Qarabağ- harda olsam, məni ana kimi qoynuna çəkən Torpaq!…” Featured

Esmira Günəş, “Ədəbiyyat və incəsənət” üçün

 

Oxuyub bitirdiyim kitablar silsiləsində növbəti kitab AYB-nin üzvü, “Ədəbi ovqat" dərgisinin təsisçisi, şair-publisist, maraqlı esselərin müəllifi, dəyərli şəxsiyyət Rəfail Tağızadənin "Qarabağ- həsrətdən zəfərə" kitabı oldu. 

 

İlk öncə onu deyim ki, kitab yorucu və darıxdırıcı deyil. Əksinə, sanki kitabda esselər və şeirlər bir-biri ilə yarışır. Oxucunun duyğularını qarışdıran hər essenin ardıyca gələn şeir payı oxucuda daha da həyəcan yaradır.

Kitabı "Qarabağ ağrısı" essesi ilə başlayan yazar deyir:

 

İşıq gəlmir çırağından,

Xəbərsizəm sorağından, 

Necə çıxım qınağından,

QARABAĞ!

 

O Qarabağ ki, mən doğulanda mənfur düşmənlərin gözünə batıb. Min bir hiylə, min bir kələklə, hətta topla, tüfənglə öz torpağımızı alıblar əlimizdən. O Qarabağ ki, 30 il havasına, suyuna, meşəsinə, çölünə həsrət qalmışıq. Üzünü görmədiyimiz torpaqları nənələrimiz nağıllarla sevdirib bizə. Analarımız laylalarla. O Qarabağ ki, adı çəkiləndə atamız başını aşağı salıb utandığından. Qəbul edə bilmədiyi məğlubiyyətin çiyinlərinə qoyduğu yüklə yaşayıb illərlə. Bir də bu həsrəti qəlbində ikiqat yaşayanlar var. Qarabağda doğulub orada yaşaya bilməyənlər. Qarabağın gözəlliklərinə şahid olub, onu doyunca yaşaya bilməyənlər. 

Rəfail müəllim də belələrindəndir. Qarabağın qolu-qanadı Ağdamda doğulsa da, doğulduğu torpaqdan ayrı yaşamağa məcbur olanlardan biridir. Kitabında Ağdamı elə təsvir edib ki, sanki sözlərlə çəkib şəklini. Ömrümdə bir dəfə də olsun görmədiyim Ağdamı sətir-sətir gəzdim bu kitabda. Şairin Ağdam sevgisi o qədər böyükdür ki, bütün esseləridə yollar Ağdama aparır, cığırlar Ağdama çıxır. Üzünü görmədiyim şəhəri sevdim. Qədimi abidələrini, hər daşını, qayasını, evlərinin yanındakı qışlıq ot tayasını sevdim. Elə bildim Ağdamdayam. Mən dayanıb seyr edirəm tut ağacının altında smovara od salan şairi. Bir stul var o həyətdə, üzərində biri var. Nənəsidir yəqin o da. Seyr eyləyir nəvəsini. Gözlərindən qürur yağır. Öz evinə qayıtmağın sevinci başqadır axı.

Sətir-sətir bu kitabda yol alıram mən Şuşaya. Natəvandan yazır şair. Ömür boyu öz yurdundan ayrı düşə bilməyən qəlbi yaralı Natəvandan. 190 il sonra ruhu doğmaları qarşılayan Natəvandan. Sonra Vaqif düşür yada. 

Tarixin hər səhifəsi vərəqlənir bircə-bircə. Daşaltıda igidləri salır yada. Şəhidlərdən yazır şair. Qazilərdən yazır şair. Qələm belə əllərində bir dəqiqəlik sükut edir.

 

Sənin yolun zirvələrə gedən yol,

Sənin yolun o müqəddəs Vətən, yol,

Sənin yolun bayraqlarla bitən yol.

Bu millətin ən əzizi, şəhidim!

Bu millətin ən dirisi, şəhidim! 

 

Addım-addım qələbəyə üz tuturuq. Sanki mən də o savaşda seyr edirəm olanları.

“Müharibə,

Sənin süzgəcin o qədər sıx ki,

ordan ağrısız keçmək olmur”, - deyən şair həm essedə, həm də şeirdə müharibənin nə böyük bir bəla olduğunu bir daha dilə gətirir. Biz qələbəni asan qazanmadıq. Biz qələbəni igidlərimizin canı, qanı bahasına qazandıq. Odur ki, şəhidlərimizin qanı tökülən torpaqlar bizə ikiqat əzizdir. Odur ki, biz bundan sonra Qarabağı aldığımız nəfəs kimi əziz bilib qorumalıyıq. Orda şəhidlərimin ruhu dolaşır axı.

“Qarabağ-

harda olsam,

məni ana kimi qoynuna çəkən

Torpaq!”, - deyən şair kitabın sonuna yaxın Qələbə sevincini də ilk analarla paylaşır. Yazdığı essesində də bildirir ki, analar evlərinə bağlı olur. Bir ocağı yandıran, işığına sevgi qatan analardı. Harda olmasından asılı olmayaraq bütün anaların ən əziz sözüdür "məni evimə aparın"

Bu hissə mənə nənəmi xatırlatdı. Ruhu şad olsun. Bu kəlmə nənəmin də dilinin əzbəri idi. Hara getsə axşam olan kimi öz evini arzulayardı, “bala yaşlı adamam ölsəm öz evimdə ölüm" deyərdi.

Şair düz deyir, mən də inanıram ki, Qarabağdan ayrı düşən nənələrin də ruhu şaddır indi. Bəlkə onlar Zəfər sədalarını eşidən kimi bizdən əvvəl dolaşıblar Qarabağı. 

Qəlbi Ağdamla vuran şair, qələminiz hər zaman yazar olsun. Mən əminəm ki, kitablarınızın sehrinə düşən oxucuların sayı daha da çox olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2024)