Fidan Hacıyeva: “Beynəlxalq Vokal Festivalı opera musiqisi dinləmək istəyən hər kəsi əhatə edəcək”

Rate this item
(0 votes)

Bakıda opera sənəti sahəsində irimiqyaslı tədbirə hazırlıq işləri gedir. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti, pedaqoq Fidan Hacıyeva 2024-cü ilin baharında keçirməyi planlaşdırdığı birinci Beynəlxalq Vokal Festivalına hazırlıq işləri ilə bağlı AzərTAC-ın müxbirinə müsahibə verib.

Daycest bölümündə “Ədəbiyyat və incəsənət” portalı həmin müsahibəni diqqətinizə çatdırır:

 

- Fidan xanım sosial şəbəkədəki səhifənizdə yazmısınız ki, bu festivalın keçirilməsi ideyası artıq bir neçə ildir ki mövcud idi, lakin onu gerçəkləşdirmək yalnız indi mümkün oldu. Nəyə görə?

 

- Yəqin ki, qismət belə imiş. Mən bu layihəyə tam hazır olmalı idim. Çünki o olduqca irimiqyaslı tədbir olacaq. Çox şadam ki, həmin vaxt nəhayət ki, yetişib və mən artıq öz arzumu həyata keçirə bilərəm. Layihədə tanınmış opera dirijorları, məşhur opera müğənniləri və mütləq şəkildə bizim opera solistlərimiz iştirak edəcəklər. Çünki doğma Azərbaycan artistlərinin olduqca zəngin, maraqlı səsləri, böyük repertuarları var və onları bütün dünya eşitməlidir. Mənə dəstək olan dostlarımın hər birinə öz təşəkkürümü bildirirəm. Xüsusi olaraq, Opera teatrına və bu ideyanı dəstəkləyən və öz məsləhətləri ilə mənə kömək olan Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazova minnətdaram. O, dünyada tanınmış müğənnidir, onun dəstəyi və tövsiyələri olduqca dəyərlidir.

 

- Festivalın məqsədləri barədə danışardınız.

 

- Bu layihəni biz, hər şeydən əvvəl, incəsənət naminə həyata keçiririk. Bu tədbir Azərbaycan və digər ölkələr arasında mədəniyyət mübadiləsidir. Festival zamanı həm Azərbaycan, həm də Qərbi Avropa bəstəkarlarının – Verdi, Puççini, Sen-Sans, Bize və başqalarının əsərləri səslənəcək. Dəvət olunmuş dirijorlar bizim musiqimizi təqdim edəcəklər. Çox istərdim ki, xaricdən dəvət etdiyimiz solistlər də Azərbaycan ariyalarını ifa etsinlər və ya solistlərimizlə birgə duet oxusunlar. Layihədə həmçinin gənc vokalçılar da iştirak edəcəklər, çünki onlara mütləq yol açmaq lazımdır. Bu festival onlar üçün əlamətdar hadisəyə çevriləcək, onlar məşhur artistlərlə eyni səhnəni bölüşəcəklər. Bir də bizim musiqi məktəbinin (Fidan Hacıyevanın musiqi məktəbi – red.) şagirdləri mütləq bu tədbirdə çıxış edəcəklər.

 

- Qarşıdakı yarım il ərzində hansı işləri görməlisiniz?

 

- Birincisi, proqram tərtib etməliyəm. İfaçılar öz repertuarlarını mənə təqdim etməlidirlər. Biz orkestrin müşayiəti ilə məşqlər keçirməliyik. Festivalda Mezzo kamera orkestri çıxış edəcək. Bu, mənim rəhbərliyim ilə yaradılmış qadınlardan ibarət ilk Azərbaycan orkestrdir. Onlar gənc vokalçılarla çıxış edəcəklər. Azərbaycanın rayonlarından birində, Bakıya gələ bilməyənlər üçün də konsert təşkil etmək istəyirəm. Biz özümüz onların yanına gedəcəyik. Yəni bu tədbir opera, klassik musiqini dinləmək istəyən hər kəsi əhatə edəcək. Bundan əlavə, Yusif Eyvazov festival çərçivəsində mənə həm də tamaşa nümayiş etməyi məsləhət görüb. Bu, yeni müasir quruluşda “Karmen” olacaq. Bütün bunları təşkil etmək üçün böyük iş görmək lazımdır.

 

- Festivalda hansı ölkələr iştirak edəcək?

 

- Hələ ki, İtaliya, Almaniya, Latviya, Mərakeş və Türkiyəni dəqiq deyə bilərəm – onlar iştirakını artıq təsdiq ediblər. Lakin digər ölkələrlə də danışıqlar aparılır.

 

- Siz gənc ifaçıların iştirak edəcəyini qeyd etdiniz. Hansı yaş kateqoriyaları nəzərdə tutulur?

 

- Mənim məktəbimdə, misal üçün, səkkiz yaşında uşaqlar var və onlar klassik ariyalar oxuyan çox istedadlı ifaçılardır. Onlar, ən gənc artistlər kimi iştirak edəcəklər. Biz mütləq konservatoriyanın tələbələrini cəlb edəcəyik. Yeri gəlmişkən, konsertlərdən birini konservatoriyada təşkil etmək istəyirəm. Təbii ki, yetkin ifaçılar kateqoriyası olacaq – bunlar, stajı olan təcrübəli müğənnilərdir. Bundan əlavə, ustad dərsləri təşkil edəcəyik. Burada opera musiqisi ilə maraqlanan, oxumaq istəyən və ya artıq oxuyan və inkişaf etmək istəyən hər kəs iştirak edə bilər.

 

- Festivalda iştirak edənlərin hansı üstünlükləri və perspektivləri olacaq?

 

- Təcrübəli müğənnilər üçün bu, ölkəsini təmsil etmək, sənətini nümayiş etmək və xalqlar arasında mədəni mübadilədə iştirak etmək imkanı yaradacaq ki, bu da çox vacibdir. Gənc ifaçılar üçün isə böyük səhnəyə qədəm qoymaq, orkestr ilə çıxış etmək və misli-bərabəri olmayan təcrübə əldə etmək şansı olacaq. Mən, misal üçün artıq 19-20 yaşda opera teatrında oxumuşam, lakin belə böyük festivallarda iştirak etməmişəm. Üstəlik adlı-sanlı peşəkarların dirijorluq etdiyi simfonik orkestr ilə çıxış etmək sənətə yeni başlayan artist üçün çox böyük fürsətdir. Opera musiqisi – bütün ölkələrdə tanınan dünya musiqisidir, bu, əsl mədəniyyətdir. Mən çox istərdim ki, Azərbaycanda bu janr hər zaman zirvədə olsun.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2023)