Böyük sosial bəla sayılan narkomaniya bütün cəmiyyətlərin faciəsidir

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib. 

 

Bu barədə AzərTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Akademiyanın rəisi Baba Salayev narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq bildirib ki, böyük sosial bəla sayılan narkomaniya bütün cəmiyyətlərin faciəsidir və bu problemə qarşı fəal mübarizə aparmaq hər bir vətəndaşın ən ümdə vəzifəsidir. Bu bəlanın əsasən gənclər arasında yayıldığına diqqəti çəkən Akademiya rəisi həmin problemin aradan qaldırılması üçün irimiqyaslı maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu diqqətə çatdırıb. O, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin, istərsə də narkomaniya əleyhinə aparılan maarifləndirmə tədbirlərinin bu gün aktual xarakter daşıdığını bildirib. Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nı xatırladan Baba Salayev vurğulayıb ki, bu sənəd sözügedən problemlə sistemli mübarizə aparılması baxımından mühüm əhəmiyyət daşıyır. Proqramdan irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi istiqamətində ciddi səylər göstərilir və atılan addımlar davamlı xarakter daşıyır.

Narkoloq-həkim Asif Kəngərli cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyanın yaratdığı təhlükələr və fəsadlar barədə geniş məlumat verib. Narkomaniyanın yayılmasına səbəb olan amillər, narkomaniyaya qarşı mübarizədə hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə işçilərinin qarşısında duran vəzifələrdən bəhs edib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(24.02.2023)