - Bu gün dünyada bestseller ədəbi janr sayılır. Əvvəllər ancaq yaxşı satılan kitaba bestseller deyirdilər. İndi isə bestseller ədəbiyyatda müstəqil janrdır. Bestseller janrında yazan müəllif tanınmış olmalıdır ki, onun imzası maraq yaratsın, oxunsun. Məsələn dünya oxucusu Haruki Murakaminin, Con Maksvell Kutzeenin, Den Braunun - bestseller müəlliflərinin növbəti kitablarını səbirsizliklə gözləyir, onların yaradıcılığını izləyir.

 

E.Q. - Coan Roulinqin "Harri Potter" əsərinin yeni cildini də oxucular səbirsizliklə gözləyir, ajiotajla qarşılayırlar. Murakami ilə Roulinq arasındakı səviyyə fərqi məlumdur. Lakin fakt budur ki, hər ikisinin əsərləri bestsellerdir. Bestsellerin bu iki səviyyəsi arasında incə xətt, sərhəd nədən ibarətdir? Bestseller müəllifi Roulinq yox, Murakami kimi yazmaq üçün hansı nüansları gözləməlidir?

 

V.Y. - Hər hansı ictimai, siyasi, sosial məzmun kəsb etməyən bestseller olur Harri Potter tipli bestseller, əyləncə ədəbiyyatı. Mən  romanlarımı bestseller janrında yazsam da həmin o düşündürə bilən, mesaj verə bilən ictimai, siyasi, sosial məzmunu önə çəkirəm. Mən özüm çox oxuyan, çox tələbkar oxucuyam. Sizin dediyiniz məqam da çox aktual bir mövzudur. Bu gün dünyada besteseller və non fiction - sənədli ədəbiyyat oxunur. Məhz bunun miksini oxucuya təqdim etməliyik. Bu gün dünyada ən çox oxunan yazıçı Paolo Koleyodur. Onun əsərlərini kimsə bulvar ədəbiyyatı, sarı ədəbiyyat adlandıra bilməz.

 

E.Q.- Deməli, bizim oxucu da bilməlidir ki, bestseller  birtərəfli bir anlayış deyil. Adətən bizim oxucunun bestsellər anlayışı birtərəflidir, yüngül, əyləncə ədəbiyyatı anlayışı ilə bestseller anlayışı eyniləşdirilir. Mənim sualım da məhz bu fikri dağıtmaq məqsədi güdür.

 

V.Y. - Mənim sonuncu "Qızıl cib saatı" romanım bestseller janrında yazılan bir romandır. Amma gəlin əsərin mövzusuna baxaq. Əsərdə 1893-cü ildə Osmanlıda və 1993-cü ildə Qarabağda - 100 ildə erməni məsələsi işıqlandırılıb. Britaniya səfirinin gündəliyi, 1918-ci ildə Bakıda, Şamaxıda və başqa ərazilərdə azərbaycanlılara qarşı olan soyqırımla bağlı istintaq materialları və 1993-cü il hadisələri əsərdə öz əksini tapıb. Bu necə yüngül mövzu hesab edilə bilər?

 

E.Q.- Əsərin besteseller olmasında müəllifin obrazı da mühüm rol oynayır. Müəllif bu imici, ikonik obrazını yaratmaq üçün nə etməlidir?

 

V.Y. - Əlbəttə bunun üçün gərgin əmək tələb olunur. Orta statistik oxucunu tanımalısan, insanları hansı mövzuların maraqlandırdığını bilməlisən. Məsələn mən bütün əsərlərimi bir janra - triller janrına aid edərdim. Çünki heç bir əsərimin birinci cümləsini oxuyan adam onun sonunu görə bilmir. "Qızıl cib saatı"nda da həmin saat simvol olaraq sonda açılır.

 

E.Q.- Yazıçı həm də  öz imzasını, öz əsərini təqdim etmək qabiliyyətinə malik olmalıdır.

 

V.Y. - Əlbəttə. Amma burada da nüanslar var. Bir dəfə İstanbulda olarkən ""Kayıp gül"  geliyor" sloqanlı çox böyük afişaların, reklamların şahidi oldum. Mən özüm belə bütün Türkiyənin gözlədiyi deyilən həmin kitabı oxumaq həvəsinə düşdüm. Həmin kitab Azərbaycana gəldi, aldım, oxudum. O vəd edilən sehri, o hekayəti tapa bilmədim. Kitabın reklamı, təqdimatı o qədər güclü idi ki, mən hətta öz zövqümdən şübhə etdim ki, axı  o cür təqdim edilən, 200 min tirajla çıxan əsər necə bu cür bəsit ola bilər. O cür reklamla o kitab 10-15 günə satılıb qurtardı. Bir ildən sonra " "Kayıp gül 2" geliyor" adlı eyni şəkildə güclü reklam kampaniyası başladı. Bu dəfə kitab 500 min tirajla çap olundu, amma alınmadı. Çünki birinci nəşrdə oxucunu aldatmışdılar, oxucu ona reklamla möhtəşəm olduğu vəd edilən əsərin realda çox bəsit olduğunun fərqinə varmışdı. Ən gözəl reklam belə, ən parlaq poliqrafiya belə zəif, boz əsəri məşhurlaşdıra bilməz. Bestseller yazmaq üçün illər lazımdır. Poeziya ani bir ilhamın, təəssüratın, duyğuların inikasıdır. Nəsr isə daha çətindir. Nəsrdə düşüncə, hazırlıq, təfəkkür lazımdır. Bu gün nəsrə gələn gənclərin əsas bəlası dərhal roman yazmaq istəyidir. Bu kökündən yanlış tendensiyadır. Nasir hekayə ilə başlamalıdır.

 

E.Q. - Ədəbiyyatın biznes tərəfi niyə bizim ədəbi mühitdə zəif inkişaf edir? Bu ədəbiyyata milli mental baxışlamı bağlıdır?

 

V.Y. - Xeyr. Bu sadəcə öz işi -  ədəbi mətn yaratmaqla maddi mənfəət götürə bilməyən əksəriyyətin yaratdığı rəvayət, bəhanədir. Əgər tələbə belə öz kiçik büdcəsindən pul ayırıb kitab sərgisindən məhz sevdiyi, oxumaq istədiyi yazıçının əsərini alıb oxuyursa deməli problem oxucuda, ədəbi mühitdə deyil, əsəri diqqət cəlb etməyən, mətni satılmayan yazıçıdadır. Əsərin ilk növbədə mesajı olmalıdır. Bütün məhşur bestsellerlərin mesajı var.

 

E.Q. -  Fikrimcə "ədəbiyyatdan pul qazanmaq olmaz"adlı mental divarı yıxmaq lazımdır. İnsanın fəaliyyəti əgər onun özünə fayda gətirmirsə, onu yeni səviyyəyə çıxara bilmirsə o fəaliyyəti davam etdirmək mənasızdır. Yazdığı mətni təqdim edə bilmirsə, o kitab oxunmursa, o kitab satılmırsa, deməli, müəllif haradasa səhv edir. Kənarda günah, maddi dəstək axtarmaqdansa, özünün yazıçı imicini, yazıçı strategiyasını yenidən işləməlidir.

 

V.Y. - Bu gün artıq Azərbaycanda da yazıçı-nəşriyyat sistemi işə başlayıb. Kitabın güclü təbliğatı gedir. Bu gün nəşriyyatlar var ki, istedadlı yazıçının əsərini öz hesabına çap edir.

 

E.Q.- Sizin əsərinizin biri belə adlanır "Sənə inanıram". Varis bizim ədəbiyyatımızın gələcəyi ilə bağlı nələrə inanır?

 

V.Y. Bizim klassik ədəbiyyatımız, qədim ədəbi keçmişimiz var. Bizim ədəbiyyatımızın Nizami Gəncəvi kimi pasportu var. Bizim ədəbiyyatımızın bu gün də çox güclü potensialı var.  Bu gün ədəbiyyatımızln ən böyük problemi dünyada olan  bir məqamın - milli burjuaziyanın dəstəyinin bizdə olmamasıdır. Digər problem bizim ədəbiyyatın reklam bazarına daxil ola bilməməsidir. Hansısa əsərdə bir brendin, şirkətin məhsulunun element olaraq yerləşdirilməsi təcrübəsini nəzərdə tuturam. Məsələn, "Əzilmiş fotoşəkillər" əsərimdə mən bu üsulu bir saat brendinin adını çəkməklə tətbiq etmişəm. Azərbaycan yazıçısının arxasında milli burjuaziya duraraq onu dünyaya çıxarmalıdır. Və əlbəttə ki, tərcümə problemi lap başda gedir. 

 

E.Q. - Biz hələ də sovet yanaşmasında qalaraq istənilən maddi dəstəyi, təqdim məqamını AYB-dən gözləyirik.

 

V.Y. - AYB bu gün ədəbi prosesi tənzimləyən bir qurumdur. AYB gənc yazıçılara mükafatlar verib onları həvəsləndirir. AYB öz ədəbi orqanlarında ədəbi, ədəbi tənqidi yazıları qonorarla çap edir. İndi nomenklatura yoxdur, xüsusi məhdudedici tələblər yoxdur. Sərbəst şəkildə öz əsərini yarat, onu təqdim et, onun satılmasına, oxunmasına nail ol.

 

E.Q.- Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyevdən  ədəbiyyatla bağlı gələcək layihələr, perspektivlər, məqsədlərlə bağlı müəyyən məqamları eşitmək istərdik.

 

V.Y. - Azərbaycan Ədəbiyyat Fondu olaraq bu il ədəbiyyatın təbliği, yazıçıların yubileyi ilə bağlı bir sıra tədbirlər keçirmişik. "Ulduz" jurnalı ilə birgə Anarın 85 illiyi ilə bağlı nəsr, Vaqif Səmədoğlunun 85 illiyi ilə bağlı poeziya müsabiqələri keçiririk. Bu müsabiqələr gənc istedadları üzə çıxarır, təqdim edir. Mədəniyyət Nazirliyi ilə birgə "Azərbaycan ədəbiyyatı antologiyası" hazırlamağı planlaşdırırıq. Azərbaycan Yazıçılar Birliyinin "Yazıçı" nəşriyyatını bərpa etməyimiz də uğurlarımızdan biridir. Dünya Yazıçılar Birliyinin rəhbərliyi ilə bizim yazıçıların görüşünü keçirdik. Bir neçə platformada Azərbaycan ədəbiyyatının dünyada təbliği ilə bağlı  AYB-nin beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu ilə birgə böyük layihələrimiz olacaq. Mədəniyyət Nazirlyinin ARKA kino agentliyinin rəhbəri Orxan Fikrətoğlu ilə birgə bizim yazıçıların kinoya transferi ilə bağlı layihələr müzakirə olunub. Ədəbiyyatla bağlı bir çox layihələrimiz var.

 

E.Q. - Maraqlı və əhatəli müsahibə üçün təşəkkür edirəm.

 

V.Y. - "Ədəbiyyat söhbətləri"nin müsahibi olmaq xoş idi. Təşəkkür edirəm!

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2024)