Yolunu gözlədiyimiz roman

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair İbrahim İlyaslının (AYB Poezya seksiyasının rəhbəri, Əli Kərim adına Poeziya evinin direktoru) resenziyasını təqdim edir. Resenziya Sadiq Qarayevin yenicə çapdan çıxmış “N saylı qəhrəmanlıq” romanı barədədir. 

 

Çağdaş Azərbaycan nəsrinin taleyi məni həmişə düşündürüb. Özüm poeziyada qələm çalsam da, oxucu olaraq nəsr əsərlərinə dah çox üstünlük verirəm. Ürəyimcə olan milli roman, hekayə oxumaq istəyirəm. Təəssüf ki, yeni nəsil nəsr yazanlarımızın sayı az olmasa da, ciddi nəsr əsərləri ortaya qoyan yazıçılarımızı barmaqla saymaq olar. Mahiyyət etibarı ilə hekayə, povest, roman bütün zamanlarda bir janr olaraq eyni mahiyyəti daşısa da, dövrün tələbləri ilə də uzlaşmağa məhkumdur. Müəllif unutmamalıdır ki, XXI əsrin nəsrini yazır...

İndiyə kimi heç bir romanını oxumadığım Sadıq Qarayevin ““N” saylı qəhrəmanlıq” romanının əlyazmasını oxumağa başlayanda, doğrusu, necə bir əsərlə qarşılaşacağım haqda içimdə bir rahatsızlıq, nigarançılıq baş qaldırdı. Romanın adı məni o qədər də açmadı. Təbii ki, ilk oxuduğum ithaf cümləsi oldu və bu cümlədə diqqətimi cəlb edən, Vətən müharibəsində qazandığımız qələbənin yalnız müzəffər ordumuzun yox, birbaşa məhz azərbaycançılıq məfkurəsinə bağlanması oldu. Müəllif üçün bu geniş və dərin anlayışın – azərbaycançılıq məfkurəsinin əsərdə bütün spektrləri ilə açılmasının zor bir iş olacağını düşündüm. Bu həqiqətən də belədir.

Romanın birinci fəsli olan “Müharibə tumurcuqları”nın müqəddəs bir “And”la başladığını görüncə, müəllifin bu anda sadiq qalacağına məndə inam yarandı. Əslində, hər bir ciddi və inanclı qələm adamı bir əsərə imza atmaqla bir anda da imza atmış olur...

Şuşanın özünəməxsus bədii təsviri ilə başlayan romanda ilk diqqəti cəlb edən qədim türk gələnəyində namus rəmzi sayılan “papaq” məsələsi oldu. Ermənistan rəhbərinin və ətrafındakı harın zabitlərin hərmədən asılmış papaqlarının nə zamansa boş qalacağına yazıçının ustalıqla işarə etməsi, mənə elə gəlir, eyni zamanda “Qordi düyünü”nə dönmüş Qarabağ düyününün burdan açılacağını nişan verir: “Ona görə də, öz papaqlarının altında yeyib-içən yüksək rütbəli hərbçilərin qıraqda dayanıb, onlara tərəf baxan şəxsə acıqları tutmuşdu.” 

Müəllifin “tumurcuq” sözünə fəlsəfi anlayış, eyni zamanda bioloji mövcudat olaraq ilginc baxışı oxucuda bu anlayışa fərqli və ciddi bir maraq oyadır. Tamam fərqli, hətta, deyərdim əks qütblərdə dayanan müharibə və tumurçuq sözlərinin yanaşı qoyulması yazıçıdan bunun içəriliyini də açmaq, oxucunu buna inandırmaq yetənəyi tələb edir. Oxucu əsər boyu bu tumurcuğun çiçəkləyəcəyini, bar verəcəyini, bu bara kimin sahiblənəcəyini intizarla gözləyir. Hələ “tumurcuq”da olan azərbaycançılıq məfkurəsinə baxış açısı da məhz elə burdan başlayır. Köklü-köməcli bir ağacın rişələrindən - azərbayçançılıq ideyasından qidalanan tumurcuq partlamağa hazırlaşır. Elə bu partlayış da ardınca müharibə sözünü özünə bənd edir: “Müharibə tumurcuqları!” 

Romanın maraqlı tərəflərindən biri də əsərin süjetinin, eləcə də bədii həllinin real hadisələr və obrazlarla şaxələnməsidir. Müəllifin əsər boyu real faktlara, olmuş hadisələrə və arxiv materiallarına istinad etməsi ilk baxışda romanda publisistik ruhu qaldırsa da bunların əsərin əsas süjeti ilə bədii çulğaşması oxucunu yormur, əksinə, onu düşündürür və ona daha çox informasiya ötürür. Artıq uzun illərdir ki, uluslararası təkilatların və super güclərin maraq dairəsində qapanıb qalmış Qarabağ probleminə əsərdə elə beynəlxalq kontekstdə də yanaşma maraq doğurur. Başlanacaq müharibənin qaçılmazlığı bədii-publisistik boyalarla oxucuya ilginc mesajlar ötürür.

Ümumiyyətlə, müharibədən yazmağın çətin olduğunu, hadisələrin, daha doğrusu döyüşlərin getdiyi məkanı, eləcə də savaşın özünü təsvir etməyin başqa mövzulu əsərlərə nisbətən kolay olmadığını yazıçılar yaxşı bilirlər. Müharibədə birbaşa iştirak etməyən yazıçı üçün isə bu ikiqat ağırdır deyə düşünürəm. Maraqlıdır ki, müəllif qələmin, axtarışlarının və təsəvvürünün gücü ilə bu ağırlığı da qaldıra bilib. Hiss olunur ki, yazıçı buna təkcə istedadı ilə deyil, eyni zamanda böyük zəhmət bahasına nail olub. O, bütün hallarda, sanki yaratdığı obrazların yanındaymış kimi çıxış edir. 

Bu mənada, kəşfiyyat qrupundan ayrı düşmüş azərbaycanlı(Əli) və erməni(Zori) kəşfiyyatçının “zabit ləyaqəti” adına dialoqu, onların hərəkətlərinin dramatikliyi oxucuda əsərin süjet xəttinə xüsusi maraq oyadır. Kəşfiyyatçımız Əli əsir götürdüyü xüsusi təyinatlı erməni kəşfiyyatçı-mayorunu onu parçalayacaq ayının cəngindən qurtarır. Sonra onun yaralarını sarıyır. Düşmənə zabit ləyaqətinin nə olduğunu isbatlayır.

– Məni niyə xilas etdin? – erməni zabiti yoğun səslə, güclə eşidiləcək və təngnəfəs halda dedi.

– İnsanlıq naminə xilas etdim. Gedib Azərbaycan zabitinin bəşəri vicdanından gələcəkdə nəvələrinə danışarsan.

Zabit ləyaqətindən dəm vuran erməni kəşfiyyatçı sonda vədinə xilaf çıxır və onda zabit ləyaqətinin omadığı bu ordunun ləyaqətsiz zabitlərin ordusu olduğunu ortaya qoyur. Əlbəttə, bu cür zabitlərin komandanlıq etdiyi ordunun əsgərləri hər cür müharibə cinayətləri törətməyə, əsirlərə ən iyrənc bir şəkildə işgəncələr verməyə hazırdır və bunu edirlər. Amma qarşısında qədim türklərin mərdanə savaş gələniyinə sadiq, qəlbi vətən eşqi, azərbaycançılıq məfkurəsi ilə dolu bir Azərbaycan ordusunu görüncə onların rəzaləti başlayır. Bütün bunlar roman boyu ayrı-ayrı obrazların timsalında özünü parlaq şəkildə büruzə verir və Azərbaycan ordusunun apardığı ədalətli müharibənin həm də ləyaqətli mahiyyətini ortaya qoyur.

Romanda Azərbaycanın Ali Baş Komandanın, Azərbaycan generallarının, zabit və əsgərlərinin, eləcə də öz ordusuna hər an dəstək olan mülki vətəndaşların, liderinin ətrafında yumruq kimi birləşən bir xalqın parlaq obrazları xüsusilə diqqəti cəlb edir. Müəllifin hərb sənətinə dərindən bələd olduğu, döyüşlərin getdiyi əraziləri az qala qarış-qarış tanıması açıq-aydın şəkildə özünü göstərir. Hiss olunur ki, yazıçı bunun üçün bütün mümkün vasitələrə əl atıb, böyük zəhmət çəkib, əsgər və zabitlərlərlə söhbət edib,  sonda istəyinə çata bilib. 

Briqada komandiri polkovnik Nizami Mövlanovun qəhrəmanlıqla bağlı fikirləri isə müharibənin özəyini izah edir. Qərargah rəisi ilə onun dialoquna diqqət yetirək: Komandirə diqqətlə qulaq asan qərargah rəisi dedi:

– Həmişə düşünürəm ki, bax, müharibə başladı, əmr verildi, əsgər və zabit irəli atıldı. Və o anda snayper, mina, ya mərmi səbəbilə şəhid oldu. Digər hərbçi sağ qalır, qəhrəmanlıqlar edir. Həm mükafatlar alır, həm də qəhrəman kimi tanınır. Bu, onun haqqıdır. Bəs birinci necə oldu, onun həyatı necə, hansı qəhrəmanlıqla yadda qaldı?

Komandir Mövlanov qərargah rəisinin üzünə diqqətlə baxıb dedi:

– Müharibələrdə N sayda qəhrəmanlıqlar olur. Onların hamısı toplanır, bütün şəhidlərin arasında bərabər bölünür. Beləliklə, şəhidlərin hamısı bir nəfər, biri isə hamısı deməkdir. Belə olan halda, hamının payına eyni qəhrəmanlıq düşür.

– Bəs sağ qalanlar qəhrəmanlıq edibsə, onlara pay düşmür? - Qərargah rəisi sual etdi.

– Sağ qalanların da qəhrəmanlıqlaır toplanır, sağ qalanlar arasında bölünür. Məsələn, sən irəlidə beş erməni öldürürsən, Qəmbərov da özünü təhlükəyə atıb, briqadanı silah-sursatla, şəxsi heyəti ərzaqla təmin edir. Tibb heyəti yaralını ölümdən xilas edir. Rabitəçi xəbər verir, xəbər gətirir və s. Belə olan halda, hansı qəhrəmanlıq daha üstündür? Sadəcə olaraq, insanlar ancaq daha çox düşmən əsgəri öldürməyi qəhrəmanlıq sayır. 

– Deyirsiniz ki, beş əsgər öldürməklə snaryad daşımaq eyni cür qəhrəmanlıqdır? -Qərargah rəisi gözlərini qıyıb, sual etdi və maraqla cavab gözlədi. 

– Vaxtında gətirilən snaryad, neçə düşmən əsgəri öldürə bilər. Atəş nöqtəsi susdura, neçə əsgərimizi xilas edə bilər. Partlayan snaryadda həm gətirənnin, həm də atanın payı var. Döyüş, müharibə vahid orqanizmdir. Bütün qəhrəmanlıqlar yığılır, bölünür, hamıya eyni çatır.

Müəllif əsərdə başqa generalların obrazlarını öz adları ilə yaratdığı halda, müharibənin başlandığı gündən qələbə qazanılıncaya qədər Ali Baş Komandanla birbaşa ünsiyyətdə olan, ona müharibənin gedişi ilə bağlı gündəlik raport verən yeganə generalın adını isə gizli saxlayır. Mənə elə gəlir, diqqətli oxucu bu obrazın sorağında olacaq, özündə həm ideal hərbiçi, həm də yüksək insani keyfiyyətləri birləşdirən, geniş səlahiyyətləri olan, qeyri-adi generalın kimliyi ilə maraqlanacaq və bu maraq onu əsəri yenidən, bir daha oxumağa sövq edəcək. Mən isə düşünürəm ki, yazıçı təxəyyülünün məhsulu olan bu general obrazı, əslində, Ali Baş Komandana Vətən uğrunda savaşda öz ruhu ilə həmişə dəstək olan, onu qələbəyə ruhlandıran, hesab sorduğu qədər də hesabat verdiyi bir ilahi gücdür, bəlkə də bütövlükdə azərbaycançılıq məfkurəsini yaradan insanın və ya bütövlükdə Azərbaycan xalqının ümumiləşmiş obrazıdır.

Əsərdə Vətən müharibəsində qazanılmış zəfər, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən azərbaycançılıq məfkurəsinin qalibiyyəti olaraq ortaya qoyulur. Bu mənada, çağdaş, eləcə də gələcək Azərbaycan oxucusunun bu romandan öyrənəcəyi və örnək alacağı yetərincə mesajlar var. Müəllifin epiloq əvəzi hər bir azərbaycanlıya müraciətlə qələmə aldığı “Azərbaycançılıq məfkurəsi” adlı yazıda bu mesajlar öz ifadəsini daha yığcam və aydın bir şəkildə tapıb. Ümumən əsərdə Azərbaycançılıq məfkurəsinin elmi-fəlsəfi mahiyyəti sadə və bədii dillə, ustalıqla əks olunub.

Romana münasibəti bir cümlə ilə ifadə edəsi olsaq belə deyərdik: Yazıçı öz istəyinə nail olub, yolunu gözlədiyimiz romanı yaza bilib. Yeri gəlmişkən onu da deyim ki, mənə elə gəlir bu roman son zamanlar mediada daha çox dövriyyəyə buraxılmış: “Azərbaycanda zəfər tariximizə həsr olunmuş sanballı bir əsər yoxdur” mesajına layiqli bir cavab olacaq. 

Onu da deyim ki, nədənsə S.Qarayevin ““N” saylı qəhrəmanlıq” romanı mənə gənclik çağlarımızda böyük həvəslə oxuduğumuz, S.M. Ştemenkonun SSRİ ilə faşist Almaniyası arasında gedən müharibədən bəhs edən “Baş ştab müharibə illərində” romanını xatırlatdı. Müharibələrdən bəhs edən əsərlərin, adətən, ortaq mənzərələri olur axı...

Sonda, belə uğurlu bir əsər ortaya qoyduğu üçün romanın müəllifi Sadıq Qarayevi təbrik edir, ona yaradıcılıqda davamlı uğurlar və başarılar diləyirəm.

 

“Ədəbiyyat və incəsənət”

(03.11.2023)