“Müəllifin özünə elə beləcə də dedim:” Sizə paxıllığım tutur!””

Rate this item
(0 votes)

 

Rəşad Məcid yazır

 

“Eşqin izi ilə” səfərnaməsi İradə Qədirovanın oxuduğum ikinci kitabıdır. Bundan əvvəl müəllifin "Əfşan: İran boyunca uzanan tək səyahətim" kitabını oxuyub münasibətimi bildirəndə hələ onu şəxsən tanımırdım. Sonra bir tədbirdə tanış olduq və sosial şəbəkədə onu izləməyə başladım: İradə xanım maraqlı səyyah həyatı yaşayır, ekzotik ölkələrə səfərlər edir, təəssüratlarını yazıya köçürür.

 

“Kainatın qanunları mənim düşüncələrimə bağlıdır” deyən müəllif səyyah həmkarlarını çılğın macəraçılar, keçmişin sirli dünyasına meyil göstərənlər adlandırır.

Hava limanlarını meditasiya edən aşramlara, uçuş müddətini “ana bətnindən Sevgiliyə qovuşmağa qədərki həyat yoluna” bənzədən, təyyarə salonuna daxil olarkən 100 cüt gözün baxışını dəqiqliklə təsvir edən müəllifin obrazları, bədii detalları həm də onun peşəkar yazıçılıq istedadından xəbər verir.

Bu günlərdə Libraff-ın yeni mağazasının açılışında müəllifin imzasıyla əldə etdiyim “Eşqin izi ilə” kitabında Türkiyə, İran, Pakistan, Özbəkistan, Malayziya, İordaniya və Səudiyyə Ərəbistanına səfərlərdən bəhs olunur. 

Əsası eramızdan əvvəl IV əsrdə qoyulan, gəlmiş-keçmiş bütün dövlətlərin, var olan bütün dinlərin izlərini qoruyub saxlayan Antakyanın tarixini, mədəniyyətini, eklektik üslubda tikilən, indi əksəriyyəti otel, kafe-restoran kimi fəaliyyət göstərən qədim daş evlərini, kanalizasiya rolunu oynayan, küçələr boyu davam edib Asi nehrinə kimi uzanan arxların izlərini, şirniyyatlarını - künəfə və haytalını, zeytun yağı və dəfnə yarpağından hazırlanmış sabununu… elə dəqiqliklə, şövq və coşquyla anladır ki, kitabı oxuyanda sanki bütün bunları öz gözünlə görürsən. Səfərnamə bütövlükdə belə təsvirlərlə, maraqlı təəssüratlarla, tarixi məkanların, sadə insanların tanıtımıyla zəngindir. “Antepdə sizi heç kim aldatmaz, bura övliyalar yurdudur” deyən taksi sürücüsü kimi səfər müddətində rastlaşdığı onlarla adi insanın portretini , xarakterini bir-iki cümləylə açan müəllif insan talelərinin yaşadığı məkanlarla vəhdətinin, bənzərliyinin sirrini çözməyə çalışır.

Təsadüfi deyil ki, kitabı nəşr edən MİMTA YAYIMLARI müəllifin zəngin dünyagörüşünü önə çəkir. Mən buraya müəllifin dopdolu, aşıb-daşan, işıq saçan ruhunu, çağlayan sevgisini, tükənməz şövqünü, əzmini də əlavə edərdim: “Bir yerdə dayanmadan, kəşflər uğrunda şəhərdən şəhərə keçib birində səhər, digərində günorta, o birində isə axşam yeməyi yemək, sonunda tarixi bir evin həyətində oturub ayağını uzatmaq, ulduzlu səmaya baxaraq həyatın nə qədər valehedici və maraqlı olduğunu düşünmək- ömrüm boyu mənə qəlb rahatlığı gətirən bu hiss duyğuların ən möhtəşəmi idi.”

Fikrimcə, İradə xanım öz səyahətləri və yaradıcılığıyla müdrik və məqsədyönlü insan azadlığının, sərbəstliyinin mücəssəməsidir. Bir qadının belə keyfiyyətə malik olması həm də cəsarət və cəsurluq tələb edir. “Yol tapmadıqda gərginləşməyən,əksinə, yeni adrenalin qazanıb özünü səfərbər edən, sonunda yüksək enerji ilə mənzilə çatan” macəraçı - səyyahların həyat tərzi qibtə doğurur. Bu duyğuların təsirindən idi yəqin, kitabı imzalayarkən müəllifin özünə elə beləcə də dedim:” Sizə paxıllığım tutur!”

 

“Ədəbiyyat və incəsənət”

(20.10.2023)