Fariz Əhmədov: “Beynəlxalq film festivalları Azərbaycan kinosunu xarici auditoriyaya çatdırmaq üçün böyük fürsətdir”

Rate this item
(0 votes)

Kinoprodüser, rejissor Fariz Əhmədovun müəllifi olduğu filmlər bir çox beynəlxalq festivalların qalibi olub. Rejissor özü də belə festivallarda münsiflər heyətinin üzvü kimi Azərbaycanı təmsil edir. Fariz Əhmədov avqustda keçirilən beynəlxalq festivalın münsiflər heyətinin sədri qismində çıxış edib. AzərTAC-a müsahibəsində rejissor Azərbaycan filmlərinin bu festivalda qazandığı uğurlar və ümumən belə kino tədbirlərində iştirakın önəmindən danışıb. Daycest bölümündə “Ədəbiyyat və incəsənət” həmin müsahibəni diqqətinizə çatdırır. 

 

- Bu yaxınlarda beynəlxalq festivalın münsiflər heyətinin sədri kimi çıxış etdiniz və başqa bir beynəlxalq festivalda münsiflər heyətinin üzvü olacaqsınız? Gəlin birincidən başlayaq. Bu hansı festival idi?

 

- Əvvəlcə onu bildirim ki, yenicə qayıtdığım festival 25-29 avqust tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən 4-cü Lendok Beynəlxalq Film Festivalı idi. Festival bədii və sənədli olmaqla iki bölmədən ibarətdir. Mən sənədli filmlər bölməsində münsiflər heyətinin rəhbəri idim. Bədii filmlər üzrə münsiflər heyətinin rəhbəri isə özbəkistanlı rejissor, ssenarist Əli Xamrayev olub. Festival proqramında Azərbaycan, Belarus, Qırğızıstan, Qazaxıstan, Moldova, Rusiya, Özbəkistan, İran, Tacikistan istehsalı olan filmlər iştirak edirdi. Mənim rəhbəri olduğum sənədli film nominasiyasında filmlər arasında təəssüf ki, Azərbaycandan film iştirak etmirdi.

 

- Bədii film kateqoriyasında filmlərimiz olub və siz uğurla geri qayıtmısınız. Filmlərimiz hansı uğurları əldə ediblər?

 

- Bədii bölmədə 3 filmlə təmsil olunurduq. Birinci film mənim də prodüseri olduğum “Mərmər soyuğu” filmi idi. Bu film artıq keçən ildən etibarən bir neçə festivalda uğur əldə edib. İctimai Televiziya, Azərbaycanfilm, Bakı Media Mərkəzi və Fransanın “Arizona” prodakşn şirkətinin birgə istehsalı olan filmin rejissoru Asif Rüstəmovdur. “Mərmər soyuğu” filmi festivalda münsiflər heyətinin “Ən yaxşı ortaq istehsal” adlı Xüsusi mükafatına layiq görüldü. Digər mükafat alan filmimiz “Çılpaq” adlanır. İctimai TV-də istehsal olunan filmin rejissoru Hikmət Rəhimovdur. Film festivalın “Ən yaxşı operator işi” mükafatına layiq görüldü. Filmin operatoru İman İmanovdur. Onu da təbrik edirik. Proqramdakı digər film isə Azərbaycanla Rusiyanın müştərək istehsalı idi. Azərbaycan tərəfdən filmin prodüseri “Narimanfilm”dir.

 

- Festivalda Azərbaycandan nümayəndə heyəti olaraq kimlər iştirak edirdi?

 

- Festival rəsmi və qeyri-rəsmi proqramdan ibarət idi. Rəsmi proqram çərçivəsində postsovet ölkələrində kino istehsalı ilə məşğul olan studiya rəhbərlərinin dövlət qurumları ilə görüşləri keçirilirdi. Bizdən “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov, rejissorlar Asif Rüstəmov, Hikmət Rəhimov və Rusiyada yaşayan həmyerlimiz, rejissor Rodion İsmayılov festivalın qonaqları arasında idilər.

 

- Artıq uzun müddətdir ki, həm filmlərinizlə iştirakçı kimi, həm də münsiflər heyətinin üzvü kimi müxtəlif beynəlxalq festivallarda iştirak edirsiniz. Festivalların əhəmiyyəti bizim üçün nədən ibarətdir?

 

- Əgər hər hansı bir rejissor film çəkirsə, onun birinci uğuru filmin daha çox tamaşaçı tərəfindən izlənilməsidir. Film bir baxışdır, bir dünya görüşüdür. Xüsusilə də rejissorun baxışıdır. Rejissor istəyər ki, çatdırmaq, demək istədiklərini tamaşaçı görsün və anlasın. Bu zaman tamaşaçı auditoriyasının əhəmiyyəti ortaya çıxır. Biz yerli auditoriyaya, öz tamaşaçılarımıza filmimizi nümayiş etdirdik. İstəyərik ki, daha doğrusu, vacibdir ki, xarici tamaşaçılar da bizim yerli filmləri izləsinlər. Ona görə də bacara bildiyimiz qədər filmlərimizi festivallara göndərməliyik. Bu, aksiomadır. Mütləq göndərməliyik. Çalışmalıyıq ki, festivallarda özümüz də maksimum dərəcədə iştirak edək. Birincisi, bu, rejissorun, prodüserin yeni tanışlıqları, bəlkə yeni iş imkanları, yeni kino bazarı əldə etmək və yeni layihəyə qoşulmaq şansıdır. Üstəlik, sənətdəki yeni tendensiyaları festivallardakı filmlər vasitəsilə müəyyən etmək mümkündür. Hər bir yeni şəxslə tanışlıq insanın dünya görüşünün artmasında rol oynayır. Sizə belə bir fakt deyim. Biz yaxşı ki, bu festivalda iştirak edirdik. 4-cü Lendok Beynəlxalq Film Festivalında paralel olaraq ortaq layihələrin maliyyələşdirilməsi ilə bağlı pitçinq bölməsi keçirildi. Təqdim olunan layihələr arasında provokativ bir layihə diqqətimizi cəlb etdi. Bu layihədə qəhrəman erməniəsilli bir şəxs idi. İlk olaraq “Azərbaycanfilm” kinostudiyasının rəhbəri Nazim Hüseynov elə pitçinq zamanı, proqramın münsiflər heyətinin önündə öz iradını bildirdi, layihə müəllifini bir növ susdurdu. Əlbəttə ki, layihə özünə dəstəkçi tapa bilmədi. Daha sonra isə biz həmin rejissorla söhbət apardıq. Ona başa saldıq ki, hər hansı bir mövzunu işləyəndə araşdırmaq lazımdır. Provokativ fikirləri, faktları dəqiqləşdirmədən filmə çevirmək olmaz. O rejissor da bizi başa düşdü. Yəqin ki, bundan sonra o tipli layihələr reallaşdırmayacaq. Yəni, demək istədiyim odur ki, bu da festivalda, əslində, bizim başqa bir uğurumuzdur. Bizim nümayəndə heyəti festivalın ən hörmətlə qarşılanan peşəkar heyəti idi. Hətta “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov Sankt-Peterburq şəhərinin Qanunverici Məclisi tərəfindən mədəniyyət və incəsənətin inkişafında şəxsi töhfəsinə, yüksək peşəkarlığına, uzun illər vicdanlı əməyinə və qazandığı uğurlara görə fəxri fərmanla təltif edildi.

 

- Bu uğurlara görə hər birinizi təbrik edirik. Kazan şəhərində iştirak edəcəyiniz festival barədə fikirlərinizi bilmək istəyərdik.

 

- Bəli, Kazan Beynəlxalq Film Festivalı artıq uzun müddətdir ki, keçirilir. Bölgənin ən uğurlu və prestijli festivallarındandır. Mən özüm festivalda filmlərimlə iştirak etmişəm, həm də qalib olmuşam. Bu dəfə münsiflər heyətinin üzvü kimi dəvət ediblər. Qeyd edim ki, Azərbaycandan, demək olar ki, hər il bu festivalda iştirak edən filmlərimiz olur və əksəriyyəti də qalib olaraq qayıdır. Bu ilin başqa bir özəlliyi də budur ki, “Azərbaycanfilm” kinostudiyasının təşəbbüsü ilə bu il Kazan film festivalı çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçiriləcək: həm fotosərgi, həm də film nümayişi nəzərdə tutulur. Ümumiyyətlə, bu festival regiondan əsas kino xadimlərini öz ətrafına toplayır.

 

- Maraqlı məlumatlar üçün təşəkkür edirik. Ümid edirik ki, filmlərimiz, kino xadimlərimiz daha çox festivallarda iştirak etsinlər, adlarını və bizim filmləri xarici tamaşaçılara çatdırsınlar.

 

- Mən də təşəkkür edirəm, sizin arzunuza qoşuluram.

 

“Ədəbiyyat və incəsənət”

(06.09.2023)