Ukraynada Abşeron qoxusu

Rate this item
(0 votes)

Leyla Əliyevanın seçmə şeirlərindən ibarət  “Свiт тане, як сон” (“Dünya yuxu tək əriyir”) kitabı Kiyevdə nəşr olunub.
“Ədəbiyyat və incəsənət” portalı Dövlət Tərcümə Mərkəzinə istinadən məlumat verir ki, “Yaroslavov Val” nəşriyyatında işıq üzü görmüş kitabın ukrain dilinə tərcüməçisi  Ukrayna şairi, filoloq-alim Lesya Mudrak, redaktoru Taras Şevçenko Milli Mükafatı laureatı, yazıçı Qriqori Quseynovdur. Kitabın dizayn tərtibində Leyla Əliyevanın müəllif rəsmlərindən istifadə olunub.
Abşeron lövhələri, lirik qəhrəmanın düşüncələri, ümumbəşəri hiss olan kədərin yaratdığı ovqat, təbiət gözəllikləri yer alan şeirlər toplusu  tərcüməçinin
“Ağrını bədii sözə çevirmək istedadı...” sərlövhəli “Ön söz”ü ilə başlayır. Lesya Mudrak yazır:

“Əlində tutduğun bu kitab Azərbaycanın gənc, istedadlı şairi, imzası təkcə Qafqaz oxucu auditoriyasına yox, Avropa poeziya xiridarlarına da yaxşı tanış olan Leyla Əliyevanın ukrain dilinə tərcümə olunmuş “Свiт тане, як сон” kitabıdır.
Şairin xaricdə işıq üzü görən ilk kitabı – 2016-cı ildə Minskdə (Belarus dilində) nəşr olunmuş “Ліст” şeirlər toplusudur. Eyniadlı kitabın 2018-ci ildə ingilis dilində Londonda (“The World Dissolves like a Dream”) təqdimatı keçirilmişdir.
Heç şübhəsiz ki, Ukrayna oxucusu tarixi diskursu dərin köklərə söykənən bu şərq ölkəsinin qədim və məşhur poetik ənənələri ilə yaxından tanışdır. Azərbaycanın kişi poeziyası ilə yanaşı, bərabər şərtlərlə inkişaf etmiş qadın poeziyası ənənələri hər zaman xüsusi maraq doğurmuşdur. Gözəl qəzəllər müəllifi olan klassik Azərbaycan şairi Məhsəti Gəncəvi böyük Ömər Xəyyamın müasiri olub. Azərbaycanda qədim dövrlərdən bəri “aşıq sənəti” deyilən ədəbi cərəyan mövcud olub ki, burada qadın şairlər hər zaman kişi şairlərlə yaradıcı rəqabət aparıblar. Burada söhbət sevgi lirikasından gedir. Belə ki, “aşıq” sözü ukrain dilinə “aşiq”, “vurğun” kimi tərcümə edilir. Azərbaycanın ən məşhur aşıq-şairlərindən Ağabəyim ağa Ağabacı, Heyran xanım, Fatimə xanım Kəminənin və digərlərinin adını çəkmək olar. Azərbaycanın şərq ənənələrinin zərif örtüyünə bürünən qadın poeziyası irsinin unikal səmimiyyətini və paklığını heç də təsadüf saymaq olmaz. Əlbəttə, zaman ötdükcə poetik üslublar dəyişir, amma qədim dövrlərin əbədiyaşar bədii yaradıcılıq xüsusiyyətləri müasir ədəbi prosesdə də öz özəlliyini qoruyub saxlayır.
Leyla Əliyevanın “Свiт тане, як сон” kitabını dilimizə çevirərkən, bacardığım qədər müəllifin obrazına girməyə, daxilən onun yaradıcı monotamaşasının bir növ “ifaçısı” olmağa çalışdım. Səmimi deyim ki, iş heç də asan başa gəlmədi, tərcümə prosesi bir neçə ay çəkdi. Təəssüflə deməliyəm ki, heca poeziyası ənənələri XVIII əsrə dayaqlansa da, bu gün demək olar ki, itirilib. Sillabotonikanın (yunanca “Syllabe” – tərkib, tonos – vurğu deməkdir) əsas prinsipləri misrada vurğulu və vurğusuz hecaların bölgüsü ilə təkrarlanaraq, ritm – ahəng axıcılığı yaratmasına əsaslanır. Mətnin quruluşu burada mahiyyət etibarilə təyinedici qismində çıxış edir, üstəlik, bu quruluşu yaradan normativlərin gözlənilməsi zəruriliyi meydana çıxır. Tərcüməçinin fövqəlvəzifəsi də bundan ibarətdir. Orijinalla işləyən tərcüməçi yuxarıda qeyd olunanlarla yanaşı, əsərin daxili dramatizmini, emosional özəlliklərini və ana süjetini bütünlükdə oxucuya çatdıra bilməlidir.
Leyla Əliyevanın lirik qəhrəmanı kimdir? Mənim təəssüratlarıma görə bu, son dərəcə həssas qəlbə, romantik təbiətə, ADİ-də XÜSUSİ olanı görmək qabiliyyətinə malik olan bir qadındır. Üstəlik, o altruistdir – həyatda baş verənlərin çoxdan göylərdə həll olunduğuna, bəşəriyyətin bütün sirlərindən yalnız Tanrının agah olduğuna, günahları bağışlayanın, iman gətirənləri hər zaman İlahi sevginin işıqlı yoluna çıxaranın məhz O olduğuna inanır.
Leylanın yaradıcılığı süjetli, çoxşaxəli, müəyyən mənada pritçavaridir. Bu mənada onun şeirlərində irihəcmli poemalara xas hekayə üslubu nəzərə çarpır. Eyni zamanda, müxtəlif səpkili mövzuların üzvi şəkildə bir-birilə vəhdət təşkil etdiyi və müəllifinin fərdi üslubunun bütöv mənzərəsini yaratdığı nəzərə çarpır.
“Свiт тане, як сон” kitabını əlinə alan hazırlıqsız oxucu, bəlkə də, səhifələrdə rastlaşdığı dərin sətiraltı mənaları dərhal anlamaya da bilər. Bunun səbəbi gənc şairin daxili aləminin klassik təmkinli üslubla açılması, əslində, hər şeiri ilə bizə Şekspirin əbədi “olum, ya ölüm” sualı ilə müraciət etməsidir.”

Qeyd edək ki, kitaba daxil edilmiş şeirləri bu mövzular üzrə təsnifatlaşdırmaq olar: “Sevgi”, “Vətən”, “Fəlsəfə”.
Nəfis tərtibatlı kitaba Leyla Əliyevanın rəsmləri xüsusi gözəllik verir.
Kitabın ukrain oxucuları tərəfindən rəğbətlə qarşılanacağı şübhəsizdir.