“Vaqif Bəhmənli. ƏSƏRLƏR" çoxcildliyinin 7-ci cildi çapdan çıxdı

Rate this item
(0 votes)

Tanınmış şair Vaqif Bəhmənlinin “Vaqif Bəhmənli. ƏSƏRLƏR" çoxcildliyinin 7-ci cildi işıq üzü gördü. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 1 - 6-cı cildlərə Azərbaycanın qüdrətli ədibləri, parlaq qələm sahibləri - Bədirxan Əhmədli, Rahid Ulusel, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Elnarə Akimova, Qulu Ağsəs və Qulu Məhərrəmli ön söz yazmışlar. 

7-ci cild isə tənqidçi Bəsdi Əlibəylinin "Vaqiflərlə dünya dolu..." adlı hədsiz dəyərli məqaləsi ilə açılır. Kitabda şairin lirikasına geniş meydan verilib. Kitabın ilk iki şeirini təqdim edirik. Gəncilyi xatırlamaq da bir səyahətdi - ömrə səyahət!

 

Barmağını qatla görüm

 

Ürəyim gül parçasıdı;

hər nə edib, dilim edib.

İnsaf kimi seçəsidi,

kim kimə çox zülüm edib? –

Barmağını qatla görüm.

 

Hicran ki, var şükür yenə...

Bu da bir növ ərmağandı.

Dağ sinəmdə çatıb minə,

Əllərində barmaq ondu –

Barmağını qatla görüm.

 

Mənə yağan, məndən yağan

acı qalsın, şirini say.

Uşaqlığı qoy qırağa,

on yeddidən birini say –

Barmağını qatla görüm.

 

Qəm düzündə xışı çəkən

yaddan çıxıb dönüb yada.

Dərdi məndən yaxşı çəkən

adam varmı bu dünyada? –

Barmağını qatla görüm.

 

Aramızdan nə yel əsib

namərd olub duymamışam?

Yar yolunda indiyəcən

kim özünü qurban kəsib,

mən canıma qıymamışam –

Barmağını qatla görüm?

 

 

Üzük

 

O vüsal günləri ha yana düşdü,

Var imiş könlümü qırmağın sənin?!

Nə vaxtdan bu üzük payına düşdü –

Alışıb yanaydı barmağın sənin!

 

Səni bəxş etdilər nə bilim kimə,

Mənim sevməyim də bir günah imiş.

Həsrətin zəhərli gülləymiş, demə,

bu təmiz ürəyim nişangah imiş...

 

Nəfəsim alışıb gör necə yandı,

Yalvarram, o qızdan aralan, üzük!

Bəxtimə dolanan qızıl ilandı

Sənin barmağında saralan üzük.

 

Oyur ürəyimi min ağrı, giley

Qəm yüküm dəyirman daşı boydadı...

Yığılıb, kiçilib gözümdə hər şey

Yer üzü üzüyün qaşı boydadı!

 

Köçdüm gözlərinə günün birində

Varlığım qəlbində durmadımı bəs?

Sənin o nişanlın bəbəklərində

Mənim nişanəmi görmədimi bəs?

 

Bu sənin barmağın, üzük də baha -

İşıqlı var-dövlət qarmağın oldu.

Məni barmağına doladın daha,

Ən böyük düşmənim barmağın oldu!

 

Həsrətə çırpılıb əzilmişəm mən,

Ağrı qatar-qatar əzikdən keçər.

Soyulub qatbaqat nazilmişəm mən

Qamətim sap kimi üzükdən keçər...

 

Gün sürüb fərəhlə yaşardım yüz il

Bir an sıxılsaydım qucağına mən.

O sənə bəxş etdi bir parça qızıl,

Günəşi taxardım barmağına mən.

 

Bir sual bənd olub yaş boğan gözə

Niyə saf eşqimi günah sayıblar?

Səni bir oğlana, bir könülsüzə,

Məni də həsrətə nişanlayıblar!..

 

“Ədəbiyyat və incəsənət”

(05.02.2024)