MÜTALİƏ SAATInda Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha” Featured

Rate this item
(1 Vote)

Dəyərli oxucularımız. “Mütaliə saatı” rubrikasında “Ədəbiyyat və incəsənət” sizlər üçün yeni romanın yayımlanmasına başlayır: Fəxrəddin Qasımoğlu, “İkibaşlı əjdaha”!

«Son gecə» və «On ikiyə işləmiş» adlı iki biri-birindən maraqlı romanlarla debüt edən yazıçının hər iki romanı portalımızda dərc edilib. Əminik ki, Fəxrəddin Qasımoğlunun “İkibaşlı əjdaha”sını da bəyənəcəksiniz.

 

Qapını arxadan bağlayan adam pıçıltı ilə dedi:

-Keç içəri, evdə danışaq.

İrəlidə mavi kostyumlu, ardınca ev sahibi kiçik həyəti keçib evə girdilər. Evin ortasında qoyulmuş masada yerlərini rahatladıqdan sonra ev sahibi yenə pıçıltı ilə davam etdi:

-Vəziyyət qəlizləşib. Sən də son dərəcə ehtiyatlı ol.

Bunu deyib ev sahibi ona bir zərf uzatdı.

Qonaq zərfi alıb cibində gizlətdi.

Ev sahibi yenə sözünə davam etdi:

-Zərfi sənə məlum ünvanın poçt qutusuna atarsan. Sonra evə gedirsən. Bu gündən evdən bir addım da kənara atmırsan. Adamımız istənilən vaxt əmanətin dalınca gələ bilər. O, xəbərdarlıqsız gələcək, bilirsən. Nəsə səhv getsə, özündən küs.

Son sözlərdən mavi kostyumlunun bədənini soyuq tər basdı. Qarşısındakı sakit-sakit danışan adamın nəyə qadir olduğunu o, qısa müddətdə gözəl öyrənə bilmişdi. Ona görə də tələsik cavab verdi:

-Arxayın ol. Evdən bir addım da kənara atmayacam.

-Elə isə, daha tərpən.

Birlikdə ayağa qalxdılar. Bir dəqiqədən sonra qonağı yola salıb qapını arxadan bağlayan ev sahibi həyətin ortasında dayanıb bir siqaret yandırdı. Siqaretinə dərin bir qullab vurub tüstünü sinəsinə çəkdi. Sonra əlini cibinə salıb telefonunu çıxardı.

* * *

Mahirin zəngi gözlədiyimdən tez gəldi. Onun heç iki saat keçməmiş zəng edərək dediklərini maraqlı adlandırmaq sadəcə bu məlumata qarşı insafsızlıq olardı. Dedikləri olduqca maraqlı idi.

-Bəxtiyar, sənin maraqlandığın adamın, yəni Sərxan Nağıyevin meyiti dünən səhər saatlarında şəhər qəbiristanlığında tapılıb. Elə dünən də yarıldıqdan sonra axşam saatlarında morqdan təhvil verilərək qohumları tərəfindən dəfn olunub. Ekspertlərin verdiyi rəyə əsasən o, sentyabr ayının iyirmi altısından iyirmi yeddisinə keçən gecə ürəyindən vurulmuş bir bıçaq zərbəsi ilə öldürülüb. Sənin istədiyin məlumatlar hazırlanarkən meyit hələ aşkar olunmadığından, tapılandan sonra isə şəxsiyyətini müəyyən edilməsi xeyli vaxt apardığından bundan xəbərimiz olmayıb.

-Meyitin üzərində nə olub?-ilk sualım bu oldu.

-Səni cib telefonu maraqlandırırsa, olmayıb. Ev açarı, yüz on iki manat pul, barmağındakı qızıl üzük, siqaret və alışqan, bir də cib dəsmalından başqa üzərində heç nə olmayıb.

-Meyiti kim aşkar edib?

-Qəbiristanlığın gözətçisi.

Bu gün sentyabrın iyirmi doqquzudur. Əgər meyit dünən, ayın iyirmi səkkizində səhər saatlarında tapılıbsa, deməli, otuz saatdan çox vurulduğu yerdə qalıb. Bunları fikirləşib növbəti sualımı verdim.

-Ehtimal etsək ki, meyitin orada qaldığı müddətdə kimsə gözətçidən əvvəl onu görüb və telefonunu götürüb, onda bunu edən adam xislətinə uyğun olaraq üzüyü də, pulları da götürmüş olmalıydı. Ancaq bunu etməyib. Deməli, öldürən hər kimdirsə, məhz telefonu orada qoymaq istəməyib.

-Razıyam,-Mahir yenə qısa cavab verdi.

-Ayrıca, Sərxanın qətlə yetirildiyi tarixə fikir ver, bu sənə heç nədən xəbər vermir ki?

-Özü də necə bir şeydən xəbər verir-Mahir də mənim tonumda cavab verdi: Bizim üçün vaxtın işə düşdüyü bir gündə, sentyabrın iyirmi yeddisində adı araşdırmamızdakı məlumatlarda keçən birinin qardaşının vaxtına son qoyulur.

-Deməli, buz qırılmağa başladı, cənab polkovnik.

-Razıyam, Bəxtiyar. Buz nəhayət ki, çat verdi.

Gecədən dönə-dönə təhlil etdiyim yeddi keçmiş məhkum barədə olan məlumatları əzbərdən xatırlayırdım. Lazım olanları bir daha tez yaddaşımdan keçirdim:Tərxan həbs olunandan sonra həyat yoldaşı uşaqları ilə birlikdə onu atıb gedib. Qardaşı Sərxan isə heç vaxt ailə qurmayıb. Ataları çoxdan dünyasını dəyişib. İki qardaş yaşlı anaları ilə ata evində yaşayıblar. Həbsdən çıxan Tərxan təxminən il yarım əvvəl dünyasını dəyişib. İndi də Sərxanın qətlə yetirildiyi məlum olub.

Alınan məlumat həqiqətən çox gözlənilməz idi. Mahirin susması onun səhərdən nəyə işarə vurduğumu başa düşməsi, indi də eynilə mənim düşündüklərimi təhlil etdiyi anlamına gəlirdi. Sükutu birinci mən pozdum:

-Təcili bütün mobil operatorlara sorğu verin. Son iki ildə hər iki qardaşın istifadəsində olmuş nömrələr haqqında cavab tələb edin. Cavablar ən xırda məlumat belə nəzərdən qaçırılmadan, ən qısa müddətdə verilsin.

-Sorğuları şifahi verəcəm. İki saata cavablar bizdə olacaq.

* * *

 Səhər saatlarında mindiyi yerdə avtobusdan düşən mavi kostyumlu adam dayanacağın yaxınlığındakı ərzaq mağazasına girdi. Yarım saatdan sonra əlində bir neçə dolu zənbillə oradan çıxıb evinə tərəf yan aldı. Qeyri-müəyyən bir müddətdə evini tərk etməmək tapşırığı almış bu adam, ərzaq ehtiyatını tutmaq üçün əlinə gələni alıb zənbillərə doldurmuş, indi bu dolu zənbillərin ağırlığı altında ayaqlarını zorla sürüyürdü. Nəhayət mağaza ilə evinin arasındakı məsafəni qət edib açarı çıxarmaq üçün zənbilləri yerə qoydu. O, bu ikimərtəbəli evdə tək yaşayırdı. Evin qapısını açıb zənbilləri götürdü və içəri keçdi. Arxasınca ayağı ilə itələyib örtdüyü qapının kilidi avtomatik olaraq bağlandı. Zənbilləri yerə qoymadan ayaqqabılarını çıxarıb mətbəxə keçdi.

Evə gəlməmişdən qabaq lazımı ünvana gedib ona verilmiş zərfi tanış mənzilin poçt qutusuna atmışdı. Daha görüləcək bir işi qalmamışdı. Aldıqlarını yerbəyer edib dincələcəkdi. Ona gözləmək tapşırılmışdı.

* * *

Bütün qurumlar hərbi rejimə keçdiyi üçün operativlik ikiqat sürətlə təmin olunurdu. Lazım olan məlumatı Mahir iki saatdan da az vaxtda əldə edə bilmişdi. Təhlillər əsasında yaranmış ehtimalımın doğruluğunu təsdiq edən bir fakt artıq ortaya çıxmışdı-diqqət mərkəzimə düşən Sərxan Nağıyev ölü halda tapılmışdı. Özü də müharibənin başlayacağı gecə qətlə yetirilmişdi. Az əvvəl mobil operatorlardan alınan son cavablarla doğru yolda olduğumuzun bir təsdiqini də tapmışdıq. Ehtimalımın tam doğruluğunu təsdiq edən yol isə, oğlunu itirmiş dərdli ana ilə söhbətdən keçirdi. Təcili Sərxanın anası ilə görüşmək tələb olunurdu. Böyük ehtimalla indi qohum-əqrəba, qonşular dünən oğlunu dəfn etmiş, tək qalmış ananın başına yığışıb. Ancaq başqa çarə yox idi. Az əvvəl zəng etmiş Mahir alınan cavabların nəticə verdiyini deyib, oraya birlikdə getməyi təklif etmişdi.

Hazırlaşıb onu gözləyirdim. Tez gələcəyini bilirdim. Belə də oldu. Heç on beş dəqiqə keçməmiş Mahir gəldi və birlikdə bizə lazım olan ünvana yollandıq. Bizi çətin söhbətin gözlədiyi məlum idi. Ancaq belə hallarda dialoqun necə qurulacağını, həqiqəti üzə çıxarmaq üçün hansı üsullardan istifadə olunduğunu ikimiz də gözəl bilirdik. Bircə «əmma» var idi ki, söhbət edəcəyimiz adam cəmi bir gün əvvəl övladını torpağa tapşırmış yaşlı ana idi. Ona görə də seçəcəyimiz sözlərdə son dərəcə diqqətli olmalıydıq.

Bütün yas düşmüş evlərdəki kimi getdiyimiz evin də həyət qapısı laybalay açıq idi. Hələ içəri girməmiş həyətdə qaynadılan samovarın tüstüsünün iyi burnumuza vurdu. Qapıdan keçib bizi qarşılayan gənclə salamlaşdıq. Həyət kifayət qədər böyük idi. Salamımızı alan gənc bizi yuxarı başda, iri tut ağacının altında qoyulmuş masaya dəvət edib kimisə işarə ilə çağırdı. Oradan yaxınlaşan orta yaşlı kişinin müşayiəti ilə uzun masanın arxasında oturmuş kişilərin yanına gəldik. Salamlaşıb başsağlığı verdikdən sonra masaya əyləşdik. Mollanın verdiyi fatihədən sonra salavat çevirib mərhuma rəhmət dilədik. Öz-özlüyümdə, əgər ehtimalım təsdiqlənərsə, bu rəhməti geri götürəcəyimi qət etdim. Məclisdə xeyli adam var idi. Bayaq bizi qarşılayan gənc yaxınlaşıb gətirdiyi iki stəkan çayı qarşımıza qoydu və yenə də samovarın yanına qayıtdı.

Mərhumun anasının adı Səyyarə idi. İçəri girən kimi Səyyarə xanımı soruşub onunla söhbət etmək istədiymizi demək yaxşı qarşılanmazdı. Belə işlərdə mentaliteti nəzərə almaq mütləq idi.

 

 “Ədəbiyyat və incəsənət”

(01.03.2024)